İcra başçısı artıq həbsdə olan jurnalisti məhkəməyə verib

Fikrət Fərəməzoğlu

Masallı rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov hazırda həbsdə olan jurnalist, “jam.az” saytının rəhbəri Fikrət Fərəməzoğlunu xüsusi ittiham qaydasında məhkəməyə verib.

İcra başçısı jurnalistin ona böhtan atdığını iddia edir.

Xüsusi ittiham qaydasında verilmiş şikayət “jam.az” saytında may ayında yayılmış “Nə gündəsən. Amaşov” sərlövhəli məqalə ilə bağlıdır. Həmin məqalədə Masallı rayon icra başçısının rayona səfər edən Mətbuat Şurasının sədri Əflatun Amaşova rüşvət verməsi iddia olunur.

Buna da bax:​ Fikrət Fərəməzoğlunun məhkəməsi başladı

R.Hüseynov məqalənin yanlış bilgilərə söykəndiyini, ona böhtan atıldığını bildirir.

İcra başçısı şikayətində F.Fərəməzoğlunun Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsinə əsasən həbs edilməsini tələb edib.

Jam.az saytının baş redaktoru F. Fərəməzoğlu 2016-cı il iyunun 30-da saxlanıb. Ona Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə rüşvət tələb etmə) maddəsinin müxtəlif bəndləri ilə ittiham irəli sürülüb.

Buna da bax: Jurnalistin işgəncə şikayəti rədd olundu

Daxili İşlər Nazirliyi (DİN) iddia edir ki, jurnalist iyunun 30-da bir sahibkardan 3 min manat alarkən saxlanıb. DİN həmçinin, bəyan edib ki, F. Fərəməzoğlu bir qrup şəxslə birgə çoxsaylı sahibkar və vəzifəli şəxs barəsində rüsvayedici məlumatlar yaymaq hədəsi ilə onlardan külli miqdarda pul tələb edib.

Əgər ittihamlar sübut olunarsa, jurnalistə əmlakı müsadirə edilməklə 10 il həbs cəzası verilə bilər.

Jurnalistin məhkəməsi yeni başlayıb. O, ittihamları qəbul etmir.

Buna da bax: Fikrət Fərəməzoğlunun ittihamları ağırlaşdırıldı

F. Fərəməzoğlu 10 il öncə də cinayət məsuliyyətinə cəlb olunub. O zaman «24 saat» qəzetinin baş redaktoru olarkən daxili işlər naziri Ramil Usubovun şərəf və ləyaqətin qorunmasına dair iddiası üzrə məhkəməyə çəkilmişdi. Məhkəmə jurnalisti şərti olaraq 1 il azadlıqdan məhrum etmişdi.

Buna da bax:

Sizin brauzer HTML5-i dəstəkləmir

Jurnalist vəkildən və məhkəmədən imtina etdi