«İqtisadi vəziyyətlə bağlı gənclər arasında işsizlik göstəricisi artır».
«Turan» agentliyinin xəbərinə görə, noyabrın 11-i Bakıda insan resurslarının idarə edilməsi üzrə ikinci forumdakı çıxışında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev belə deyib.
Onun bildirməsinə görə, noyabrın 1-dək məşğulluq orqanlarına işə düzəlməkdən ötrü 190 min nəfər müraciət edib.
«53 min nəfər işlə təmin edilib, 11 min işsiz statusu alıb. Gənclər arasında işsizlər daha çoxdur – rəsmi məlumata görə, ilin əvvəli üçün gənclərin 13.5 faizi işsiz olub. İqtisadi vəziyyətlə bağlı bu rəqəm artır», - deyə o bildirib.
Nazir müavininin deməsinə görə, yanvardan 339.2 min əmək müqaviləsi bağlanılıb, 312.6 min müqavilə ləğv edilib. Tikinti sektorunda 4 min, maliyyə sektorunda 2.7 min nəfər ixtisara düşüb.
Sentyabrın əvvəlində əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov demişdi ki, Azərbaycanda gənclər arasında işsizlik səviyyəsi 9.7 faizdir.
Nazir Azərbaycanın bu seqmentdə BMT-nin rəyinə görə, ilk onluqda olduğunu bildirmişdi.
Ekspertlərinin fikrincə, ölkədə işsizlik səviyyəsi, xüsusən, kənd yerlərində yaşayanlar arasında daha yüksəkdir. Dövlət Statistika Komitəsi kənddə yaşayanları işləyən kimi qeyd edir. Ancaq, əslində, onlar əməkhaqqı almırlar.