3 gəmi istismara verilib

İlham Əliyev yeni gəmilərin istismara verilməsi mərasimində.

Noyabrın 18-də Xəzər Dəniz Gəmiçiliyinin «Rəşid Behbudov» sürətli sərnişin, «Qafur Məmmədov» quru yük gəmilərinin və «Gəncə» tankerinin istismara verilməsi mərasimi keçirilib.

Mərasimdə prezident İlham Əliyev də iştirak edib. Bu haqda ölkə başçısının rəsmi internet səhifəsi xəbər verir.

İlham Əliyev istismara verilən su nəqliyyat və daşıma vasitələri ilə tanış olub.

Prezidentə məlumat verilib ki, «Gəncə» tankerini Xəzər Dəniz Gəmiçiliyi və «Caspian Marine Services» Alyansı sifariş edib.

Tanker 7 min ton yükgötürmə qabiliyyətinə malikdir. Uzunluğu 140.9, eni 16.7, saya oturumu isə 4.2 metr olan tanker dayazda üzməklə maksimum yükgötürmə qabiliyyətinə malikdir.

«Qafur Məmmədov» quru yük gəmisinin dedveyti 5.500 ton, uzunluğu 108.3, eni 16.5, saya oturumu isə 4.79 metrdir. Bu gəminin istismar müddətini başa vurmuş gəmiləri yeniləməyə imkan yaradacağı bildirilib.

Verilən xəbərlərə görə, 150 nəfər tutan «Rəşid Behbudov» sürətli sərnişin gəmisi BP şirkətinin sifarişlərini yerinə yetirəcək. Gəmi saatda 60 kilometr sürət yığmaq imkanına malikdir. Onun uzunluğu 70, eni isə 16 metrdir. Gəminin ən müasir avadanlıqlarla təchiz edildiyi bildirilib.

Ölkə başçısı «Rəşid Behbudov» gəmisinin istismara verilməsi mərasimini mərhum sənətkarın ailə üzvləri ilə birgə icra edib.

Mərasim zamanı Xəzər Dəniz Gəmiçiliyinin 2014-2016-cı illər ərzində 5.500 ton yükgötürmə qabiliyyətinə malik 8 yeni quru yük gəmisi aldığı barədə bilgi verilib.

Hazırda idarənin Xəzərdən kənarda Azərbaycan bayrağı altında üzən gəmilərinin sayının 10-a çatdığı bildirilib.