Vergilər Nazirliyi «Akkord» Sənaye Tikinti İnvestisiya Korporasiyasının törəmə müəssisəsi olan «Property Investments» MMC-nin direktoru Fariz İbrahimlinin adını ölkədən çıxışına qadağa qoyulanların siyahısına daxil edib.
Buna səbəb vergi borcunun vaxtında ödənilməməsidir. Vergi borcunun dəqiq məbləği açıqlanmır.
«Turan» agentliyinin xəbərinə görə, «Property Investments» 2015-ci ildə Bakıda tikilən 9 yaşayış kompleksinin qeyri-yaşayış sahələrinin idarə edilməsi məqsədilə yaradılıb.
Şirkətin məlumatına görə, onların ümumi sahəsi 77 min kv.metrdir. Bunlar yeraltı qarajlar, qeyri-yaşayış və anbar sahələridir.
F.İbrahimli Vergilər Nazirliyinin yasaq tətbiq etdiyi ilk «Akkord» səlahiyyətlisi deyil .
Nazirlik bundan əvvəl - sentyabrda «Akkord»un daha bir təmsilçisi–«Akkord Beton» MMC-nin direktoru Uğur Babayevin də ölkədən çıxmasına qadağa qoyub. Bundan sonra həmin şirkətin vergi borcunun azaldığı bildirilir.
Bu il oktyabrın 31-nə olan məlumata görə, 645 şirkətin rəhbərinin ölkədən çıxmasına qadağa qoyulub.