Nardaran sakini Natiq Kərimov barəsində olan cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
APA-nın xəbərinə görə, dekabrın 15-i ona yekun ittiham elan edilib. Dekabrın 16-dan N.Kərimov vəkili ilə birgə cinayət işinin materialları ilə tanış olmağa başlayacaq.
Ötən il noyabrın 26-sı güc orqanları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib. Həmin əməliyyatda iksi polis olmaqla, 6 nəfərin öldüyü bildirilir. Rəsmi bilgilərə görə, hazırda Nardaran hadisələri ilə bağlı 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında 87 nəfər göstərilir) şəxs hazırda həbsdədir.
N.Kərimovu da Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları həmin hadisələrdən bir qədər sonra həbs ediblər. Dövlətə xəyanətdə günahlandırılan N.Kərimov daha sonra da ev dustaqlığına buraxılıb. O, ittihamı qəbul etmir.
Nardaran hadisələri vaxtı mətbuat vasitəsilə N.Kərimov yerli sakinləri zorakı üsullardan istifadə etməməyə çağırırdı. Bununla belə, o, daim Nardaranın sosial problemlərini qaldırıb.