Azərbaycanda Xocalı faciəsinə hüquqi qiymət verilməsi ilə bağlı yeni qanun layihəsi hazırlanır.
APA-nın xəbərinə görə, bu barədə noyabrın 28-də Milli Məclisdə keçirilən «Soyqırımı və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasına hüquqi aspektlərinin öyrənilməsi» layihəsinin təqdimatında Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib.
Onun deməsinə görə, Qarabağda bəzi cinayətlər törədən şəxslərin məsuliyyətə cəlb olunmasında məhdudiyyətlər mövcuddur və bu, aradan qalxmalıdır: «Qanun layihəsi Xocalı soyqırımının 25 illiyi ərəfəsində açıqlanacaq. Layihə Xocalı qurbanlarının hüquqlarının tapdalanmasına, bu cinayəti törədənlərin əməllərinə hüquqi qiymətin verilməsinə şərait yaradacaq».
Xocalı faciəsi 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilib. Ermənistan silahlı qüvvələri Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edib. Xocalı faciəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 sakin qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.
Hadisələr zamanı 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bugünədək məlum deyil.