Hesablama Palatasına dövlət və icmal büdcələrinə nəzarət ilə bağlı yeni səlahiyyət verilir.
Prezident İlham Əliyev bununla əlaqədar “Büdcə sistemi haqqında” qanuna dəyişikliklər edilməsi ilə bağlı təqdimat verib.
APA xəbər verir ki, ölkə başçısı qanunun 11, 15, 16, 18 və 20-ci maddələrinə dəyişikliklər təklif edib.
Buna da bax: Hesablama Palatası 'şişirdilmiş milyonları' niyə görmür?
Layihəyə əsasən, növbəti ili üzrə dövlət büdcəsinin, icmal büdcənin layihəsi və sonrakı 3 il üzrə icmal büdcənin göstəriciləri cari ilin sentyabr ayının 15-dək müvafiq icra hakimiyyəti orqanı ilə yanaşı, Hesablama Palatasına da təqdim olunacaq.
Sənədə görə, eyni zamanda dövlət büdcəsi mətbuatda dərc edildikdən sonra onun gəlirlərinin və xərclərinin təsnifatını müvafiq icra hakimiyyəti Hesablama Palatasına verəcək.
Buna da bax: Dövlət agentliyində maliyyə pozuntuları
Digər düzəlişə görə isə, dövlət büdcəsinin gəlirlərinin icrasını təmin edən orqanlar aylıq, rüblük və ilin əvvəlindən artan yekunla gəlirlərin təsnifatı üzrə hesabatları həm də palataya təqdim etməlidirlər.
Layihəyə görə, dövlət büdcəsinin icrası prosesində gəlirlərin, funksional, iqtisadi və inzibati təsnifat üzrə xərclərinin bölgüsündə dəyişiklik edildiyi təqdirdə, bu barədə məlumatlar da Hesablama Palatasına göndəriləcək.
Layihə Milli Məclisin plenar iclasında dekabrın 16-da müzakirə olunacaq.
Buna da bax: Daha iki rayonda büdcə pulları düzgün xərclənməyib
Azərbaycanda Hesablama Palatası 2001-ci il iyunun 12-də yaradılıb. Palata həmin il dekabrın 7-dən rəsmən fəaliyyət göstərir.
Müstəqil ekspertlər hesab edirlər ki, palata bir qayda olaraq kiçik maliyyə pozuntularını üzə çıxarsa da, böyük korrupsiya hallarından yan keçir. Onlar bunu ölkədə azad və ədalətli seçkilərin keçirilməməsi və parlamentin Hesablama Palatasının hesabatlarına formal yanaşmaları ilə izah edirlər.