Azərbaycan iqtisadiyyatı hey kiçilir

Dövlət Statistika Komitəsi

2016-cı ilin yanvar-noyabr aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar 54 milyard 433.1 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal edib.

Bu, əvvəlki ilin eyni dövrünə nisbətən 3.9 faiz azdır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, buna tikinti sektorunda istehsalın keçən ilin eyni dövrü ilə müqayisədə 27.9 faiz azalması səbəb olub.

Əlavə dəyərin 37.5 faizi sənayenin, 10.7 faizi ticarət; nəqliyyat vasitələrinin təmirinin, 10.3 faizi tikintinin, 6.7 faizi nəqliyyat və anbar təsərrüfatının payına düşüb. Bundan başqa, kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıqda 5.4, turistlərin yerləşdirilməsi, ictimai iaşədə 2.5, informasiya, rabitə sahəsində 1.8 və digər sahələrdə isə 17.6 faiz istehsal olub.

Məhsula və idxala xalis vergilər ÜDM-in 7.5 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 5 min 649.9 manata bərabər olub.

SƏNAYE İSTEHSALI DA AZALIB

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar bu ilin 11 ayında 28.8 milyard manatlıq məhsul istehsal edib. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0.6 faiz azdır.

Sənaye məhsulunun 65.4 faizi mədənçıxarma, 28.5 faizi emal, 5.3 faizi də elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsal olunub. Habelə, istehsalın 0.8 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunun payına düşüb. Mədənçıxarma sektorunda neft hasilatı 1.5, əmtəəlik qaz hasilatı isə 4.9 faiz azalıb.

Komitənin məlumatına görə, sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 4.9 faiz artıb. Neft sektorunda isə 1.3 faiz azalıb.