Büdcədən metroya yardım azaldılır

Metro

2017-ci ildə «Bakı Metropoliteni» QSC-yə sərnişindaşımadan yaranacaq zərərin ödənilməsindən ötrü 30 milyon manat vəsait (subsidiya) proqnozlaşdırılıb.

Bu, 2015-2016-cı illərin göstəricilərindən 7 milyon 998.2 min manat və ya 21 faiz azdır.

Bu barədə Hesablama Palatasının 2017-ci il dövlət büdcəsi haqqında qanun layihəsinə verdiyi rəyində bildirilir.

Rəydə qeyd edilir ki, sərnişindaşıma xidmətlərinin maya dəyərinin artırılmasının qarşısının alınması və maliyyə-uçot intizamının gücləndirilməsi istiqamətində tədbirlərin görülməsi «Bakı Metropoliteni»nə ayrılan subsidiyaların azaldılmasına, dövlət büdcəsi vəsaitlərinə qənaət edilməsinə gətirib çıxaracaq.

Rəydə Cəmiyyətin strukturunda olan qeyri-kommersiya təyinatlı obyektlərin fəaliyyəti ilə bağlı bəzi məqamlar və ezamiyyət xərclərinin normaya uyğun olmaması da öz əksini tapıb.

Ekspertlər hesab edir ki, subsidiyanın azalması metroda gedişhaqqının artırılması ilə nəticələnə bilər.