Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsi məcburi köçkünlərin istifadə etdikləri kommunal xidmət xərclərinin plastik kartla onların özlərinə verilməsi təklifinə münasibət bildirib.
Hazırda bu proses Nazirlər Kabinetinin 2002-ci il yanvarın 22-si təsdiqlədiyi «Məskunlaşmamış qaçqın və məcburi köçkünlərə güzəştlərin müavinətlə əvəz olunması ilə əlaqədar onların ödənilməsi Qaydası»na əsasən həyata keçirilir. Komitə məcburi köçkünlərin istifadə etdiyi kommunal xidmət xərclərini müəyyən limit çərçivəsində mərkəzləşmiş qaydada ödəyir.
Komitədən APA-ya bildirildiyinə görə, köçkünlər onlara təklif edib ki, kommunal xidmətlərin dəyəri mərkəzləşmiş qaydada xidmət təşkilatlarına yox, vahid plastik kart vasitəsilə onların özlərinə verilsin:
Buna da bax-Pulu bəlkə köçkünün özünə versinlər?
«Bu gün ölkə ərazisində öz yaşayış ünvanlarını dəyişərkən faktiki istehlaka görə kommunal xidmət xərclərinin ödənilməsi üçün həyata keçirilən müəyyən prosedur qaydaları artıq əlavə problemlərin yaradılmasına gətirib çıxarırdı. Məcburi köçkünlərin həmin müraciətləri nəzərə alınaraq onların istifadə etdiyi kommunal xidmətlərin dəyərinin plastik kart vasitəsilə onların özlərinə verilməsi məsələsi xeyli vaxtdır ki, müvafiq dövlət qurumları ilə müzakirə olunur. Məcburi köçkünlərin təşəbbüsü ilə qaldırılan və hazırda müzakirə olunan bu məsələ onların özlərinin xeyrinə olan ən səmərəli bir variantdır».
Komitə hesab edir ki, burada əsas məqsəd məcburi köçkünlərin müstəqil həyat tərzinə uyğunlaşdırılmasıdır.
Eyni zamanda bununla israfçılığın qarşısının alınacağı və dövlət büdcəsinin vəsaitlərinə qənaət ediləcəyi güman edilir.
Parlamentdə 20017-ci ilin dövlət büdcəsi layihəsi müzakirə edilərkən deputat Çingiz Qənizadə də eyni təkliflə çıxış etmişdi.