Erdoğan Trump-a zəng edib

R.T.Erdoğan

R.T.Erdoğan

Donald Trump-ın qələbəsinə dünyanın hər yerindən müxtəlif reaksiyalar gəlməkdədir.

Türkiyənin prezidenti Recep Tayyip Erdoğan da Trump-ı prezident seçilməsi münasibətilə təbrik edib. Ankaranın verdiyi məlumata görə, onlar telefonda münasibətləri inkişaf etdirmək, terrorla birgə mübarizə aparmaq barədə danışıblar.

Ankarada çıxışında isə Erdoğan Trump-ın seçilməsiylə ABŞ –Türkiyə münasibətlərində yeni eranın başladığını bildirib.

Seçki kampaniyası zamanı D.Trump ABŞ-ın Obama dövrü yürütdüyü Yaxın Şərq siyasətini tamamilə dəyişəcəyinə söz verib.

Türkiyənin baş naziri Binali Yıldırım deyib ki, Trump administrasiyası Fethullah Gülen-i Türkiyəyə versə, onların münasibətlərində yeni səhifə açılacaq.

Təkcə Gülen-in təhvil verilməməsi deyil, Türkiyənin İraq və Suriyada İŞİD-ə qarşı əməliyyatlardan uzaqlaşdırılması da Ankarayla Vaşinqtonun münasibətlərini soyudub.

Avropa Birliyinin reaksiyası bir qədər

ehtiyatlı olub. Birliyin xarici siyasət idarəsinin rəhbəri Federica Mogherini deyib ki, AB ABŞ-la birgə işləməyə davam edəcək.

AB rəsmiləri və diplomatlar bildiriblər ki, Trump administrasiyası beynəlxalq öhdəliklərindən çəkinsə, Avropa öz daxili əməkdaşlığını gücləndirməli olacaq.

Britaniyanın baş naziri Theresa May ABŞ və Britaniya arasında davamlı və xüsusi münasibətlərin olduğu kimi qalacağını söyləyib.

Almaniya kansleri Angela Merkel Trump-a trans-Atlantik dəyərlərə əsaslanan «sıx əməkdaşlıq» təklif edib.

İran prezidenti Hassan Rouhani isə Trump-ın nüvə razılaşmasını poza bilməyəcəyini deyib. D.Trump İrana qarşı sanksiyaların götürülməsini nəzərdə tutan razılaşmanın dəhşətli olduğunu demiş, hakimiyyətə gəlsə, birinci bu sənədi ləğv edəcəyinə söz vermişdi.

İran prezidenti bildirib ki, İranla bağlı beynəlxalq müqavilə bir neçə ölkə tərəfindən razılaşdırılıb, BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənib, onu ləğv etmək bir dövlətin işi deyil.