Çingiz Hüseynov: '70-ci illərində mən – qəhramanım Mirzə Fətəli kimi – ateist idim'

Yazıçı Çingiz Hüseynov.

Çingiz Hüseynov: "Və etiraf etməliyəm ki, imperator Birinci Nikolayla faytonda oturan Fətəli yox, mən özüm idim, bağışladım yuxumu qəhrəmanıma; Mirzə Şəfiyə bağlı Bodenştedt Fətəlinin deyil, mənim yuxuma girmişdi..."

Çingiz Hüseynovun "Fətəli fəthi" romanının üz qabığı.

İsraildə yaşayan azərbaycanlı yazıçı Çingiz Hüseynov Seymur Baycanın onun "Fətəli fəthi" romanı haqda açıq məktubuna cavab olaraq Oxu Zalına məktub yollayıb. Xatırladaq ki, Seymur Baycan Çingiz Hüseynovun Sovet dönəmində Mirzə Fətəli Axundazadə haqda yazdığı romanında Mirzə Fətəlini dinsiz və islamın tənqidçisi kimi təqdim etməkdə, sovet dönəmindən sonra isə Mirzə Fətəlinin inanclı biri olduğunu iddia etməkdə suçlayırdı.

Çingiz Hüseynov məktubunda yazır:

1.

Həqiqətən, keçən əsrin 70-ci illərində romanı yazanda mən – qəhramanım kimi – ateist idim, yəni nəinki islamı, hətta digər dinlərı də, M.-F. demişkən “bütün dinləri puç və əfsanə” sayır, dinləri tam mənada gerilik, avamlıq əlaməti kimi rədd edirdim və təbii ki, qəhramanımın yazılarına arxalanaraq, onun inancsızlığını təsdiq etdim.

Buna da bax: Seymur Baycan Çingiz Hüseynovdan soruşur: 'Mirzə Fətəli haqda hansı yazdığınıza inanaq'

Quranı və Bibliya tərkibindəki Tavrat-İncili (xüsusən Tavratı) oxuyandan sonra dinlərə olan münasibətim bir qədər mürəkkəbləşdi, kitabların mətni, çox vaxt dini qaydalardan uzaq bədii süjetləri, poetik üslübları, fəlsəfi-etik məzmunu məni valeh etməyə başladı.

Sırf dinə aid kəlamları, qanun-tələbatları bir növ kənar edib, heç də nəzərə almayıb bu dinlərə bağlı kitabları bəşər abidə-sivilizasiya mətnləri-yazıları, bədii estetik əsərləri kimi yüksək dərəcədə qiymətləndirdim, qəbul etdim, indi də bu fikirdəyəm.

Sovetlər dövrünün sonunda milli münaqişələr-toqquşmalar-müharibələr başlayanda erməni avantüristləri Siyasi Büroya müraciətlərinin birində elan etdilər ki, avam müsəlman barbarları (yəni biz, azərbaycanlılar) mütərəqqi-proqressiv xristianları (yəni erməniləri) qırır, qoruyun-xilas edin bizi və sairə.

Oxuduğum-eşitdiyim bu çağıriş məni hiddətləndirdi, elə bildim ki, nəinki ümumdünya sivilizasiyası tərkibində olan islam mədəniyyətini, hətta dindar (və müdrik!) nənəmi təhqir etdilər... - dərhal məndə, yadımdadır, Məhəmməd peyğəmbər haqqında roman yazmaq fikri oyandı.

O da yadımdadır ki, məqsədim peyğəmbərliyin İlahi tərəfindən vəhy olunma yollarını (sivil aləm sirr dolu bu möcüzəni “ilham” adlandırır), peyğəmbərliyin yaranma prosesini, yəni nədən, nə kimi çağırışlardan başlandığını izləmək istəyirdim.

Quranı bir daha oxuyub dərk etməyə başladım və tez bir zamanda gördüm ki, Quranin quruluşuna, surələr-ayələr sırasınainsan əli dəyib, bilərəkdənmi, qəsdənmi, təcrübəsizlikdənmi... - amma onların ardıcılığı pozulub, mətn dolaşıq-qarışıqdır, əvvəli-axırı bəlli deyil, peyğəmbərliyin, dinin canını təşkil edən tarixi-fəlsəfi-şairanə və qısa olan ilk Məkkə ayələrı və sonralar nazilolan qanunveriçi Mədinə ayələri yerlərini dəyişib, yəni formal prinsip üzrə suralər-ayələr məzmunca-məntiqlə deyil, uzundan qısaya doğru düzülmüşdür.

Və beləliklə İlahinin kəlamlarını oxuyub dərk etmək mürəkkəbləşıb, çətinləşib və beləliklə Quranın qapıları adi, sıravi oxucular üçün bağlanıb, odur ki, “izahatçıların” qulu olublar, tez bir zamanda Quranın mətni ilə izahatı arasında ciddi ziddiyətlər yaranıb: Quranın dedikləri – başqa, dərki – başqa! Və təhlil çox vaxt İlahinin dediklərinə uyqun deyil, hətta ziddir.

Romanı yarımçıq qoyub yazı prosesində məni yoran Qurandakı qarma-qarışılığı aşkar etməyə, Quranın mətnini onun əsrlər boyu dəyişməyən yanlış izahatlarıni araşdirmağa başladım. Mətn – və onun mətndən uzaq təhlili!.. Hər addımımda yeni təhriflərlə rastlaşanda görürdüm: Quranlamüasir islam arasında dərin uçurum vardır.

Alim-qurançıların əsərlərinə arxalanaraq (minnətdaram onlara!) Quran surələrin ardıcıllığını bərpa etməyə başladım və bunun nəticəsi olaraq mənim üçün çox vacib olan bir kitab yarandı. Yox, “yarandı” demək azdır: rəsmi mətndən fərqli (amma Quranin kəlamlarına, vergülünə-nöqtəsinə belə toxunmadım!) tamamilə başqa kitab alındı!.. Və bu kitabı ətraflı izahatlar-qeydlərimlə bərabər Moskvada, rus dilində (təəssüf ki, bizin dildə deyil), «Три квадрата» nəşriyyatında çap etdim: “Quran surələrinin peyğəmbərə göndərilən ardıcıllıqla düzülüşü” (Ибн Гасан. «Суры Корана, ниспосланные пророку и расставленные в хронолoгическом порядке»).2002, 496 s., 1000 nüsxə (rəsmi müsəlman idarələri bu kitabı, təbii ki, qəti qəbul etmədilər).

Demə, Quranda məntiq varmış! Asan dərk olunan mənaları varmış! Demə, nə məqsədlə insanlara göndərildiyi Quranın mətnində açıq-aşkar deyilmişdir!..

Və təzədən romanıma dönüb onu tamamladım, rus dilində çap olundu (Moskvada “Vaqrius” nəşriyyatında, “Не дать воде пролиться из опрокинутого кувшина”, 2003, 512 s., həm də Bakıda, yeni redaktəmdə, əlavələrlə “Meрадж” adı ilə “Qanun” nəşriyyatında, 2008, 564 s.)

Buna da bax: Çingiz Hüseynovun "Fətəli fəthi" romanı elektron variantda (Oxu)

Qısaca olaraq Quranın əsas ideyaları (məktubumu bol-bol təsdiqedici sitatlarla uzatmaq-şişdirmək istəmirəm) bunlardır:

İlahinin vəhdaniyyəti - büdpərəstlər aləmini-dünyasını (geniş mənada!), yəhudilərlə birgə “semitlər” ailəsinə mənsub ərəbləri vahid İlahiyə doğru yönəlmək, çağırmaq, “ibrahimçi dinlərin” («авраамические религии»), iudey və xristianların yoluna salmaq;

Quran yəhudilərin, Musa-Moiseyə və İsa-İsusa nazil olunan səmavi kitabların, Tavrat-İncil-Zəburun (bu kitabların adları dəfələrlə çəkilir) ardıdır, onlardan doğur, onları davam edir, onların yekunudur;

Məhəmməd İlahinin yeganə peyğəmbəri deyil, əvvəlki peyğəmbərlərin sirasındandır, bizə bəlli olan sonuncu peyğəmbərdir.

Bu peyğəmbərlərə inananlar, onların kitablarını qəbul edənlər heç də kafir deyillər, onlar vahid İlahiyə inananlardır, yəni ərəbcə deyilsə, “müslimlərdəndir”;

Mədinə dövründə ilk-əvvəl geniş məna daşıyan bu sözün mənası darlaşdı, “söz tələsinə” çevrilib yalnız “qurançılara” aid edildı, və beləliklə iudeylər və xristianlar Təkİlahilər sırasından islamın düşmənləri kimi qovuldular (bütün bunlar Qurana yox, izahatlara bağlıdır).

Qurandan beş misal:

“Biz Musaya Kitab vermişdik!.. Onunla Mənim görüşdüyümə şübhə etmə. Musaya verilən Kitab İsrail oğullarına doğru yol göstəricisidir” (32/23);

“Biz İsrail oğullarını bəşər əhlinə üstün etdik” (44/32);

“Həqiqətən, Quranda deyilənlər əvvəlki kitablarda mövcuddur (vardır). İbrahimin və Musanın kitablarında” (87/18-19).

“Quran özündən əvvəlki kitabların həqiqiliyini təsdiq edən kitabdır” (6/92);

və deyilənlərin davamı, bir növ yekunu olan vacibdən vacib bir ayə:

“Biz Quranı sənə əvvəlki kitabların həqiqiliyini təsdiq etmək, qorumaq üçün göndərdik... Sizin hər biriniz üçün (Musa, İsa və Məhəmmədin yolunu tutanlara işarə) Kitab və bir yol təyin etdik (Tavrat, İncil, Guran). Əgər Allah istəsəydi, sizi vahid bir ümmət edərdi. Lakin sizə verdikləri sizi imtahan etməsi üçündür. Xeyir-xoş işlərinizlə biri-birinizlə çalışın-yarışın” (5/98); buna yaxın ayə: “Əgər Rəbbin istəsəydi, yer üzündə olanların hamısı Ona inanardı... Dində zorluq (məcburiyyət) yoxdur” (10/99).

Və bütün bünlara baxmayaraq islam bir din kimi, – o zamanlarda da, indinin özündə də - real şəraiti inkar edib, onunla tamamilə hesablaşmadan əvvəlki dinləri və onlarin kitablarını - ləğv olunmuş elan edir, bütün dünyanı zorla-silahla islamlaşdırmaqa çalışır.

Quranın mətni ilə hesablaşmayan və ona zidd olan fikirlər, təəssüf ki,hədislərdə də özünü açıq-aydın göstərir, və onların izləri daha çox Mədinə dövrünə aid ayələrdə görünür: Məhəmməd – İlahinin kəlamlarını bizə çatdıran peyğəmbərdir; və Məhəmməd həm də insandır, o dövrün məişətinə bağlı adam, müsəlman dövlətinin təməlini qoyan-yaradan şəxsiyyət-xadimdir. Odur ki, insanın (peygəmbər olsa da) dediklərini İlahi kəlamları ilə bərabərləşdirmək meyli qəbul olunmazdır... – onu da deyim ki, Məhəmmədin özü sağlığında buna qəti etirazını bildirmişdi.

Əlbəttə, yəhudi və xristianların da kitablar-hərəkətlərində, Quranda-islamda olduğu kimi, ciddi ziddiyətlər vardır, amma onlar dinə arxalanan, dindən doğan “qanlı-ölümlü” yollarını çoxdan keçmişlər, onların “davaları” – islamdan fərqli olaraq – silah-qılınc savaşı, qanlı terror deyil, mübahisələrdə, disputlarda özünü göstərən “sözlər-izahatlar” davasıdır.

... Mənə elə qəlir ki, bəlkə də heç bir şübhəm yoxdur: özünü Kamalüddövlə bilən M.-F. mənim “ibrahimçiliyimlə” razılaşardı, mərasim-etiqad qaydaları ilə biri birindən ciddi fərqlənən, lakin fəlsəfi-etik məzmunları ilə ayrılmaz Quranı və digər “din” kitablarını bəşər mədəniyyətinə bağlardı, təhrif və beləliklə təhqir olunmuş Quranı müdafiə edər, mənə qoşulub Quranı yanlış təhlillərilə ölüm alətinə çevirən, dünyanı qəbristana döndərmək istəyəm azğınlaşmış avantürist islamçıları Quranın mətni ilə ifşa edər, yuyardı.

Və həyatında, yaradıcılığında tutduğu tənqidi-müxalifət yolundan çıxmaz və dönməz,çünki zaman (yaşamaq gözəl və şirin olsa da) çox az dəyişmişdir: həmən alışıb tez də sönən sosyal-ictimai-siyasi-əxlaqi ümidlər-arzular, onların uzunsürən böhranı və - ixlas!..

2.

“Açıq məktubda” deyilir:

Mirzə Fətəli Axundovun sağlığında çəkilmiş fotosu.

“qəliz yazmısınız… əks halda əsərin nəşr olunması sovet dövründə problemə çevrilə bilərdi. Bu qorxu əsassız deyil, “Fətəli fəthi” əsərinin bəzi yerlərində sovet dövrünün çatışmazlıqlarının, naqisliklərin təsvirini aydın hiss etdim (əlavə edərdin: miili yazıçıların əsərlərində rus çara tənqidi münasibət, müstəmləkə siyasətinin ifşası yasaq idi!..). Görünür bu qorxu, əsərin nəşr olunmamaq qorxusu yazı prosesində bəzən daha da artmış və sizi bəzi məqamları betərindən dolaşıq, qəliz, qarmaqarışıq yazmağa vadar etmişdir. Bu isə əsərin oxunaqlığına ciddi xələl gətirir, əsərin daha uğurla yazılmış hissələrini də gözdən salır. Şəxsən mənə gəldikdə, müxtəlif imitasiyaları hətta çox peşəkarcasına bacaran və yazan müəlliflərə heç vaxt ürəyim qızmayıb və süni qəribəliklərə, əsassız yuxulara, psevdokonfliktlərə aldanan oxucuların halına acımışam...”

Bəyəndim Seymurun bu sözlərini – amma “yuxuları” bu sıradan çıxarmaq şərtilə: həqiqətən gördüyüm çox vaxt qəribə və şaşdırıcı yuxuların təsvirinə meyilliyəm. Və etiraf etməliyəm ki, imperator Birinci Nikolayla faytonda oturan Fətəli yox, mən özüm idim, bağışladım yuxumu qəhrəmanıma; Mirzə Şəfiyə bağlı Bodenştedt Fətəlinin deyil, mənim yuxuma girmişdi... Bu yuxular yuxu xətrinə beyil, vacib konseptual problemlərin həllinə işləyən vasitə idi... - amma sözüm başqadır, yaradıcılığa aiddir.

Buna da bax: "Heydər Əliyev mənə heç nə eləmədi, elə bilirdi, arxamda kimsə dayanır"

Ədəbiyyat insanı-dünyanı dərk etmə yolunda (bu özünü əsərin məzmununda, süjet-quruluşunda və geniş mənada üslubunda göstərir) bir neçə varlıqdan qidalanır, və bu haqda qısaca demək istəyirəm:

obyektiv və bizdən asılı olmayan real yarlıq;

dünya ədəbiyyatı bir varlıq kimi;

astroloji varlıq (ulduzlar, talelər və s);

təkrarolunmaz konkret şəxsiyyətin subyektiv aləmi;

o dünya varlığı;

virtual varlıq;

ayrıca bir varlıq kimi insanın istəyindən asılı olmayan yuxu aləmi;

fantastik varlıq... – bütün bu varlıqlar konsepsiya-niyyətə bağlı (bəlkə də yazarın könlünə-xoşuna uyğun) çox vaxt roman janrında, həm ayrı-ayrılıqda, həm də qarışıq şəkildə əsərdə gerçəkləşdirilir, realizə olunur, bəzən bunun ucundan da əsərin şaşdırəcı nizamsızlığına səbəb olur... Çalışmaq və bir daha çalışmaq!..

Dərin hörmətlə - Çingiz Hüseynov.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)