Prokurorluq: ‘Cahangir Hacıyev işi üzrə araşdırma davam edir’

Cahangir Hacıyev

Beynəlxalq Bankın 15 il azadlıqdan məhrum edilmiş sabiq rəhbəri Cahangir Hacıyevin işi ilə bağlı araşdırmalar davam edir.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib ki, sözügedən işin bəzi epizodlar üzrə geniş istintaq-əməliyyat tədbirləri aparılır.

E.Sultanov “Trend” Agentliyinin sorğusuna cavabında xatırladıb ki, məhkəmə hökmünə görə, C.Hacıyev 2001-2015-ci illərdə Beynəlxalq Bankın sədri vəzifəsində olarkən mütəşəkkil dəstə yaradıb.

Öz qulluq mövqeyindən sui-istifadə etməklə ona etibar edilmiş külli miqdarda özgə əmlakını talamaqla vəzifə saxtakarlığı törədib.

Buna da bax:​ Cahangir Hacıyev bəraət istəyir

C.Hacıyevin Maliyyə Nazirliyinə ittihamları

E.Sultanov bildirib ki, Maliyyə Nazirliyinin vəzifəli şəxslərinin qanun pozuntularına yol verməsi barədə C.Hacıyevin səsləndirdiyi ittihamların heç bir əsasının olmadığı müəyyən edilib.

Baş Prokurorluq rəsmisi əlavə edib ki, C.Hacıyev və digərləri Beynəlxalq Bankdan yüz milyonlarla vəsaiti çoxpilləli köçürmələr vasitəsilə xarici ölkələrdə bilavasitə özlərinin yaratdığı fərqli adlar altında olan hüquqi şəxslərə ötürüblər. Banka heç bir fayda gətirmədiyi bildirilən həmin vəsaitlərin müxtəlif layihələrə yönəldilməsi və mənimsənilməsi ilə bağlı epizodlar araşdırılır.

Prokurorluq araşdırmaların nəticəsi barədə açıqlama veriləcəyini də bildirir.

Buna da bax: 185 milyon manat Beynəlxalq Bankdan necə çıxıb?

Xatırlatma

Cahangir Hacıyev ötən il dekabrın 5-də Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs edilib. Onunla birgə daha 7 nəfər məhkəmə önünə çıxarılıb. Onlar mütəşəkkil dəstə kimi, bankın külli miqdarda vəsaitini mənimsəməkdə, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma və vəzifə saxtakarlığı kimi əməllərdə suçlanırdılar.

Cahangir Hacıyev mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə 15 il azadlıqdan məhrum edilib.

Buna da bax:​ Cahangir Hacıyevə 15 il həbs verildi

Cahangir Hacıyev ittihamları qəbul etmir. C. Hacıyevin fikrincə, həbsdən azad edilməli, ondan və digər təqsirləndirilən şəxslərdən üzr istənməlidir.

O, məhkəməsindəki çıxışında Maliyyə Nazirliyi rəhbərliyini 350 milyon manat mənimsəməkdə də ittiham etmişdi.

Beynəlxalq Bankın sabiq rəhbəri Ali Məhkəməyə hökmdən kassasiya şikayəti verib. O, məhkəmədən bəraət tələb edir.

Buna da bax:

Sizin brauzer HTML5-i dəstəkləmir

350 milyon manatı kim "yeyib"- Cahangir Hacıyev məhkəmədə nələr danışdı?