Türk yazıçısı Oxu Zalına danışır: Məncə Türkiyəni yaxşı şeylər gözləməlidir

Turkish author Burhan Sonmez.

-

Türk yazıçısı Burhan Sönmez Ankara ətrafında Haymana qəsəbəsində doğulub. İxtisasca hüquqşünas olan yazıçı uzun müddətdir jurnalistika və ədəbiyyatla məşğul olur. Yazıçının indiyə qədər üç romanı və bir tərcümə kitabı çıxıb. Onun "Məsumlar" romanı 2011-ci ildə Türkiyə bestselleri olub. O indi həm İngiltərədə həm də Türkiyədə yaşayır. Burhan Sönmez Oxu Zalına Türkiyədə son baş verən hadisələr, "kürd məsələsi" və s. mövzularda danışır.

- Burhan bəy, Azərbaycan oxucuları size 2015-ci ildə bu ölkədə yayımlanmış “Məsumlar” romanınızdan tanıyır. Kitabınızı azərbaycanca tərcümə etdirdiyinizdən görünür ki, bu ölkədən xəbərdarsınız. Bəs Azərbaycan cəmiyyəti və ədəbiyyatı ilə bağlı düşüncələriniz nələrdir?

Burhan Sönməzin Azərbaycanca çıxmış kitabı "Məsumlar".

- Türkiyədə Azərbaycan cəmiyyəti yaxşı tanınır, amma desəm ki, azərbaycan ədəbiyyatı da o dərəcədə tanınır yalan olar. Xüsusilə İngiltərədə yaşadığım illərdə azərbaycanlılarla tanış olmaq imkanım oldum. Türkiyədə Azərbaycanı əsasən mədəniyyətindən tanıyırdımsan, İngiltərədə Azərbaycan insanını tanıdım.

Buna da bax: Türkiyədə qapadılan ədəbiyyat jurnalı: "Susmuruq. Siz də susmayın"

- Bu günlərd türk ədəbiyyatı üçün çətin günlərdir. Bir yandan türk yazıçıları Necmiye Alpay, Aslı Erdoğan, Ahmet və Mehmet Altan qardaşları kimi tanınmış yazıçılar həbs olunub, digər tərəfdən 25 ildir çap olunan ədəbiyyat jurnalı “Evrensel kültür” qapadılıb. Ancaq bütün bu başverənlər heç də bütün türk yazıçıları etirazını bildirmir, bəziləri susmağa üstünlük verir. Bəs siz vəziyyəti necə şərh edərdiniz?

Biz yazıçıların haqqlarımıza və azadlıqlarımıza sahib çıxa bilmək üçün sözümüzdən başqa nəyimiz var?

- Türkiyə təzyiqlərin yeni fazasına keçir. Ölkəmizin əlli ili belə dövrlərlə doludur. İqtidarlar fikir azadlığı və insan haqqlarına hörmət etməyir, ziyalılar isə bunu tənqid edir. Biz yazıçıların haqqlarımıza və azadlıqlarımıza sahib çıxa bilmək üçün sözümüzdən başqa nəyimiz var? Buna görə sözümüzə, ədəbiyyata sahib çıxmağa çalışırıq.

- Əvvəllər azərbaycan müxalifəti demokratiya, mətbuat azadlığı, insan haqqları sahəsində vəziyyətlə bağlı hökümətə Türkiyəni nümunə göstərirdi, Türkiyənin vəziyyəti azərbaycan demokratları üçün ümüd yeri idi. İndi isə Türkiyənin get-gedə Azərbaycana bənzədiyini, Azərbaycanda insan haqqlarına qarşı edilən hər bir hərəkətin özünü gözlətmədən Türkiyədə də təkrarlandığını deyirlər. Sizcə Türkiyə niyə demokratik qonşularından nümunə götürmür?

- Bunun səbəbi iqtidarın üfüqünün dar olmasıdır. Onlar xalqın xoşbəxtliyinin yerinə, öz dar ideologiya və siyasətlərini əsas götürürlər. Buna görə də təzyiqlərə əl atırlar. Ancaq təzyiqlər kimə xoşbəxtlik gətirə bilər ki...

- Bir neçə ay öncə xarici mediyaya müsahibənizdə Türkiyə hökümətinin növbəti hədəfinin solçu, liberal təşkilatlar, siyasi partiyalar, qəzet və jurnallar olduğunu demişdiniz və bu günlərdə Cumhuriyyət qəzetinə olan hücumla, bir çox qəzetin bağlanmasıyla dedikləriniz gerçəkləşməyə başlatır. Azərbaycanda insanlar bir-birindən Türkiyənin axırının necə olacağı ilə bağlı soruşur, narahatlıq keçirir. Bəs, sizcə Türkiyənin axırı necə olacaq?

Məncə Türkiyəni yaxşı şeylər gözləməlidir. Amma üfüqdə ondan əsər-əlamət yoxdur.

- Məncə Türkiyəni yaxşı şeylər gözləməlidir. Amma üfüqdə ondan əsər-əlamət yoxdur. İqtidar sahibləri hər yeri talan edən istismar sistemi qurublar və rejimi əldə saxlamaq üçün dinlə zorakılıqdan istifadə edirlər.

- “Məsumlar” romanınızın baş qəhramanı Haymana obasından olan Brani Tawo adlı kürtdür. Romanı oxuyanda orda baş verən hadisələrin sizin öz həyatınıza çox bənzədiyini demək çətin olmur. Sizin yazılarınzıda “kürd məsələsi” tez-tez ortaya çıxır. Məlumat üçün deyim ki, Azərbaycanda da kürdlər yaşayır və indiyədək onlarla hər hansı problem yaşandığı bilinmir. Bəs Türkiyədə kürdlərlə bağlı məsələ niyə həll oluna bilmir və ədəbiyyat bu məsələnin həllində necə bir rola sahibdir?

Türk dövləti kürdlərin dilini qadağan etməsə, onların milli kimliyini inkar etməsə, siyasi problemlər asanlıqla həll oluna bilər.

- Türkiyədə də türklərlə kürdlər birlikdə xoşbəxt yaşayır və yaşaya da bilər. Kürdlərlə bağlı problemi yaradan xalqlar deyil, dövlətlərdir. Dövlət kürdlərin dilini qadağan etməsə, onların milli kimliyini inkar etməsə, siyasi problemlər asanlıqla həll oluna bilər. Bu gün artıq qanlı qırğın fazasına keçmiş kürd məsələsinin bir həll yolu qalıb o da sülhdür. Yoxsa bu məsələdə qalib ancaq müharibə baronları olacaq, xalqlar deyil. Ədəbiyyat, hər səsi gözəlləşdirən, hər rəngə güc verə bilən bir dünyadır, orada türk, kürt, azərbaycanlı, ərəb, alman, hər kəs birdir, bərabərdir. Çünki insan ruhu birdir.

Buna da bax: Burhan Sönmez: Türkiyədə iki şər qüvvə toqquşub

- “İstanbul İstanbul” romanınız Türkiyə həbsxanalarında işgəncəyə məruz qalan məhbuslardan bəhs edir. Bildiyim qədəriylə Türkiyədə xüsusilə siyasi ittihamlardan həbs olunanların çoxu işgəncələrdən keçir. Eyni şeylərin azərbaycanlı siyasi məhbusların da yaşadığı haqda tez-tez danışılır. Bəs sizcə bununla effektiv mübarizə mümkündürmü. Ya da işgəncədən bəhs edən əsərlər bu problemin həllinə necə yardım edə bilir?

Burhan Sönməzin Türkiyə həbsxanalarında işgəncədən bəhs edən kitabı "İstanbul İstanbul".

- Bu mövzularda əsərlər yazmaqla məsələ həll olunmaz. Amma yazmaq məlumatları çoxaldır, insanların üfiqini genişləndirir, daha yaxşı dünyaların xəyallarını bəsləyir. İşgəncənin aradan qaldırılması üçün siyasətin demokratikləşməsi, dövlətdən xeyir güdmə və istismarın dayandırması lazımdır. Məhz bu səbəblərdən “demokratiya-azadlıq-bərabərlik” kimi anlayılşar bu gün çox böyük əhəmiyyət qazanıb.