25 QHT ilə bağlı iş Avropa Məhkəməsində

Avropa İnsan Hüquqları Məhkəməsi

Avropa İnsan Hüquqları Məhkəməsi birləşmək azadlığının pozuntusu ilə bağlı Azərbaycandan bu quruma göndərilən 25 QHT-nin işi ilə bağlı kommunikasiyalara start verib.

Bu barədə keçmiş məhbus, hüquqşünas İntiqam Əliyev məlumat verib.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) hökumətə bu işlərlə bağlı müxtəlif suallar ətrafında mülahizələrini təqdim etməkdən ötrü 2017-ci il fevralın 6-na qədər vaxt verib.

21 iş üzrə şikayətçiləri İntiqam Əliyev, 2-si üzrə Yaşar Ağazadə, 1-i üzrə Azər Nağıyev, 1-i üzrə də Fariz Namazlı təmsil edir.

Şikayətlərdə, əsasən, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) və 11-ci (birləşmək azadlığı hüququ) maddələrinin pozuntusu qoyulur.

İ.Əliyevin apardığı işlərdə isə bu maddələrdən əlavə Konvensiyanın başqa maddələrinin pozuntusu da qaldırılır. Üstəlik, İ.Əliyevin həbsi zamanı onun evindən və ofisindən cinayət işi ilə bağlılığı olmayan məhkəmə sənədlərinin götürülməsi də şikayətçilərin hüquqlarının qorunmasına əsassız mane kimi qaldırılır.

Şikayətçilər arasında Mehman Əliyev, Mətanət Əzizova, Elçin Abdullayev, Rövşən Mahmudov, Azad İsazadə, Mehriban Vəzir, Xalid Kazımov, Samir İsmayılov və digər tanınmış simalar var.

Bu işlərdə şikayətçilər təsisçisi olduqları QHT-lərin qeydiyyatlarının Ədliyyə Nazirliyində əsasız olaraq yubadılması məsələsini önə sürürlər.

Avropa İnsan Hüquqları Məhkəməsi indiyə kimi Azərbaycana qarşı birləşmək hüququnun pozuntusu ilə bağlı 6 qərar verib. Qərarlardan 4-ü QHT-lərin qeydiyyatından imtina, ikisi isə QHT-lərin ləğvi ilə bağlıdır.

Bu il birləşmək hüququnun pozuntusu ilə bağlı daha 10-a yaxın şikayət üzrə kommunikasiya ya başa çatıb, ya da başa çatmaq üzrədir.