"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyev Baş prokurorluğu məhkəməyə verib.
Bu barədə AzadlıqRadiosu-na həbsdə olan bankirin vəkili Aqil Layıcov məlumat verib.
Cahangir Hacıyev hesab edir ki, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov mətbuata açıqlamasında onun mütəşəkkil dəstəyə rəhbərlik etdiyini, milyonlarla vəsaiti ölkədən çıxarıb mənimsədiyini deməklə, onun təqsirsizlik prezumpsiyası hüququnu pozub.
Buna da bax: C.Hacıyev: 'Yarıtmaz devalvasiyanın müəllifi maliyyə naziridir'
C. Hacıyevin şikayətinə dekabrın 14-də Səbail Rayon Məhkəməsində hakim Nurəddin Bağırov baxacaq.
Cahangir Hacıyev barədə hökmün hələ qüvvəyə minmədiyini deyən vəkilin sözlərinə görə, həbsdəki bankir Baş Prokurorluğa qarşı şikayətinə adıçəkilən hakimin baxmasına etiraz edir. Ona görə də Nurəddin Bağırova yazılı şəkildə etiraz veriləcək.
Buna da bax: Prokurorluq: ‘Cahangir Hacıyev işi üzrə araşdırma davam edir’
Cahangir Hacıyev 2015-ci dekabrın 5-dən həbsdədi. O, bu il oktyabrın 14-də mənimsəmə, vəzifədən sui-istifadə, vəzifə saxtakarlığı kimi ittihamlarla 15 il azadlıqdan məhrum edilib. Cahangir Hacıyev Beynəlxalq Bankdan müxtəlif adamların adlarına kreditlər ayırıb, həmin vəsaitlərin özü və yaxınları tərəfindən mənimsənilməsində suçlu bilinir.
Amma C. Hacıyev ittihamları qəbul etmir. Həbsinə görə isə Maliyyə naziri Samir Şərifovu günahlandırır.