Təmas xəttində vəziyyət gərginləşib

Qarabağda erməni əsgər

Müdafiə Nazirliyi noyabrın 2-si atəşkəs açıqlamasından əlavə cəbhədə vəziyyətin gərginləşməsinə dair məlumat yayıb.

Məlumatda qeyd edilir ki, noyabrın 2-nə keçən gecə erməni silahlı bölmələri Azərbaycan ordusunun cəbhənin şimal-qərb istiqamətində yerləşən bölmələrini 60 millimetrlik minaatanlardan və iriçaplı pulemyotlardan yenə də intensiv atəşə tutub.

«Bildiririk ki, qoşunların təmas xəttində vəziyyətin məqsədyönlü şəkildə gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın kriminal hərbi-siyasi rejiminin üzərinə düşür»,-deyə məlumatda qeyd edilir.

+++

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 26 dəfə pozublar.

Bu zaman 60 millimetrlik minaatanlardan, qumbaraatanlardan və iriçaplı pulemyotlardan da istifadə edildiyi bildirilir.

Məlumatda qeyd edilir ki, Ermənistanın İcevan rayonundan Qazax rayonunun Qızılhacılı kəndi atəşə tutulub.

Bundan başqa, işğal altında olan Tərtər rayonunun Göyarx, Ağdam rayonunun Qaraqaşlı kəndləri yaxınlığında və Goranboy rayonu istiqamətlərində Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri hədəf seçilib.

Bu il aprelin 2-dən 5-nə kimi Qarabağ cəbhəsində baş verən hərbi əməliyyatlarda hər iki tərəf onlarla itki verib. Bundan sonra ATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistan rəhbərliyinin görüşünü təşkil edib. Bu il mayın 16-da Vyanada keçirilən görüşdən sonra cəbhədə böyük hərbi əməliyyatlar dayanıb. Ancaq yenə tərəflər bir-birini atəşkəs pozuntusunda ittiham edir. Son günlər isə cəbhədə iri silahların da işə düşdüyü bildirilir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.