Hərbi vəziyyət olarsa...

Münaqişə bölgəsi.

Ölkə parlamenti yenidən hazırlanmış “Hərbi vəziyyət haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edib.

Layihəni təqdim edən parlamentin birinci vitse-spikeri Ziyafət Əsgərov bildirib ki, son vaxtlar Ermənistanın diversiya qruplarının tez-tez cəbhədə gərginlik yaradır.

APA-nın xəbərinə görə, Z.Əsgərov qeyd edib ki, informasiya cəbhəsində baş verənlər qanunun yenidən hazırlanmasını zəruri edib.

Buna da bax:​ Hərbi vəziyyət haqqında Qanun dəyişdirilir

Yeni qanun layihəsinə görə, ərazinin müəyyən hissəsi işğal olunsa, xarici dövlətlər müharibə elan etsə, ölkəyə qarşı real silahlı hücum təhlükəsi yaransa, Azərbaycan ərazisi blokadaya alınsa və ya buna real təhlükə olsa hərbi vəziyyət elan edilir.

Hərbi vəziyyət zamanı əhali digər yerə köçə bilməyəcək

“Hərbi vəziyyət haqqında” qanun layihəsi 6 fəsil 27 maddədən ibarətdir. Hazırda qüvvədə olan qanunda göstərilir ki, ölkədə hərbi vəziyyətin elan olunması ilə bağlı dövlət başçısı parlamentə müraciət edir. Milli Məclis 72 saat ərzində bu məsələyə baxıb qərarını verir.

Yeni qanun layihəsində bu müddət 48 saata endirilib.

Buna da bax: 'Müharibə başlayacağı halda...'

Qanunda əks olunan digər məsələlər isə hərbi vəziyyətin elan olunması zamanı bütün qurumlarda hərbi rejim qaydalarının tətbiqi ilə bağlıdır. Hərbi komendaturaların yaradılması, hərbi vəziyyət zamanı əhalinin bir yerdən digər yerlərə köçməməsi və digər məsələlər layihədə əksini tapıb.

KİV-lərin fəaliyyətinin dayandırılması, materiallara hərbi senzura...

Yeni layihədə hərbi vəziyyət tətbiq edildiyi ərazidə kütləvi informasiya vasitələrinin xüsusi fəaliyyət rejiminin tətbiq edilməsi, qanuni əsaslar olduqda onların işinin məhdudlaşdırılması və ya dayandırılması haqqında aidiyyəti orqanlara təqdimatlar verilməsi nəzərdə tutulur.

KİV-in məlumatlarının və materiallarının hərbi senzuradan keçirilməsi, bu məqsədlə hərbi senzura orqanlarının yaradılması, sosial media, elektron yazışma, telefon və radio danışıqlarına nəzarətin həyata keçirilməsi nəzərdə tutulur.

Buna da bax:​ Ələsgər Məmmədli: 'Parlament öz səlahiyyətlərini aşır'

Toplaşma azadlığına məhdudiyyətlər...

Qanun layihəsində həmçinin hərbi vəziyyət elan olunan zaman hərbi senzuranın tətbiqi nəzərdə tutulur. Hərbi senzura - kütləvi informasiya vasitələrinin məlumat və materiallarının hərbi idarəetmə orqanları, dövlət orqanları və onların vəzifəli şəxsləri ilə əvvəlcədən razılaşdırılmasını təmin edir. Habelə, onun işi dövlət sirri təşkil edən məlumatların qeyri-qanuni yayılmasının qarşısının alınması məqsədi ilə yazışma, televiziya və radio yayımına, telefon və radio danışıqlarına nəzarətin həyata keçirilməsindən ibarətdir.

Qanun layihəsində hərbi vəziyyət rejiminin təmin edilməsinə yönəlmiş tədbirlər sırasına “yığıncaqların, mitinqlərin, küçə yürüşlərinin, nümayişlərin, piketlərin keçirilməsinin qadağan edilməsi və ya məhdudlaşdırılması” da daxil edilib.

Buna da bax: Azərbaycan kimi kiçik ölkələr necə davranmalıdır?

Yenidən hazırlanmış “Hərbi vəziyyət haqqında” qanun layihəsi ilk açıqlandığında ekspertlər onu narahatlıqla qarşılanmışdı.

Onlar layihənin özəlliklə ifadə və toplaşma azadlığına ciddi təhdidlər yaratdığını qeyd edirdilər. Ölkə konstitusiyasına istinad edən ekspertlər yada salırdılar ki, “Azərbaycanda kütləvi informasiya vasitəsi üzərində hər hansı dövlət senzurası qadağandır”.

Qanun layihəsi bu baxımdan Konstitusiyaya zidd hesab edilirdi.