Bir neçə gün əvvəl həbs olunan jurnalist Əfqan Sadıqov dekabrın 1-də Cəlilabad Rayon Məhkəməsində keçirilən proses zamanı çıxışında belə deyib.
Bu haqda jurnalistin vəkili Elçin Sadıqov bilgi verib.
Azel.tv saytının təsisçisi və redaktoru olan A.Sadıqov noyabrın 22-də saxlanılıb və ona qarşı CM-in 127.2.3-cü maddəsi (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) ilə ittiham irəli sürülüb.
Buna da bax: Cəlilabadda jurnalistin məhkəməsi başlayır
Söhbət avqustda rayon İcra Hakimiyyətinin binasında baş vermiş insidentdən gedir. Ə.Sadıqov deyib ki, həmin vaxt dəhlizdə bir qadın ona yumruqla hücum edib, polis dərhal insidenti sağlamlığa ziyan vurma kimi protokollaşdırıb. Onun özü ittihamla üzləşib.
Məhkəmə prosesində işdə zərərçəkən Aliyə Rzayevanın çıxışı da dinlənilib.
O bildirib ki, avqustun 9-da saat 10:00-a yaxın Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının qəbulunda jurnalist onu vurub və o, huşunu itirib. O, vurulmasından bir neçə saatdan sonra özünə gəldiyini deyib.
Zərərçəkənin sözlərinə görə, onu mərkəzi rayon xəstəxanasına aparıblar, yeddi gün müalicə alıb.
Buna da bax: Cəlilabadda sahibi həbs olunan kimi sayt da yoxa çıxdı
Vəkil E.Sadıqov isə iş materiallarındakı uyğunsuzluqlara diqqəti çəkib. O, deyib ki, xəstəxananın qeydiyyat kitabında A.Rzayevanın ora avqustun 9-da, saat 15:30-da daxil olduğu bildirilir. “Bundan əlavə, cinayət materiallarında zərərçəkənin ifadə verdiyi tarix avqustun 9-u kimi göstərilir və altında qadının imzası var. O, huşsuz vəziyyətdə necə imza çəkə bilərdi?”, - vəkil sual edib.
Proses zamanı 6 şahiddən 4-nün ifadəsi dinlənilib. Onların hamısı İcra Hakimiyyətinin məsul vəzifəli şəxsləri olublar.
Müdafiə tərəfinin suallarına cavab verən şahidlər qəbul otağında videokameranın olduğunu təsdiqləyiblər. İcra başçısı bunun vasitəsilə baş verənləri izləyə bilər.
Buna da bax: İlham Əliyev 3 ildir «mətbuatın qənimidir»
“Lakin cinayət işi materiallarında avqustun 9-u üçün video qeydlərə baxış haqda məlumat yoxdur ki, bu da həqiqəti müəyyən etməyə kömək edər” - deyə Elçin Sadıqov qeyd edib.
Vəkil hesab edir ki, jurnalistin işi üzrə ittihamın versiyası boşa çıxır.
Növbəti iclas dekabrın 14-ü saat 10.00-a təyin edilib.
Jurnalist rayonla bağlı tənqidi yazılara görə, şərləndiyini düşünür.