"Oğlan evi 2" filminin rejissoru: 'Yaxşı film çəkmək üçün, ən azı, 300 min lazımdı'

"Oğlan evi-2" filminin posteri.

Dekabrın 3-də “Nizami” Kino Mərkəzində “Oğlan evi-2” filminin premyerası oldu. Bundan əvvəlki “Oğlan evi”, tamaşaçılar tərəfindən maraqla izlənildiyinə və sevildiyinə görə filmin sikveli də həvəslə gözlənilirdi. “Oğlan evi-2” filmi onu gözləyənlərin ümidlərini doğruldacaq, ya yox, hələ bir müddət sonra bəlli olacaq, amma rejissor İlham Qasımov ikinci filmin də birinci qədər uğurlu olacağına əmindir. Ozu zalı İlham Qasımovla müsahibəni təqdim edir.

- İlham bəy, adətən, bir filmin sikveli o qədər də uğurlu alınmır, çünki bütün güc ilk filmə qoyulur və xətti davam etdirmək bir az çətin olur. Ona görə də sikvel çəkmək çox hallarda risklidir. Siz niyə bu riskə getdiniz?

- Bu layihə öncədən belə düşünülmüşdü, iki filmdən ibarət olmalıydı. Çünki ilk filmi öz sərmayəmiz hesabına çəkmişdik, demək olar ki, heç kimdən yardım istəməmişdik. Bir-iki şirkətə müraciət eləmişdik, sonra gördük ki, bizdən çox şey istəyirlər, product-placementin anlamını şirkətlərdə çox yaxşı bilmirlər. Odur ki, onlarla çox mübahisə eləmədik və dedik ki, eybi yox, bunun nə demək olduğunu filmdə göstərərik, başa düşən şirkətlər olsa, növbəti filmdə bizə yardım eləyərlər. Elə də oldu. Və çəkinmədən deyirəm ki, əgər nə vaxtsa hansısa filmin ikinci hissəsini çəkməyi düşünsəm, onun birincidən zəif olmayacağına yüzdə-yüz zəmanət verə bilərəm. Düzdü, həyatdı, hər şey baş verə, hansısa subyektiv səbəblər mane ola bilər, amma ssenari, layihə baxımından “birincidə bütün gücümüz getdi, ikinciyə enerji qalmadı” bizdə mümkün deyil.

Buna da bax: Neft qurtardı, film var

- Kommersiya filmlərinin əsas atributlarından biri ulduzlardı. “Oğlan evi-1”də bu ulduz Fərda Xudaverdiyev idi.İkinci filmdə ulduzlardan da imtina eləmisiniz, daha az tanınan oyunçulara üstünlük vermisiniz. Düzdü, qəhrəmanlarınız birinci filmdənsevilən personajlardılar, amma ulduz deyillər.

İlham Qasımov "Oğlan evi 2" filminin əsas qəhramanları ilə birgə.

- Mən elə deməzdim. Hüseyn Əzizoğlunun internetdə dörd yüz min təqibçisi var. Yəni kifayət qədərdi. Bəlkə ekranda olan, olmayan ulduzlara baxsaq, onların təqibçilərindən də qat-qat çoxdu. Nicat Rəhimov da “Bozbaş pictures”də tanınmış adamdı. Ona görə də bu dəfəki aktyor heyətimizin populyarlığı baxımından ikinci filmin potensial tamaşaçısı daha çoxdur. Digər tərəfdən isə ulduz dediyiniz çox şərti anlayışdı. Bütün dünyada olduğu kimi bu, Azərbaycanda da istisna deyil. Bir insan iki-üç, beş filmdən sonra tamaşaçıda artıq o qədər də təəccüb və sevinc yaratmayacaq. Mən ulduzların filmdən filmə dəyişməyinin tərəfdarıyam. Yeni simanı, yeni aktyoru tamaşaçıya necə çatdıracağı isə artıq rejissordan asılıdı. Mən bunu risk adlandırmazdım. Əgər aktyor obraza “yapışırsa”, o, artıq qəbul olunur. Necə ki, Elşən Hacıbabayev İsiyə hopub. O qədər bəyənildi ki, ikinci filmdə əsas personajlardan biri kimi iştirak etdi. Məsələn, birinci filmdə Qurban Məsimovu çəkəndə, baxmayaraq ki, dostuq, özünə demişdim ki, sənin rolunun xarakterini açsaq, yumoru qurban verməli olacağıq. Buna isə yol verə bilmərik, sənin qəhrəmanın səthi obrazdı. Qurban razılıq verdi, dedi ki, eybi yox. İkinci filmdə onun personajını inkişaf etdirdik...

- Həm də əməlli başlı.. Artıq onun xasiyyəti var, qəlib deyil.

- Eyni hal İsi obrazı üçün də keçərlidi. Birinci filmdə epizodikdi, ikinci filmdə daha geniş yer vermişik ona. Bu, artıq ulduz yaratma mexanizmidi. Biz reklamdan gəldiyimizə görə bu hiylələri yaxşı bilirik.İndi prikvel çəkmək istəsək, adını “İsi” qoya bilərik. Sizcə, satılmazmı?

- Təkcə İsi yox, personajların əksəriyyəti yaddaqalan idi, baxmayaraq ki, tanınmış aktyorlar deyillər. Kastinqi necə həyata keçirmişdiniz?

- Bizim bir Səbinə xanım var. Çoxdan kastinqlə məşğul olur. Ilkin kastinqi o keçirirdi, sonra namizədləri göndərirdi bizə, biz də seçib təsdiqləyirdik. Aktyorları yalnız fakturalarına görə seçirdik. Məsələn, bizə alverçi, hiyləgər bir adam lazımdı. İqrar müəllimi Şəkidən çağırdıq, gəldi, qoşuldu layihəyə. Mən razı qaldım. Düşünürəm ki, tamaşaçılar da həmçinin. Məncə, obrazlar və aktyorlar faktura baxımından üst-üstə düşüblər. Xüsusilə də, maşın alverçiləri.

Buna da bax: "Oscar"ın "Ən yaxşı əcnəbi film" siyahısında Qafqazdan təkcə Gürcüstan var

- “Oğlan evi 1”-dən fərqli olaraq ikincidə ssenari də xeyli təkmilləşdirilmişdi. Ssenarini yazanda təsvir elədiyiniz hadisələri, personajları araşdırmışdınızmı? Məsələn, maşın bazarını, satıcıları...

"Oğlan evi-2" filmindən bir səhnə.

- Mütləq araşdırırıq. Hər dəfə. Ümumiyyətlə, bir mövzuya toxunub axıra qədər araşdırmamaq qeyri-peşəkarlıq olardı. Məsələn, biz niyə alverçiləri seçmişdik? Aktual olmaqla yanaşı burda bir rəmzilik də vardı. Maşın alverçisi, alverçı peşəsi, əslində, bütün Azərbaycan biznesinin bir siması kimi göstərilib. Yalan üzərində qurulmuş münasibətlər... Çox təəssüf ki, həyatımızda bir çox hallarda bununla rastlaşırıq. Hara gedirsənsə, malı sənə təkcə satmağa yox, həm də aldatmağa çalışırlar. Ona görə bizdə qiymətlər çox bahadı. Bir məşhur kəlam da var bununla bağlı: “Aldadıb qabağa düşək”. Hər yerdə budu. Və biz ən çox aldadanlardan biri olaraq maşın alverçisini rəmzi seçmişdik. Filmin ana mesajı odur ki, bir-birimizi aldada-aldada hara gedirik?! Təbii ki, maşın bazarına getmişdik, ordakı insanlarla danışmışdıq. Onlar əhvalatlarını danışırdılar bizə. Məsələn, belə bir şey danışdılar: alverçilərdən biri əlini maşının şüşəsinin üstünə qoyub and içir ki, buna boya dəyməyib. Və ona görə şüşənin üstünə qoyur ki, əli bir az aşağı toxunsa, günaha batmış olar deyə fikirləşir. Ya da məsələn, ordakılar qrup şəklində işləyirlər, maşınların qiymətini salmaq üçün əməlli-başlı səhnəciklər qururlar. Məsələn, öz halal maşınını satana bir-bir yaxınlaşırlar və maşının hər hansı bir yerinin boyandığını deyirlər. Bu o qədər təkrar olunur ki, axırda satan özü də şübhəyə düşür. Günün sonunda biri yaxınlaşıb çox aşağı məbləğ təklif eləyəndə razılaşır. Səhəri gün həmin maşın bazarda baha qiymətə satışa çıxarılır. Bunların hamısını bizə bazarda danışıblar.

- Bu filmdə qeqlər də orijinal idi. Onları necə fikirləşirdiniz, kollektiv düşüncənin məhsuludu, yoxsa...

- Birlikdə fikirləşirik. Bu “KVN”dən (Şən və Hazırcavablar Klubu) qalma bir şeydi. “Brain storm” deyilir. Biz “ideya axını” deyirdik. Mən, Tural Sevdimalı, Dj Fateh birlikdə otururduq, bir-bir fikirlərimizi deyirdik, nəticədə ortalığa maraqlı bir şey çıxırdı. Məsələn, burun səhnəsini çox asan tapdıq. Düşündük ki, qəhrəmanlar maşını əllərindən qaçırdandan sonra yolda nə ilə rastlaşsınlar? Təbrizdən gələn maşının içinə kimisə salmalı idik. Alverçilər? Yox, maraqlı deyil. Yatan adamlar maraqlı deyil. Əməliyyatdan gələn xanımlar? Hə. Dərhal səhnə bütün ardıcıllığı ilə bəlli oldu. Düzdü, çox vaxt aparır. Ssenari dörd-beş aya yazılıb. Altı aya yazsaydıq, ideal olardı, təəssüf ki, o qədər vaxtımız yox idi. İndi qıraqdan baxanda dəyişmək istədiyim bəzi məqamlar tapıram. Kommersiya qanunları bizi müəyyən çərçivələrə salır deyə bəzi balaca nöqsanlar ola bilər.

İlham Qasımovun "Oğlan evi -2" filminin treyleri.

- Əslində film, məhz, burnu əməliyyatlı xanımlar səhnəsindən sonra dinamika qazanır.

- Razıyam. Filmin əvvəli, təxminən, 10-15 dəqiqə dialoqlar üzərində qurulub. Bunun da sırf maddi səbəbi var. Birinci filmdə kifayət qədər çox pul xərcləmişdik. Bu, fond deyil, axı. Kinoteatrlardan da gəlir gəlmir. Ona görə də bu dəfə düşündük ki, heç olmasa, bir-iki səhnəni dialoq üzərində quraq. Düzdü, bu, keyfiyyyətə təsir eləyir, amma biz mesenat deyilik. İmkanımız olsaydı, o səhnələri daha zəngin eləyərdik və siz cüzi sıxıntı belə hiss eləməzdiniz. Hərçənd ilk nümayişdəki qüsurların çoxu “Nizami” kinoteatrının xətaları idi.

Buna da bax: Avropa inəyindən film çəkib məşhurlaşan rejissor Oxu Zalına danışır

- Haqlısınız, “Nizami” kinoteatrında səs texnikası bərbaddı, dialoqlar aydın eşidilmir...

- Çox güman ki, premyeralarımızı bir də orda keçirməyəcəm. İsinin “namaz əhli olmalıydım, kamaz əhli oldum” cümləsini eşitdiniz? Halbuki mənə görə, filmdə səslənən həlledici ifadələrdən biri idi. Ya da Qurban Məsimovun personajının başına ağardıcı tökəndə dedikləri... Digər zallarda isə bunların hamısı eşidilir. İş ondadı ki, qala üçün beş yüz nəfərlik zalı güc-bəla ilə tapa bilirik, özümüz ayaq üstdə qalırıq. O biri zallar balacadı. Amma qərar vermişəm: premyeraları daha “Nizami”də eləməyəcəm.

- Söhbətimizin əvvəlində gizli reklam – product placement məsələsinə toxundunuz, Azərbaycanda bir çox şirkətlərin bunu anlamadığını dediniz. Amma filmdə gizli reklamdan kifayət qədər istifadə olunub. Bu, sponsorların tələbi idi, yoxsa sizin onlara jestiniz idi?

"Oğlan evi 2" filminin əsas aktyorları.

- Özümüz eləmişik. Biz reklam istehsal eləyən şirkət kimi fəaliyyətə başlamışıq. Ona görə də çox gözəl bilirik, bu işi tamaşaçını qıcıqlandırmamaq şərti ilə necə eləmək lazımdı. Əgər qıcıq yaradacaq hər hansı məqam olsaydı, ondan imtina eləyərdik. Yəni heç kim bizə deyə bilməzdi ki, “mənim məhsulum filan yerdə görünsün”. Belə bir şeyə ehtiyac yaransaydı, həmin məhsulla bağlı hadisə salacaqdıq. Əgər bu reklam tamaşaçını qıcıqlandırırsa, ondan qazanılan 10-20 minə dəyməz. Baş sponsorumuz, ümumiyyətlə, bizdən heç nə istəmədi, ilk filmdən sonra yardımçı olmaq istədiklərini bildirdilər. Biz də bacardığımız qədər onun əvəzini verdik. Finala onların adının hallandığı hadisə saldıq. Kimdən soruşmuşuqsa, deyib ki, çox orqanikdi və heç kimi qıcıqlandırmır. O doğrudur ki, bizdə product placementi bilmirlər. Başa düşmürlər ki, onların istədikləri reklam forması həm məhsula, həm də filmə ziyandı. Tamaşaçı ona baxmayacaq.

- İlham bəy, bir neçə il əvvəl bir dəfə də kommersiya filmlərinin kütləvi istehsalı dalğası olmuşdu. Bir-birinin ardınca filmlər çəkilirdi – “Məhəllə” silsiləsi, “İnterpapa”, “Bomba” və s. Amma o zaman bu səmərəsiz oldu. Yəqin ki, şərait uyğun deyildi, indiki qədər kinozallar yox idi, ona görə. Amma indi, xüsusilə də, son bir ildə kommersiya kinosunun ikinci dalğası başlayıb və uğurla davam eləyir. Həm gəlir gətirməsi baxmından, həm...

- Bu mifdi.

Buna da bax: Azərbaycanlı rejissorun filmi Gürcüstanın şəhərlərində göstərilir

- Niyə mifdi? Yəni o deyilən gəlirlər yoxdu?

- Yox, o gəlirlər yoxdu. Mən hardasa oxudum ki, hansısa film milyon qazanıb...

- Milyon yox, 400 min. “Xoxan” filmindən gedir söhbət.

"Oğlan evi 2"nin qalası.

- Gəlir olaraq? Bəs filmin istehsalına nə qədər sərf olunub? Yaxşı film çəkmək üçün, ən azı, 300 min lazımdı. Ən azı! Biz indi film çəksək, ən azı, həmin 400 mini xərcləməliyik. Burda hansı gəlirdən söhbət gedə bilər? Və “Xoxan” ekranlara çıxanda tək idi. O zaman rəqibləri az idi. İndi, maşallah, iki həftədən bir təzə film çıxır. Odur ki, indi həmin məbləğ yüzdə-yüz olmayacaq. Artıq tamaşaçı da təcrübəlidi və seçimi var. Məsələn, “Oğlanevi 2”-yə baxanların bəziləri dedi ki, birinci film daha yaxşı idi, bəziləri əksinə ikincini tərifləyir. Bu o deməkdi ki, “Oğlan evi” müəyyən bir səviyyə yaradıb. Ondan daha aşağı keyfiyyətli film çəkmək tamaşaçını itirmək deməkdi. Tamaşaçı o filmə gəlməyəcək, həmin gəlirlər olmayacaq. Digər tərəfdən tamaşaçıların sayı da azdı. Ona görə də o gəlir məsələsi çox şübhəlidi. Yenə deyirəm, yaxşı keyfiyyətli film çəkmək üçün 300-400 min vəsait lazımdı və onu, ən azı, 150-200 min tamaşaçı izləməlidir. Çünki istehsalçıya hər biletdən 2 manat qalır. Həmin 400 mini qaytarmaq üçün filmə 200 min tamaşaçı baxmalıdı. Sadəcə sərf olunan məbləği qaytarmaq üçün. Gəlir bu məbləğ qayıdandan sonra ola bilər. Dünyada bütün istehsalçı şirkətlər, azı, 30% gəlirlə işləyir. Çünki film istehsalı riskdi. Bir dəfə uğurlu ola bilər, bir dəfə uğursuz. Bu riskin altına girmək üçün, ən azı, 30% düşünmək lazımdı. Indi həmin 30%-i də 400 minin üstünə gəlin. Bu, yarım milyondan çox eləyir. 250 minə yaxın tamaşaçı lazımdı bunun üçün. Varmı bizdə? Bəzi rayonlara da gedir filmlər. Amma yenə də azdı. Bizdə 100-120, 150 min tamaşaçı baxa bilir. Ona görə də sponsorun, dövlətin dəstəyi olmadan kommersiya filmləri yaxşı səviyyəyə qalxmayacaqlar.

- Siz fikirləşirsiniz ki, kommersiya filmlərinə də dövlət dəstək verməlidi?

- Bu da iqtisadiyyatın bir sahəsidi. Hər sahənin təməlinin qoyulması üçün dövlət dotasiyası vacibdi. Hər yerdə belədi və mütləqdi. Pambıq əkmək istəyirsinizsə, bunun üçün dövlət əvvəlcədən 4-5 milyon ayırır, infrastruktur yaranır, ondan sonra başlayır gəlir gətirməyə. İstənilən sahədə belədi, həmçinin kinoda da. Öncədən mütləq müəyyən dotasiyalar olmalıdır. Tamaşaçı deyir ki, mənə keyfiyyətli məhsul ver, zəif filmlərə gəlmirəm. Və o, tamamilə haqlıdı.

Buna da bax: 'Gələn il Azərbaycan «Oskar»a iki film göndərəcək'

- Kommersiya filmlərinin hazırkı uğurları hətta bu sahəyə bağlı dövlət təşkilatlarını da ruhlandırıb, məsələn, uzun illərdi adı belə çəkilməyən “Kino haqqında qanun” oxundu, Milli Məclisin müzakirəsinə göndərildi. Siz və həmkarlarınız daha rahat işləyə bilmək üçün hansı maneələrin aradan qaldrılmağını, qanunda nəzərə alınmağını istəyərdiniz?

- Paradoksal bir məsələ var. Təşkilati məsələlər ikinci dərəcəlidi. Kino – sırf maliyyə deməkdi. Filmə nə qədər maliyyə sərf eləyirsənsə, tamaşaçı hamısını ekranda görür. Ona görə də birinci maliyyə dəstəyi lazımdı. Bu şərtdi. İkinci digər məsələ kultivasiya – məhsulumuzun yayımıdı. Bildiyim qədərilə sovet dövründə teatrda belə bir qayda vardı – repertuarın 30%-i azərbaycanlı dramaturqların əsərləri olmalıydı. Almaniyada fondlar var ki, istehsalçı şirkətin qarşısına şərt qoyurlar. Deyirlər ki, sənə filan qədər vəsait verirəm, amma filmin 30%-i bizim ARRİ kameraları ilə çəkilməlidi, 30%-i hərəkətli olmalıdı və ya səsi mütləq bizim atelyelərdə yazılmalıdı. Səbəb nədi? Milli industriyanı inkişaf etdirmək. Dəstək vermək mümkündü. Məsələn, kinoteatrlarla danışmaq olar ki, repertuarın 30%-i Azərbaycan filmləri olmalıdı. Düzdü, kinoteatr deyə bilər ki, biz kommersiya qurumuyuq, bizə belə şərt qoya bilməzsiniz.

- Qanunda nəzərdə tutulsa, mümkündü.

"Oğlan evi 2" filminin çəkiliş meydançasından.

- Yəni məsələyə hərtərəfli yanaşmaq lazımdı. Həm də sahibkarın hüquqları pozulmamalıdı. O, deyə bilər ki, onda mənə keyfiyyətli məhsul verin. Görürsünüz, yenə də hər şey keyfiyyətə bağlanır. Bu da yalnız maliyyə dəstəyi ilə mümkündü. Hələ vergidən azad olunmaqdan danışmıram. Bu da maliyyə dəstəyi kimi bir şeydi.

- Janrı dəyişmək fikriniz varmı?

- Təbii ki, mümkündü, sadəcə özünü doğrultmalıdı. Ya da dövlət deməlidi ki, buyur bu 200 mini, bir drama çək.

- Komediyalarla yanaşı bir neçə melodram da çəkilmişdi, amma heç biri uğur qazanmadı. Halbuki məsələn, Özcan Dənizin, Murad Bozun filmləri komediya deyil, amma uğurla izlənilir. Həmçinin digər türk melodramları. Səbəb təkcə maliyyədimi?

- Özcan Dəniz 7-ci mikrorayonda, ya da Əhmədlidə yaşamır. O əlçatmazdı. Burda səbəb ulduz məsələsidi. Azərbaycanda ulduz kimi təqdim edə biləcəyimiz bir sima yoxdu ki, xanımlar ona vurulsun və “nə qəşəngdi, mən buna görə o filmə baxaram” desin. Nə belə qadın siması var, nə kişi. Demirəm ki, bizimkilər istedadlı deyillər. Yox. Sadəcə biz balaca ölkəyik. Ulduz yanımızda yaşamamalıdı. Biz o ulduzu restoranda görməməliyik, o, əlçatmaz olmalıdı. Özcan Dəniz əlçatmazdı, ona görə də xanımlar ona baxmaq üçün özlərini öldürürlər. Əslində bizdə o ulduzu yetişdirmək mümkündü, müəyyən nağıllar vasitəsilə. Türkiyədə də bu məsələ var. Amma onlarda ulduzlar əlçatmaz ola bilirlər. Məsələn, Burak Özçivit. Ona elə imic yaradıblar. Biz balacayıq, hamı bir-birini tanıyır. Əvvəllər Fəxrəddin Manafov, Fuad Poladov var idi. Onlar özlərini ulduz kimi qoruya bilirdilər.

- Fuad Poladovu Fəvvarələr meydanında insanların içində görmək mümkündü...

- Mümkündü, amma o, alicənablığını, nüfuzunu qoruya bilir. Ulduzluq – statusdu, onu qorumaq lazımdı. Məsələn, bizim müğənnilərə niyə elə baxmırlar? Onlar niyə stadionda konsert verə bilmirlər? Ona görə ki, onları istənilən toyda görmək, yaxınlaşıb selfie çəkmək mümkündü. Düzdü, onlar bunu məcburiyyət qarşısında eləyirlər. Toylar gəlir gətirir, ayda 30-40 min qazanır. Ona görə də deyir ki, nəyimə lazımdı əlçatmaq olmaq, evdə bohema kimi oturmaq, amma ac qalmaq?! Toylarda pulumu qazanıram də. Amma buna görə stadionda konsert də verə bilmirlər.

Buna da bax: Gənc rejissor az büdcəylə film çəkməyin çətinliyindən danışır

- Bu yaxınlarda internet kanallarının birində yerli kommersiya filmləri haqqında veriliş yayımlandı. Siz də həmin verilişdə iştirak edirdiniz. Ondan sonra belə bir təklif oldu ki, sizinlə- peşəkar prodüserlərlə “rəsmi prodüserlər” arasında debat keçirilsin. “Rəsmi prodüser” deyiləndə dövlət sifarişi ilə kinostudiyada istehsal olunan filmlərin “prodüserləri”ni nəzərdə tuturlar..

- Yox, sadəcə vaxt itkisi olacaq. Əslində ümumi vəziyyət dəyişməlidi. Prodüserlərin oturub bir-biri ilə danışmasıyla heç nə dəyişməyəcək. Biz istehsalçıyıq. Dövlət proqramı olmalıdı.

- Elə bir dövlət proqramı var, amma ona əməl olunmur.

- Mən o incəlikləri bilmirəm, amma qıraqdan gördüyümü deyim. Filmlər festivallar üçün istehsal olunur və bu normaldı. Azərbaycan mədəniyyətini xaricdə təbliğ eləmək nazirliyin bilavasitə işidi. Həm kino, həm teatr, həm də digər sənət növləri vasitəsilə. Amma müəyyən bir təbəqə var ki, o, nəzərdən qaçıb. Söhbət tək xaricdə təbliğdən getmir. Mədəniyyət nazirliyi həm də ölkə daxilində mədəniyyəti təbliğ eləməlidi. Bu isə pop, kommersiya filmləri vasitəsilə daha yaxşı alınar. Ki, bununla artıq özümüz məşğul oluruq, fimimizdə dəyər-mesaj kimi hansısa fikri verə bilirik, amma məncə, nazirlik də bunu eləməlidi. Bu, gənclərin düşüncəsini dəyişə bilər, hansısa maraqlı bir film onların zövqünə təsir eləyə bilər. Əgər dövlət sifarişilə çəkilən filmin tamaşaçısı yoxdusa, deməli, təsiri də yoxdu. Mədəniyyət Nazirliyi elə filmlər çəkməlidi ki, onlara 150-200 min adam baxsın. Dəyərlərimizi təbliğ eləyən filmlər də sifariş olunur və nazirliyin, məsələn, “filmdə ağsaqqallara hörmət ideyası önə çəkilsin”, ya da “Qarabağ bizim qədim torpağımızdı mesajı olsun” kimi tələblər qoymağa haqqı var. Ola bilsin ki, yaradıcılar bu işi yaxşı yerinə yetirmirlər.

- Daimi izlədiyiniz rejissorlar varmı?

- Dünən Robert Zemeckisin təzə filminə baxdım. Çox gözəl filmdi. Blockbasterləri izləmirəm, onlar başqa tipli məhsuldu, uşaqlar, yeniyetmələr üçün nəzərdə tutulub. Robert Zemeckisin, Spielbergin filmlərini sevirəm. Antonioninin də adını çəkə bilərəm. Amma onun filmləri də başqa tiplidi. Əgər sən film çəkirsənsə və onu geniş kütlə izləmirsə, bu mənə qəribə gəlir.