Ali Məhkəmə jurnalistin ölüm işinə baxıb

Rasim Əliyev

Noyabrın 24-də Ali Məhkəmədə jurnalist Rasim Əliyevin döyülüb öldürülməsi ilə bağlı şikayətə baxılıb. Şikayəti verənlər bu ölüm işinə görə məhkum olunanların vəkilləridir.

Bakı Apellyasiya Məhkəməsi bu işə məhkəmə istintaqı aparılmadan (şahidlər dindirilmədən, əlavə sübutlar tədqiq olunmadan) baxılmasına qərar verib. Vəkillər də ilkin baxış iclasının bu qərarından narazı qalıb, ondan Ali Məhkəməyə şikayət veriblər.

Rasim Əliyevin ölümündə təqsirləndirilən beş nəfərdən dördünün – Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev və Samir Mustafayevin hüquqlarını qoruyan vəkil Şəmsəddin Quliyev AzadlıqRadiosuna bildirib ki, kassasiya şikayətinə İnqilab Nəsirovun sədrlik etdiyi hakimlər kollegiyası baxıb. Şikayət təmin olunmayıb və apellyasiya məhkəməsində bu işə istintaq aparılmadan baxılması haqda qərar qüvvədə saxlanılıb.

İlkin baxış iclasının qərarından kassasiya şikayəti verildiyindən, Bakı Apellyasiya Məhkəməsində bu iş üzrə proses bir neçə aydır ki, təxirə salınmışdı.

Rasim Əliyev ötən il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb və 9-na keçən gecə xəstəxanada dünyasını dəyişib. Jurnalistin ölümü ilə əlaqədar 6 nəfər həbs olunub. Onlardan beşi - Elşən İsmayılov, Arif Əliyev, Camal Məmmədov, Kənan Mədətov və Samir Mustafayev CM-nin 126.3-cü (qəsdən bədənə ağır xəsarət yetirmə - ölümə səbəb olduqda) maddəsi ilə təqsirli bilinərək, 9 ildən 13 ilə qədər azadlıqdan məhrum edilib. «Qəbələ» futbol klubunun keçmiş kapitanı Cavid Hüseynovun işi isə istintaqın sonunda ayrılıb və o, CM-nin 307-ci (cinayəti bilib xəbər verməmə) maddəsi ilə 4 il azadlıqdan məhrum edilib. Sonradan apellyasiya məhkəməsi hökmü dəyişib və bir müddət əvvəl Cavid Hüseynov azadlığa buraxılıb.