Putin-in yeni doktrinası interneti idarə etməyə çağırır

V.Putin

Rusiyanın yeni informasiya təhlükəsizliyi doktrinası hökuməti internetin idarə olunması işini sistemləşdirməyə çağırır. Prezident Vladimir Putin-in imzaladığı doktrina dekabrın 6-dan qüvvəyə minib.

17-səhifəlik sənəddə internetin Rusiyanın təhlükəsizliyinə və milli maraqlarına təhlükəsindən, görülməli tədbirlərdən geniş şəkildə bəhs olunur. Ən çox müzakirə edilən terror təşkilatlarının təbliğat cəhdlərinin, eləcə də kompüterlərə kiber-hücumların və kiber-casusluğunqarşısını almaq yönündə görüləcək işlərdir.

Sonda Rusiyada internetin idarə olunması sistemini yaradılmasının vacibliyi vurğulanır. Bu isə Rusiyada internetə nəzarətin güclənəcəyindən ehtiyatlanan fəalların narahatlığına səbəb olub.

İnternetdə təhlükələrdən qorunmanın vacibliyini vurğulayan V.Putin hökumətinin özü digər ölkələrə kiber-hücumlarda günahlandırılır. Vaşinqton Moskvanın eyni taktikadan istifadə edərək, ABŞ-da seçkilərə təsir etməyə cəhd göstərdiyini bildirib.