Elnur Musayev Bədəl
Seyid Əzim Şirvaninin ailəsinin qürbətdəki taleyi
Seyid Əzim Şirvani
Seyid Əzim Şirvani 1835-ci il uyul ayının 10-da Şamaxı şəhərində anadan olmuşdu. Seyid Əzim Şirvani haqqında ilk məlumat A. Zaxarov tərəfindən verilmişdir. Qeyd etmək lazımdır ki, 1977-ci ilə qədər Seyid Əzimin müfəssəl tərcümeyi-halı yazılmamışdır.
Yeddi yaşında ikən atası Seyid Məhəmməd vəfat etdiyinə görə, o, anasının himayəsində yaşamışdır. Bu zaman Seyid Əzimin ana babası Molla Hüseyn Dağıstanın Yaqsay kəndində yaşayırdı. O, qızını və nəvəsini yanına gətirir. Oğlu olmadığı üçün o, balaca Əzimə doğma bir bala kimi meyl salır və zirək, qabil bir uşaq olan nəvəsinə böyük qayğı göstərir. Seyid Əzim ilk təhsilinin Dağıstanda almışdır. O, burada azərbaycanlı (türk), fars və ərəb dillərini öyrənmişdir. A. Zaxarovun yazdığına görə Dağıstanda yaşadığı müddətdə Seyid Əzim bir neçə Dağıstan dillərini də öyrənmişdi.
Dağıstanda Seyid Əzim 10 ildən artıq yaşayır. 1853-cü ildə 18 yaşında ikən o, anası Gülsüm xanım ilə birlikdə Şamaxıya qayıdır. XIX əsrin 50-ci illərində Azərbaycanda, o cümlədən Şamaxı şəhərində mədəni-maarif sahəsində köhnəlik, sxolastika hələ çox qüvvətli idi; Şərqin dini mərkəzlərinə ziyarətə getmək, ruhani təhsili almaq, "hacı", "kərbəlayı" olmaq ənənəsi davam edirdi. Belə bir şəraitdə Seyid Əzimin ruhani təhsili almaq, dini ocaqların ziyarətinə getmək fikrinə düşməsini də təsadüfi hesab etmək olmaz. Odur ki, 20 yaşında ikən Seyid Əzim "təkmili-ülum" məqsədi ilə İraqa gedir. Bir neçə il Bağdadda qalandan sonra o, Şama köçür
Buna da bax: Seyid Əzim Şirvani. Əsərləri
Vətənə qayıdıb bir müddət Şamaxıda yaşadıqdan sonra , Seyid Əzim, ikinci dəfə yenə səfərə çıxır. Bu dəfə Məkkə və Mədinədən keçərək Misrə, Qahirə şəhərinə gedir. Gəncliyində, əsasən, dini-sxolastik elmləri öyrənən Seyid Əzim sonralar buna peşman olmuş və öz təəsüfünü 1877-ci ildə salyanlı şeyxül-islam Molla Əhmədə müraciətlə yazmış olduğu mənzuməsində açıq bildirmişdir.
Seyid Əzimin anasının adı Gülsüm idi. Seyid Əzim 19 yaşında ikən anasının yaşxı tanıdığı Məşədi Mövsümün qızı Ceyran xanım adlı qızla evlənmişdir. 1856-cı ildə Seyid Əzimin oğlu Mir Cəfər anadan olmuşdur. Seyid Əzimin Mir Cəfərdən (1866-1938) başqa Seyid Həcər xanım (1866-1938) və Seyid Fatma xanım (1882-1934) adlı qızları da olub. 1964-65-ci illərə qədər Seyid Əzimin nə anasının, nə arvadının, nə də ki, qızlarının adları məlum deyildi. Bu haqda Fatma xanımın oğlu, Seyid Əzimin 57 yaşlı nəvəsi Məhəmməd Əhmədov Sadıq Hüseynova məlumat vermişdir.
XIX əsrin 70-ci illərində şair oğlu Mir Cəfəri oxumaq üçün anası ilə birlikdə Bakıya göndərmişdir. 1875-ci ildə oğluna yazdığı bir məktubdan aydın olur ki, Mir Cəfər anası ilə əmisinin yanında qalırmış. 1876-cı ildə Zərdabiyə yazdığı məktubdan aydın olur ki, artıq ana ilə oğul həmin ilin əvvəllində Bakıdan Şamaxıya qayıtmışdır
1859-cu il may ayının 30-da Şamaxı şəhərində zəlzələ olmuş və zəlzələ şəhər əhalisinə böyük zərər vermişdi. Zəlzələdən Seyid Əzimin ailəsi də böyük zərər çəkmişdi.
Pedoqoji fəaliyyəti
1830-1858-ci illər arasında Şuşa, Nuxa, Bakı,Gəncə, Naxçıvan və Şamaxı şəhərlərində yeni tipli məktəblər açıldı. Bu məktəblərdə Azərbaycan, ərəb, fars və rus dilləri öyrədilirdi.
1869-1870-ci illərdə Seyid Əzim Şamaxıda yeni üsulla "Məclis" adlı bir məktəb açmışdı. Seyid Əzimin bu məktəbində köhnə mollaxanalardan fərqli olaraq, şagirdlərə Azərbaycan, rus, fars dilləri öyrədilir və müasir elmlərdən ibtidai məlumat verilirdi.
Təsadüfi deyil ki, Azərbaycanın görkəmli şairi Mirzə Ələkbər Sabir məşhur yazıçı və pedaqoq Sultan Məcid Qənizadə və bir sıra başqa yazıçılar məhz onun məktəbində dərs alıblar.
Zaqafqaziya tədris dairəsi Seyid Əzim Şirvaninin maarif sahəsindəki xidmətlərinin nəzərə alaraq, 1886-cı ildə onu gümüş medalla təltif etmişdi. Uzun müddət məlum olmayan bu sənədin əsli Azərbaycan SSR Daxili İşlər Nazirliyinin arxivində saxlanılır. Təxminən, 1966-cı ildə Azərbaycan SSR Daxili İşlər Naziriliyi arxivlər idarəsinin rəisi M. Şəkinski həmin sənədi 1880-1890-cı illərin nüfuz siyahısı qovluğunun arasından tapıb dərc olunmaq üçün "Azərbaycan müəllimi" qəzeti redaksiyasına vermişdi.
Seyid Əzim məktəbi haqqında rəsmi və dürüst məlumatı 1889-cu ildə Poti şəhərində Minqrel şəhər məktəbinin müəllimi A.Zaxarov "Народное обучение у Закафказских татар" adlı geniş bir məqalə yazmışdır. A.Zaxarov yazır ki, Seyid Əzim həmin məktəbi 18 iıdir ki, idarə edir. O (Seyid Əzim), fars, ərəb və bir neçə Dağıstan ləhcələrini də bilir. Onun məktəbində 33 nəfər şagird oxuyur; bunlardan 12 nəfəri həftədə 15 qəpik, 9 nəfəri 20 qəpik və 12 nəfəri isə 25 qəpik tədris haqqı verir ki, cəmi 6 manat 60 qəpik edir. Seyid Əzim bir neçə il bu cür dərs dedikdən sonra, tərcümə etdiyi (Sədinin "Gülüstan" və "Bustan" əsərlərindən müəyyən parçaları Azərbaycan (türk) dilinə tərcümə etmişdi -Elnur) əsərləri və öz şeirlərini toplayıb "Məcmueyi-asari-Hacı Seyid Əzim Şirvani" adlı bir dərs kitabı tərtib etmişdir.
Seyid Əzim həmin dərsliyin əlyazması şəklində o zamanlar Qori seminariyasının tatar şöbəsi müdiri A. O. Çernyayevskiyə göndərmiş və A. O. Çernyayevski də həmin kitabdan bir neçə hekayə alıb, tərtib etdiyi "Vətən dili" dərsliyində çap etdirmişdir. Seyid Əzimin ölümündən sonra onun oğlu müəllim Mir Cəfər, vaxtilə atasının məktəb şagirdləri üçün düzəltdiyi və əlyazması şəklində olan materialları toplayıb nizama salır və 1895-ci ildə Təbriz şəhərində daş basması ilə bir kitab nəşr etdirir.
Həmin kitabdan müəyyən müddət mollaxanalarda və məhəllə məktəblərində bir dərslik kimi istifadə olunmuşdur. Seyid Əzim bütün maddi və mənəvi çətinliklərə baxmayaraq, 18 ildən artıq öz məktəbində müəllimlik etmişdir. Nəhayət, bir tərəfdən mövhumatçıların və ruhanilərin müxtəlif bəhanələrlə ona qarşı hücuma keçmələri, digər tərəfdən də o zaman Şamaxıda dövlət tərəfindən açılan şəhər məktəbinin təsiri nəticəsində get-gedə həmin məktəb artıq öz fəaliyyətinindayandırmağa məcbur oldu. Seyid Əzim isə Şamaxıda açılmış həmin şəhər məktəbinə müəllim təyin edilib, ömrünün sonuna qədər orada Azərbaycan dili və ədəbiyyat dərslərini aparmışdır.
Seyid Əzimin"Məcmueyi-asari-Hacı Seyid Əzim Şirvani" adlı dərs kitabından başqa "Tacül-kütüb" adlı dərslik də yazmışdır. Bu dərsliyə şairlərdən və müxtəlif ədəbi mənbələrdən etdiyi tərcümələri də daxil etmişdir.
Buna da bax: Cəfər Cabbarlı Kefli İskəndəri nədə günahlandırırdı...
Yaradıcılığı haqqında
Seyid Əzimin ilk şeirlərinin yazılış tarixləri qeyd edilmədiyi üçün onun yaradıcılığa hansı ildən başlaması dürüst məlum deyildir. Ancaq bəzi şeirlərindən ("Beytüssəfa" şairlərinə məktubu, Nəsrəddin şaha həcvi və sair) onun 1860-cı illərin əvvəllərində təcrübəli bir şair olduğu görünür.
S. Ə. Şirvani əsərləri 1920-ci ilə qədər beş dəfə çap edilmişdir. 1895-ci il Tiflis, 1895-ci il Təbriz (ehtimal ki, Təbriz çapı 1895-ci ildən bir qədər sonraya aiddir), 1897-ci il Təbriz, 1902-ci Bakı və 1912-ci il Təbriz nəşrləri.S.Ə.Şirvaninin əsərləri 1920-ci ildən sonra başqa dillərə də tərcümə edilərək yayılmışdır. 1926-cı ildə onun əsərlərinin az bir qismi erməni dilinə tərcümə edilərək kitab şəklində və 1961-ci ildə rus dilində çap edilmişdir.
S. Ə. Şirvaninin "Köpəyə ehsan" satirasının qısa məzmunu belədir: Dövlətli bir hacının köpəyi ölür. Hacı onu İslam dininin qayda-qanunları üzrə hərəkət edərək qəbristanda dəfn edir. Bu hadisədən bir molla xəbər tutur. Molla hacıya lənətlər yağdırır və hacının yaşadığı yerə gəlir. Mollanın gəlməsindən xəbər tutan hacı sürüdən əlli qoyun ayırır. Molla qoyun adını eşidərkən öz fikirlərindən əl çəkir. Bu əsər beynəlxalq süjetli bir əsər olmaqla bərabər, Azərbaycan həyatı və məişəti ilə sıx bağlı orijinal təfəkkür məhsuludur. Dünya ədəbiyyatında da belə əsərlər var. Məsələn, İtalyan yazıçısı Poco Braççolininin (1380-1459) "İti dəfn edən keşiş" adlı lətifəsi vardır. 13-cü əsr fransız satiriki Ryutbefin "Eşşəyin vəsiyyəti" adlı satirasını da əlavə etmək olar.
Bir zəruri qeydidə göstərməyi məqsəduyğun hesab edirəm. Ə. Haqverdiyev "Mirzə Fətəli Axundovun həyat və fəaliyyəti" adlı məqaləsində M. Axundovun Seyid Əzimlə əlaqələrindən bəhs edərək göstərmişdir ki, "Mirzə o zamanın görkəmli şairləri - Zakir və Seyid Əzimlə ilə dostluq edir və yazışırdı". M. F. Axundovla Q. Zakir arasında dostluq əlaqələrini təsdiq edən faktlar geniş və ədəbi ictimaiyyətimizə çoxdan məlumdur. Lakin Mirzə Fətəli ilə Seyid Əzimin şəxsi tanışlığı haqqında əldə heç bir sənədə tədadüf olunmur. Ə. Haqverdiyevin M. F. Axundovla S. Əzimin şəxsi dostluğu və yazışması həqiqətə çox yaxın olan fakt olsa da, ehtimal olaraq qalır. Ancaq Axundovun əsər və məqalələri ilə Seyid Əzimin tanışlığı "Əkinçi" vasitəsilə olmuşdur
Seyid Əzimin dinə münasibəti
Seyid Əzim öz əsərlərində məzhəb və təriqətləri pisləsə də onların Əlinin adı ilə heç bir əlaqəsi olmadığını iddia edirdi. O, başa düşə bilməmişdi ki, bütün bu məzhəb və təriqətlər öz qida və ilhamını xüsusən Əlinin adından alır. Seyid Əzim Axundov kimi ateist olmamışdır, onun dünyagörüşünə dinin qüvvətli təsiri aşkardır. Lakin öz əsrinin qabaqcıl bir adamı olan Seyid Əzim dini etiqada çox laqeyd və passiv münasibət bəsləmişdir.
İslam ehkamının tənqidi:
Dersən mənə: kim, huriyi-qılman olacaqdır,
Qismət sən ol Kövsəri-rizvan olacaqdır.
Bəsdir mənə bu saqiilə badeyi-gülgün,
Mənzilgəhimiz səhni-gülüstan olacaqdır..
Nəqdini verən nisyəyə nadan olacaqdır.
Saqi mənə qılmandı, şərabım meyi-Kövsər,
Vaiz ciyəri həsrətilə qan olacaqdır.
Fövt eyləmə bu fürsəti, ey aqilü hüşyar,
Ömrün gedəcək, dəhr özü viran olacaqdır
İslam ayin və mərasimlərinin tənqidi:
Gərək əvvəl çapa başlarını fövci-üləma,
Çünki onları bu işlərdə rənsül-füqəra,
Sonradan baş çapalar xan, əmirül-üməra,
Nə ki, hər bisərü pa lotiyi-meydan, əxəvi.
İslam məsləklərinin tənqidi:
Şiəmiz sünniyə edən töhmət,
Sünnimiz şiədən edən qeybət.
Bizi puç etdi şiə, sünni sözü,
Əhli-islamın oldu kur gözü.
İslam təriqətlərinin tənqidi :
Birisi məşhədi Cəfərdi, Xorasan lotusu
Ki, salır gündə imamlı içinə qovqanı.
Biri molla Əli Heydrədi, o Kəlva öküzü,
Babilik neyləyir axır, o çölün heyvanı!
Biri sərrac Məciddir ki, o da babi olur,
Hər yetən şəxs ilə söhbət eləyir ürfanı.
Sənə nə vaqe olubdur ki, olubsan babi?
De görək, səndə hanı mərifəti-insani...
Ruhanilin tənqidi:
Hər vilayətdə var beş-on kəsəbə,
Əlli min seyyidü axund, tələbə,
Əlli dərviş, əlli mərsiyaxan,
Hamının sözləri tamam yalan;
Əlli min süxtə, əlli min sail,
Əlli min hoqqabazi-naqabil,
Hamının fikri xəlqi soymaqdır,
Quru yerdə bu xalqi qoymaqdır
Xurafat və mövhumatın tənqidi məsələsinə gəlincə, düşünürəm ki, xurafat və mövhumatın təriflərini versəm daha effektli olar.
Din kimi xurafat və mövhumat da təbiət və cəmiyyət hadisələrinin səbəblərinin, əlaqələrinin və qanunauyğunluqlarının yanlış, təhrif olunmuş şərhi ilə bağlıdır. Buna görə də uydurma, əfsanəvi təsəvvürlərdən ibarət olan xurafat və mövhumat dindarların şüurunda dini təsəvvürlərlə yanaşı yaşayır, onların həyat və məişətində mürtəce rol oynayır. Din kimi xurafat və mövhumat da insanların elmə, maarifə yiyələnmələrinə, ictimai həyata fəal münasibət bəsləmələrinə maneə olurdu.
Buna da bax: Rəsulzadənin nəvəsi ağladı: "Olub və olacaq"
Əlbəttə, mövhumatın və xurafatın mələk, cin, şeytan və.s əsli olmayan vücudların varlığına etiqad etmək, caduya, sehrə, rəmlə inanmaq, pirə, ocağa, müqəddəs ruhlara sitayiş etmək kimi ünsirləri islamdan qabaq da vardı. Bunlar ibtidai magiya və bütpərəstlikdə də var idi. Lakin İslam dini onlara dini rövnəq vermiş, tamamlamış və inkişaf etdirmişdir və.s.
Can maəaminə gəlir buyi-riya məsciddən,
Görmədim ömrdə bir zövqü səfa məsciddən.
Buriya tək döşənir məscidə hərdəm zahid,
Heyf tərk olmadı əsla bu riya məsciddən...
Durdu-meyxanani tək camə, gətir, ey saqi,
Görmədim dərdimə aləmdə dəva məsciddən...
Seyida, bunca ki, məsciddən edillər nifrət,
Nə görüblər görəsən kim, şüəra məsciddən.
Son olaraq deyim ki, Seyid Əzim Şirvaninin ölüm tarixi bir kiçik mübahisə yaratsa da bir çox mənbələrdə 1888-cı il kimi yazılır və qeyd edilir. Beləki, professor Ağa-Məmməd Səməd oğlu Abdullayevin ən məşhur əsərlərində S. Əzimin ölüm tarixini göstərilməyib. Azərbaycan SSR Elmlər Akademiyası Nəşriyyatının 1967-ci ildə çap etdiyi "Seyid Əzim Şirvani. Seçilmiş əsərləri" üç cildlik kitabının birinci cildində S.Əzimin ölüm tarixi 1888-ci il kimi göstərilib. Abdulla Şaiq şairin ölüm tarixini 1890-cı il kimi göstərib. Sovet dövrünün dərsliklərində bu tarix 1888-ci il kimi göstərilir. Ümumiyyətlə, M. F. Axundzadə, Ü. Hacıbəyov, N. Nərimanov, M. Ə. Sabir, H. Zərdabi, C. Məmmədquluzadə və adını çəkə bilmədiyim digər Azərbaycan xalqının böyük övladları ölümsüzdürlər. Ölümsüzlərin isə ölüm tarixi olmur. Seyid Əzim demişkən:
Mövti-cismani ilə sanma mənim ölməyimi,
Seyyida, ölmərəm, aləmdə səsim var mənim
Mir Cəfər (Seyid Əzim Şirvaninin oğlu)
Mir Cəfər 1902-ci il zəlzələsindən sonra özünün və bacılarının ailələri ilə birlikdə Bakı şəhərinə köçmüş, ilk əvvəl Bakıda “Şamaxı yolu” deyilən ərazidə məskunlaşmışlar. Bir ildən sonra atasının Buzovna və Mərdəkandan olan şair dostları onu kəndlərinə dəvət etmişlər. Mir Cəfərgil əvvəl Mərdəkanda, sonra isə həmişəlik Buzovna kəndində yaşamışlar. Mir Cəfər Buzovna kəndində 1937-ci ildə vəfat etmiş, kənd qəbiristanında dəfn olunmuşdur. Onun məzar daşını kənd sakini Abdulla Səlimov qoydurmuşdur. Mir Cəfərin Buzovna qəsəbəsində olan məzar daşı üzərində onun təvəllüd 1832-ci il yazılmışdır ki, bu da səhv tarixdir. Ölüm tarixi 1937-ci il göstərilsə də, bu tarix özü də mübahisəlidir.
Mir Cəfər, 1882-ci ildə əslən Salyandan olan və Şamaxıda yaşayan Seyid Süleymanın qızı Bikə xanımla (Seyid Bikə) ailə qurub. Onların Mir Kamil, Mir Fazil, Mir Mustafa, Mir Adil adlı dörd övladı olub. Mir Kamil körpə ikən vəfat edib, o, biriləri isə ötən əsrin 90-cı illərinə qədər yaşamışlar
Seyid Həcər (Seyid Əzim Şirvaninin qızı)
Bəzi tədqiqatçılara görə Seyid Həcər 1869-cu ildə dünyaya gəlmişdir.
Şamaxı şəhərində anadan olmuş Seyid Həcər də S.Ə.Şirvanidən ilk ev təhsili almışdır. Seyid Həcər ailəsini yaxşı tanıdıqları, xırda ticarətlə məşğul olan Kəblə Qulu adlı bir nəfərlə ailə qurub. Onlar da 1902-ci ildə qardaşıgilə Bakı şəhərinə, bir neçə ildən sonra isə Aşqabada - şamaxılı qohumlarının yanına köçüblər. Bir il sonra Seyid Fatma da ailəsi ilə birlikdə bacısının yanına yığışır. Seyid Həcərin iki qız övladı olmuşdur: Seyid Surə və Seyid Sayad.
Bəzi tədqiqatçılara görə Seyid Həcər 1938-ci ildə Aşqabad şəhərində vəfat etmiş və elə orada dəfn olunmuşdur. Onun məzarını şair Arif Səfa tanıyırdı ki, o da ötən il vəfat etdi.
Buna da bax: Dilqəm Əhmədin topladığı, AXC tarixinə aid yeni sənədlər kitab oldu
Seyid Fatma (Seyid Əzim Şirvaninin qızı)
Bəzi tədqiqatçılara görə Seyid Fatma 1870-ci ildə dünyaya gəlib. Seyid Fatma Məşədi Əhməd adlı qohumu ilə ailə qurub. Ailəsi ilə əvvəl Bakıya, sonra bacısı Seyid Həcərgilin yanına Aşqabada köçmüşdür.
Əri ticarətlə məşğul idi. Onların bir oğlu –Məhəmməd və iki qızları- (Seyid Sədəf və Seyid Xədicə) olmuşdur.
Bəzi tədqiqatçılara görə 1936-cı ildə vəfat etmiş Seyid Fatmanın məzarı Aşqabaddadır. Həyat yoldaşı Məşədi Əhməd Fatmadan sonra çox yaşamış, 90 yaşında vəfat etmişdir. Seyid Xədicənin qızı, Seyid Əzimin nəticəsi Fatma xanım görə isə, 1933-37-ci illərdə Düşənbədə sayılıb seçilən bir ailə olan Seyid Fatmanın nəyi varsa əllərindən alırlar. Seyid Fatmanın ölüm tarixini isə 1934-cü il kimi göstərir.
Mir Məhəmməd ailəsi ilə 1960-cı ildən sonra Bakıya yığışmışdır. Vəsiyyətinə görə, Şamaxıda babası- S. Ə. Şirvaninin yanında dəfn olunmuşdur. 1994-cü ildə doğmaları onu Şamaxıya gətirib, S. Ə. Şirvaninin məzarı yanında dəfn etmişlər.
Seyid Fatmanın qızı Xədicə xanım Düşənbədə ailə həyatı qurub. 1948-ci ildə Düşənbədə zəlzələ olanda, köçüb gəlirlər Daşkəndə. Ailələrində belə bir ənənə olub, indi də belədir ki, ancaq azərbaycanlılarla ailə həyatı qururdular. Xədicə xanım Ərdəbilin Nəmin kəndindən olan Əminağa Əhəd oğlu Quliyevə ərə verirlər. Sonra müharibə vaxtı Əminağa müharibəyə gedir. Ordan əlil olaraq qayıdır Daşkənddə yaşayırlar. 1966-cı ildə Daşkənddə zəlzələ olanda köçüb gəlirlər Düşənbəyə. 1992-ci ildə Düşənbədə dava başlanır. Köçüb gəlirlər yenidən Daşkəndə. Seyid Xədicə isə Daşkənddə dəfn edilib.
Əgər biz nəzərə alsaq ki, Xədicə xanım Düşənbədə dünyaya gəlib, onda Seyid Fatma ilə Seyid Həcərin məzarlarının Aşqabadda olması fikri mübahisə yaradır. Bizim fikrimizcə Seyid Fatma ilə Seyid Həcərin məzarları Düşənbədədir.
Seyid Fatmanın digər qızı Səadət isə 1938-ci ildə İrana sürgün olunmuşdur. Əgər nəzərə alsaq ki, bu sözlərin müəllifi Seyid Əzim Şirvaninin nəticəsi Fatma xanımdır, onda Seyid Fatmanın qızının adının Seyid Sədəf olması mübahisəlidir.
Xədicənin qızı Fatma xanım Quliyeva, Daşkəndin kənarında Sergili rayonunda sovetdən qalma ailə yataqxanasında, qızı Nərgiz xanım və 22 yaşlı nəvəsi Teymurla şəraitsiz vəziyyətdə yaşayırlar.
Maraqlıdır ki, Seyid Əzim də övladları kimi qürbətdə çox ağır həyar keçirmiş, ehtiyac içərisində yaşamışdır. Dostlarına qürbətdən yazdığı mənzum məktub və şeirlərdə şairin çərəti açıq ifadə olunmuşdur:
Diyari-Şamə ol gün kim, məni hökmi-qəza çəkdi,
Nə möhnətlər gör ol viranədən bu binəva çəkdi.
Seyid Əzimin nəticəsi Fatma Quliyeva da nənəsinin müsibətlərini danışanda Seyid Əzimin məhz bu qəzəlindən, həmin, yuxarıdakı beyti xatırlamışdı.
Qeyd edək ki, bu gün Özbəkistan, İranın Məşhəd və Təbriz şəhərlərində də S. Ə. Şirvaninin doğmaları yaşayır. Hazırda Bakı şəhərində S. Ə. Şirvaninin 40 nəfərdən çox əqrəbaları vardır.
Müəllifdən: jurnalist hörmətli Aida Eyvazlı, filologiya elmləri doktoru Seyfəddin Qəniyevi, filologiya üzrə fəlsəfə doktoru Tariyel Qənini də bu kiçik çalışmamın həmmüəllifi hesab edirəm
(Fotolar OxuZalına araşdırmanın müəllifi tərəfindən təqdim olunub)
(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)