Yalnız 17 müəssisə özəlləşdirildi

Hərrac. 25 oktyabr 2016

Noyabrın 1-də Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlaklarının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçirib.

Budəfəki hərracda ümumilikdə 19 dövlət əmlakı özəlləşdirilib. Onlardan 1-i səhmdar cəmiyyət, 1-i nəqliyyat vasitəsi və 17-si kiçik dövlət müəssisi olub.

Hərraca 101 dövlət müəssisə və obyekti çıxarılıb. Bunlardan 23-ü açıq səhmdar cəmiyyətləri, 62-si kiçik dövlət müəssisə və obyekti, 16-sı da nəqliyyat vasitəsi idi.

Hərracda özəlləşdirilmiş 17 kiçik dövlət müəssisə və obyektindən 5-i paytaxtda, 2-si Sumqayıtda, 1-i Yevlaxda, 1-i Cəlilabadda, 2-si Şəkidə, 2-si Gəncədə, 1-i Kürdəmirdə, 1-i İsmayıllıda, 1-i Qobustanda, 1-i də Mingəçevirdə yerləşir. Bu əmlakların 4-ü ticarət obyekti olub. 10-u xidmət və ictimai iaşə, qalanları isə sənaye sahəsinə aid olub.

Hərracda ən yüksək qiymət paytaxtın Qaradağ və Sabunçu rayonlarında yerləşən obyektlərə təklif olunub. Bunlar Qaradağ rayonundakı 193.5 kv.m. sahəsi olan məişət evi və Sabunçu rayonunda yerləşən 91 saylı mağazadır. Hər iki daşınmaz əmlaka 20 min manat təklif olunub və özəlləşdirilib.

Növbəti belə hərrac noyabrın 8-də keçiriləcək. Həmin gün 77 dövlət müəssisə və obyekti öz alıcısını gözləyəcək.

Bu il yanvarın 18-də prezident İlham Əliyev geniş özəlləşdirmə proqramının hazırlanması tapşırığını verib.

Mayın 19-da isə prezident «Dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında» fərman imzalayıb.
Dövlət əmlakının özəlləşdirilməsi haqda birinci qanun 1995-ci ildə qəbul edilib.

2000-ci il avqustun 10-da isə prezident «Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı»nın təsdiqi haqda fərman imzalayıb.

1996-2015-ci illərdə Azərbaycanda 47 minədək (Naxçıvan Muxtar Respublikası nəzərə alınmadan) kiçik dövlət müəssisəsi və obyektin özəlləşdirildiyi bildirilir.

Bu il isə artıq buna qədər bir neçə hərrac keçirilib.