“Analoqsuz” imitasiya və ya “kitayski” ömür...

Yazıçı Rövşən Yerfi.

"Daim birinciliyi ilə qürrələnən kanalda isə teleulduza dönmüş tanınmış məmur ağzı köpüklənə-köpüklənə ölkədəki analoqu olmayan inkişafdan, yüz minlərlə açılan yeni iş yerlərindən, qonşu ölkələrdəkindən üstün kütləvi rifahdan danışırdı..."

Rövşən Yerfi

“Analoqsuz” imitasiya və ya “kitayski” ömür...

(hekayə)

Səhər erkəndən bir yerlisinin zəngindən eşitdiyi pis xəbər kefini pozmuşdu. Həmkəndlisi Səməd ötən gecə rəhmətə getmişdi. İllərlə çəkdiyi yaşamaq əzablarına daha dözməyib intihar etmişdi.

“Hə, həyatdır da, bu gün varsan, sabah yox”... Hər dəfə tanıdığı adamın ölüm xəbəri eşidəndə belə düşünərdi. Ona elə gələrdi ki, belə xəbərlər ölümü hər dəfə ona da bir addım yaxınlaşdırır. Səməd elə də çox qoca deyildi. Yaşı altımış beş ya olardı, ya da olmazdı. Ayağını altına yığan, dincələn çağı idi, Allah onu həmişəlik dincəlməyə apardı.

Səmədi axırıncı dəfə üç ay əvvəl bir qohumunun yasında görmüşdü. Uzaqdan uzağa başlarını tərpədib salamlaşmışdılar. Kim o zaman deyə bilərdi ki, Səmədin üç ayı qalıb? Lap elə bu gün də kimin nə qədər ayı qaldığını bilən varmı?..

Buna da bax: 'Evində yatmaq istəyirsənsə, ayda 100 gətir'

Nədənsə uşaqlığından xatirinə həkk edilən kiçik epizodlardan biri də Səmədin toyu ilə bağlı idi. Otuz beş il qabaq olan toyun üstündən sanki, çox yox, beş il keçmişdi. O vaxtlarda toy üç gün çəkərdi. Sonuncu gün nahardan sonra mağarda, bər-bəzəkli xonçaların əhatəsində toyun bəyini əyləşdirib bəy tərifinə başlayardılar. Yayın axırları olmasına baxmayaraq, hava qəfildən soyumuşdu. Yay geyimində, bəy paltarında xalça önündəki bəy stolunda oturan Səmədin canına üşütmə düşdüyündən tir-tir əsirdi. Yanındakı sağdışı, solduşu onu birtəhər qızındırmaqla titrəməsini ört-basdır etməyə çalışırdılar. Amma Səmədin üşüməsi tay-tuşlarının gözündən qaçmadığından kənardan ona söz atmağa başlamışdılar:

- Bu indidən belə əsir, axşam işi çətin olacaq...

- “Peçi istiləşənəcəndi”, qızdımı, əsməsi dayanacaq...

Axşamüstü yaxınlıqdakı məhəllədən Səmədə gəlin gətirdilər. Uşaqlara qoşulub o da Səmədgilin evinə yol alan gəlin maşınının ardınca qaçmışdı, gəlinin arxasınca ağlayanlara baxıb onun da gözləri yaşarmışdı.

Səmədlə nə qohumluğu, nə də hansısa yaxınlığı yox idi, adicə həmkəndlisi idi. Şəhərin o başındakı uzaq qəsəbədə yaşayırdı. Ora gedənəcən üç ya dörd avtobus marşurutunu dəyişməli idi. Əlbəttə, özünü dəfnə çatdırmağı yaxşı olardı. Camaat içində görsənərdi, aylarla görüşə bilməyən adamlarla görüşüb hal-əhval tutardı. Gəl ki, gedib kimə baş sağlığı verəcəkdi? Səmədin atası, qardaşlarından qalanı yox idi, hamısı rəhmətə getmişdi. Uşaqlarını da tanımırdı. Bir vəzifədə olan qohumu-filanı da yox idi.

Belə vəziyyətlərdə həmişə yadına bir məsəl düşürdü. Xəbər yayılır ki, filan yerdə bəyin nökəri ölüb. Digər yerlərin bəyləri yığışaraq gedib bəyə baş sağlığı verməyi qərara alırlar. Deyirlər, getməsək, bəydən ayıbdı. Yola düşürlər. Yolun yarısında xəbər tuturlar ki, demə ölən nökər yox, bəyin özü imiş. Tez yoldan dönüb geri qayıdırlar. Deyirlər, daha bəy ölübsə hara gedirik, nökərə baş sağlığı verməyəmi?..

Qısası, üzbəüz gələndə utanılası bir adam yox idi. Qalırdı bir Səməd, Səmədlə də Qiyamət günü qaçhaqaçda çətin ki, üzbəüz gələ...

Şübhəsiz günlərin birində dünyadan köçəndə onun üçün də belə fikirləşənlər olacaqdı. Dünya ona da borclu qalmayacaqdı...

Cibində pulunun az olduğu vaxtda tək yola çıxmağa heç həvəsi gəlmirdi. Bəlkə, yasa maşını olan birisinə qoşulub getsin? İki yerlisinə zəng vurdu, işləri olduğuna görə gedəni olmadı. Görünür başqaları da onun kimi düşündüklərindən öz işlərini daha vacib sayırdılar.

Neynəsinlər, qınamalı deyildi. Öləndə də gərək şənbə, bazar günləri öləsən ki işləyən adamlar üçün də narahatlıq yaratmayasan. Kim razı olar çörəyini azaltsın, işin tapılmadığı indiki çətin dövrdə işini itirsin, sonra da axtara-axtara qalsın...

Buna da bax: "Cibə, evə narkotik atmaqla həbs etmək mənəvi iflasdan xəbər verir"

Necə ki, o, əvvəlki işindən xəstəliyinə görə təqaüdə çıxandan bəri neçə illər idi özünə ən adi bir iş tapa bilmirdi. Hara müraciət edirdi ya yaşlılığını, ya da ixtisasını bəhanə edib razılıq vermirdilər. Kömək edəcəklərinə ümidi olan keçmiş dostları, qohumları da yararsız, etibarsız çıxmışdılar. İş haqqında danışmamaqdan ötrü onunla görüşməkdən qaçınırdılar, qarşılaşanda isə bığlarının ağarmasından, saçının tökülməsindən bilərəkdən söz sala, dilxoşluq edərək çəkindikləri mövzudan yayınmaq istəyirdilər. Üzə salıb kabinetinə getdiyi keçmiş dostu isə belə demişdi:

- İngilis və rus dilini bilsən sənə iş taparam.

Qayıdıb ona deməyə üzü gəlməmişdi ki, guya sən bu dillərdən bircəsini bilirsən? Bəhanə etdiyini anlayaraq dostunun xətrinə dəyməmək üçün susmuşdu.

Daha yaşı əllini keçdiyindən bundan sonra hər hansı ortabab iş tapacağına da ümidi qalmamışdı. Adamsız, rüşvətsiz, öz gücünə nəsə əldə edə bilməyəcəkdi.

Gözünə neçə gündür televizorun üstündə gözdağı olan toy dəvətnaməsi sataşdı. Uzaq qohumlarından biri gələn həftəyə toya dəvət etmişdi. Hansı pulla gedəcəkdi, özü də bilmirdi. Çünki, ayın sonuna alacağı təqaüdü artıq nisyələrlə “xərcləmişdi”. Kiməsə gərək üz vurub borc götürməliydi. İndiki dövrdə borc verən də olmurdu. Nə etsin, olmaya toya getməsin? Eybi yox, hərbi xidmətdə olan oğluna nə vaxtsa toy edəndə o qohumu da gəlməz...

İş barəsində kimdənsə dəstək gözləməyə dəyməzdi, insanların xasiyyəti dəyişmişdi. İndi məmurdan başlamış sahibkaradək hər kəs imkanı çatdıqca yalnız talamaq məqsədi ilə çalışır, təkcə öz qazancına görə narahatlıq keçirirdi. Eh.., deyəsən ömrünün qalanını da bu güzəranda, daimi ehtiyac içində yola verməli olacaqdı... İstədi görəndə qanının qaralmaması üçün dəvətnaməni cırıb harasa tullasın. Ürəyi gəlmədi, hələlik televizorun görünməyən arxa tərəfinə atdı. Fikrini qarışdırmaq məqsədi ilə televizorun düyməsini basdı. İş günü təzə başlasa da telekanalların böyük əksəriyyətində şadyanalıq, çal-çağır idi. Haqq verib oxumaqlarını reklam edənlər xalqının “xoşbəxt gününə” qol açıb oynamağındaydılar. Daim birinciliyi ilə qürrələnən kanalda isə teleulduza dönmüş tanınmış məmur ağzı köpüklənə-köpüklənə ölkədəki analoqu olmayan inkişafdan, yüz minlərlə açılan yeni iş yerlərindən, qonşu ölkələrdəkindən üstün kütləvi rifahdan danışırdı...

Buna da bax: Ömrümüzü “yeyən” lotular

Bekarçılıqdan çıxışçını dinlədikcə ekrandan yayılan huşyar edici illüziya onu da xeyli duyğulandırmışdı. Düşündükcə bu köpük kimi içi boş, parıltılı qabarcıqlara bənzəyən illüziyanın təsirindən, o, özünü elə bil, qeyri-müəyyənlikdə, çəkisizlikdə hiss edirdi: nə tox deyildi, nə də ac, nə xeyirə getməyə imkanı yox idi, nə də şərə – heç birində var ola bilmirdi, həm mövcud idi, həm də yox kimiydi...

Həqiqətdə isə dolanışıq qiymətləri bahalaşdıqca aybaaydan borcları da çoxalırdı, Təqaüdünün artması yenə gələn seçkilərə qalmışdı.

İllüziyadan ayrılıb öz-özünə düşündü: bu yaşamaqdımı?.. Əslində isə bu - sabahları xoş ümidlərlə gözləyən və “yüksək tərəqqi” şəraitində onun sayağı milyonların yaşadığı “analoqsuz” həyat imitasiyası idi. Necə deyərlər, bir çox malların olduğu kimi ömrün də“kitayski” surəti... “Hə.., – o, qəmginliklə razılaşdı, - saxta hər zaman bivec olur, nəliyindən, kimliyindən asılı olmayaraq... Nə etmək, - ailəsini düşündü, - imitasiyanı davam etdirmək lazımdır. “

Digər “birinci” kanalda ötən sutka ərzində “kitayski” ömürə dözməyənlərin növbəti intiharları göstərilirdi...

2014