Hərraca çıxarılan 73 əmlakdan 18-i satılıb

Hərrac

Noyabrın 15-də Əmlak Məsələləri Dövlət Komitəsinin keçirdiyi hərraca çıxarılan əmlakların yalnız 18-i özəlləşdirilib. Komitədən verilən məlumata görə, hərraca çıxarılan 73 dövlət əmlakından yalnız 18-i sahibini tapa bilib. Bunun 12-si istifadəsiz qeyri-yaşayış sahəsi, 2-si kiçik dövlət müəssisəsi, 3-ü səhmdar cəmiyyəti, 1-i isə nəqliyyat vasitəsi olub.

Hərrac nəticəsində dövlət büdcəsinə 1.2 milyon manatdan çox vəsait köçürüləcək.

OBYEKT 18 MİN MANATDAN 45 MİN MANATA QALXIB

Hərracda satılmış istifadəsiz qeyri-yaşayış sahələrinin hamısı paytaxtda yerləşir. Bakı şəhəri Nəsimi rayonunda yerləşən və ilkin qiyməti 18 min manat olan qeyri-yaşayış sahəsi rəqabət nəticəsində 45 min manata satılıb. Paytaxtın Nərimanov rayonunda yerləşən digər qeyri-yaşayış sahəsi isə 12 min manata təklif olunduğu halda 12 min 500 manata özəlləşdirilib.

Hərracda satılmış 2 kiçik dövlət müəssisəsinin biri Bakıda, digəri isə Mingəçevirdə yerləşir.

Hərracda özəlləşdirilmiş «İmişli Pambıq» və «Neftçala Pambıq» səhmdar cəmiyyətləri ölkədə hazırda aktual olan pambıqçılıq sahəsinin inkişafı üçün perspektivli iri müəssisələr sayılır. Özəlləşdirilmiş digər iri müəssisə isə «Olefin» Elmi-Tədqiqat və İstehsalat Mərkəzi olub.

Növbəti hərrac noyabrın 22-də keçiriləcək. 78 dövlət müəssisəsi və obyekti özəlləşməyə çıxarılacaq.