Yeni xəritəyə də 1 milyard 170 milyon lazımdır

Avro və dollar banknotlar

Hökumət daha bir strateji yol xəritəsini açıqlayıb. Xəritə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə bağlıdır.

Sənəd ölkə başçısının rəsmi internet saytında yerləşdirilib.

177 səhifəlik xəritədə 9 strateji hədəf müəyyən edilib. Hədəflər kənd təsərrüfatının müxtəlif istiqamətlərini əhatə edir.

Əsas strateji hədəf kimi “ərzaq təhlükəsizliyinin dayanıqlılığının təmin edilməsi üçün institusional potensialın gücləndirilməsi” seçilib.

Buna da bax:​ Daha bir 'strateji xəritə' açıqlandı

ÜTT-yə üzvlük reallaşarsa...

Sənədə görə, bu hədəfə çatmaqdan ötrü ərzaq təhlükəsizliyinin dayanıqlılığı, əhalinin ərzağa təminatı ilə bağlı məlumat və monitorinq sistemi təmin edilməli, Ərzaq Təhlükəsizliyi Komissiyası yaradılması imkanları öyrənilməlidir.

Ərzaq məhsullarının istehsalı, idxalı, ehtiyatları və ticarət axınları üzrə vahid elektron informasiya portalının yaradılması da fəaliyyətlər sırasına daxil edilib.

Sənəddə Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyü məsələsinə də toxunulub. Qeyd edilir ki, Azərbaycan ÜTT-yə üzv olarsa, beynəlxalq bazarlara çıxışla əlaqədar daha geniş imkanların yaradılması nəzərdə keçiriləcək.

Buna da bax: 'Yol xəritəsi': 'Vəziyyətdən çıxmaq üçün 27 milyard lazımdır' [video]

“Kənd təsərrüfatı məhsullarının istehsal potensialının dəyər zənciri üzrə artırılması” hədəfinə çatmaqdan ötrü həm daxili, həm də xarici bazarlarda rəqabətqabiliyyətli istehsal potensialının gücləndirilməsi nəzərdə tutulur.

Meyvə bağları və üzüm plantasiyalarının genişləndirilməsi təşviq edilməli, təzə kartof istehsalının artırılması dəstəklənməli, örtülü torpaqlarda, o cümlədən istixanalarda faraş tərəvəz istehsalı artırılmalıdır.

Yenə pambıq...

Hökumət həmçinin, qurudulmuş və dondurulmuş meyvə-tərəvəz məhsulları, pambıq, tütün və barama istehsalının artırılmasını təşviq etməlidir.

Buna da bax:​ Prezident 12 strateji yol xəritəsini təsdiqlədi

Xəritədə göstərilir ki, yaxın 4 ildə çay plantasiyaları 2 dəfə genişləndirilməli, tütün idxalı 50 faiz azaldılmalı, pambıq istehsalı və emalı sahəsində istehsal həcmi ən azı 4 dəfə artırılmalıdır. Bundan başqa barama istehsalı, emalı isə ən azı 1000 dəfə yüksəlməlidir.

Xəritənin digər hədəfləri maliyyəyə çıxışın asanlaşdırılması, kənd təsərrüfatında elm, təhsil xidmətləri sisteminin inkişafı, istehsalçıların bazarlara çıxışının asanlaşdırılması, ətraf mühitin qorunması və bu sahə üzrə dövlət tənzimlənməsinin effektivliyinin yüksəldilməsi ilə bağlıdır.

Bu hədəflər çərçivəsində “Yaşıl market”lər və “fermer mağazası” şəbəkələrinin yaradılmasının dəstəklənməsi, “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin yaradılması nəzərdə tutulur.

Buna da bax: Tam 'üzən məzənnə'yə keçilir - 'Yol Xəritəsi'ndə

Xəritədə nəzərdə tutulan fəaliyyətlərin reallaşdırılmasından ötrü azı 1 milyard 170 milyon manat investisiya tələb olunur.

Xatırlatma

Dekabrın 14-də “Azərbaycan maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi” də qəbul edilmişdi. Həmin sənədin reallaşmasından ötrü də 115 milyon manatın vacibliyi qeyd edilirdi.

Bu günlər isə «Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi» açıqlanmışdı. Həmin səndə də ümumilikdə 12 yol xəritəsindən ibarət idi.

Buna da bax:​ 'Tam üzən məzənnəyə keçid mümkün deyil'

Həmin xəritələrdə neftdən asılı olmadan ölkədə ayrı-ayrı sahələrinin inkişafı qarşıya məqsəd kimi qoyulurdu. Sənəddə vurğulanırdı ki, bu məqsədlərə çatmaqdan ötrü bütünlükdə 27 milyard manata ehtiyac görülür.