"Pafoslu, boğazdan yuxarı, arxasında karyera, şan və şöhrət gizlənən şeir, Zəlimxan Yaqub, Ramiz Rövşən ritorikası artıq keçmişin malı olmalıdır, gənc şairlər poetik düşüncənin yeni sferalarını kəşf etməlidirlər. Əks halda Şəhriyar del Geraninin başına gələnlər onlar üçün də qaçılmaz olacaqdır".
Rasim Qaraca
Şairin və şeirin sonu
Gənc şair Şəhriyar del Geraninin bu günlərdəki bir açıqlaması sosial şəbəkələrdə partlayışa səbəb olub, hətta dənizdəki faciə, 10 neftçinin həlak olmasıyla bağlı etirazları sakitləşdirmək məqsədilə bu açıqlamanın qəsdən, gündəmi dəyişmək üçün yuxarıları təşkil etdiyini söyləyənlər də oldu. Şəhriyar öz açıqlamasında gənc aktivistlərin, Bayram və Qiyasın həbsinə münasibət bildirir, onların belə ağır cəzaya məhkum edilməsini düzgün saymadığını yazır, lakin bunları deyənə qədər “siyasi səhvə” yol verir: “Son günlər mənə ünvanlanan suallar arasında ən çox nəzərə çarpan mərhum Heydər Əliyevin heykəlinin pyedestalı üzərində bayağı söz oyunu ilə məşğul olan gənclərin həbsi barədə. Qısa olaraq cavablandırım ki, ol gənc yoldaşlar apardıqları mübarizəfasonun mahiyyətini dərk etməmiş vətəndaşlar. El arasında elə uşaqlara üzümüzdən iraq tırkaya gedən yaxud təkərə düşən deyirlər. Onlar məlum və məşum iqtidar müxalifətinin, müxalifət nazirliyi də demək olar, məşum və məlum yerlərdən aldıqları bic məbləğli qrantların emosional, sadəlövh qurbanları...” Bax bu sözlər ictimaiyyətin qəzəbinə səbəb olub. Gənc şairin ünvanına söyüşlərin, təhqirlərin statistikasını aparmaq mümkün deyil, ayrı-ayrı adamların divarında müzakirələrin sonu görünmür, belə demək olarsa “virtual linç” hadisəsi baş verməkdədir. Bu hadisənin psixoloji alt yapısını incələməyə çalışalım. Cəmiyyət şair sözünə nə üçün bu qədər həssasdır? Ondan gözlədiyi bir şeylərmi var? Şəhriyar, məsələn, inqilabi şeirlər yazsa indi onu ittiham edənlər onu göylərə qaldıracaqmı, o şeirlər bəyəniləcək və paylaşılacaqmı? Bundan əvvəl də Aqşinin, Salamın, Muradın hansısa açıqlamasına görə fb əhlinin kükrədiyini görmüşdük, elə təsəvvür yarana bilər ki, cəmiyyətin şairdən hansısa bəkləntiləri var. Halbuki belə deyil. Əgər belə olsaydı, kəskin siyasi şeirlər yazan Mirzə Sakitin şeirlərinə cəmi 10-15 like gəlməzdi. Mənim müşahidəmə görə, cəmiyyət ümumiyyətlə, şairlə və şeirlə haqq-hesabı çürütmək istəyir. Vur-tut 5-10 şeir yazıb şöhrətli olmaq artıq indiki zamanda keçərli deyil, min bir problem içində yaşayan xalq məsələlərin şairanə həllinə inanmır, onun nəzərində şeir pafosdan, boş havadan başqa bir şey deyil, şairlər də bu boş havanı istehsal edən insanlardır, onlar olmasa cəmiyyət heç nə itirməz. Əlbəttə, belə bir durumun yaranmasının səbəbləri arasında Xalq Cəbhəsi dönəmində hakimiyyətə atılmış və sonda onu iflasa uğratmış şairlərə qarşı illərlə birikən kin-küdurət də var. Xüsusən Qarabağ savaşı zamanı və sonra ürətilən minlərlə söz yığını, “Zori Balayana məktub”, Şuşa, Kəlbəcər, Laçın motivli boğazdan yuxarı yazılmış şeirlər insanlarımızı ümumən şeir sənətindən iyrəndirmiş durumdadır. Cəmiyyət şairdən yaxşı ya da pis, heç bir mesaj istəmir, ümumiyyətlə onun olmamasını istəyir. Loru dildə desək, cəmiyyətin nəzərində şair sadəcə səsini içinə salıb oturmalıdır. Yalçın İslamzadənin “liriklər və fiziklər” adı altında başlatmış olduğu polemikanın da məğzi bundan ibarətdir; indi rasional düşüncə zamanıdır.
Buna da bax: Əsərlərinin qəhrəmanlarına uduzanlar...
Sual oluna bilər, şairlərə və şeirə qarşı bu münasibət, şeir yazan birisi olaraq, məni rəncidə etmirmi? Cavabım belədir: Mən Azərbaycanda kök salmış ənənəvi şeirə və ənənəvi şair kimliyinə qarşı olmuşam, illərdir bu qəbildən olan şairlərə və onların yazmış olduğu şeirlərə qarşı öz neqativ münasibətimi sərgiləməkdəyəm. Pafoslu, boğazdan yuxarı, arxasında karyera, şan və şöhrət gizlənən şeir, Zəlimxan Yaqub, Ramiz Rövşən ritorikası artıq keçmişin malı olmalıdır, gənc şairlər poetik düşüncənin yeni sferalarını kəşf etməlidirlər. Əks halda Şəhriyar del Geraninin başına gələnlər onlar üçün də qaçılmaz olacaqdır. Mənim düşüncəmə görə, ədəbiyyat və poeziya, incəsənətin bir sahəsi olaraq, kütləvi olmaqdan xilas olmalıdır. Sovetlərdən miras qalmış, “kütləvilik” anlayışı artıq keçərli ola bilməz, bunu həm şairlər, həm də oxucular dərk etməlidir. Bir çırpıda milyonların sevisini qazanmaq medalının o biri üzü bir çırpıda milyonların nifrətini qazanmağa bərabərdir. Şeir sənəti yaşayacaq, lakin yeni estetik biçimdə, poetik axtarış imkanları sonsuza varır, hüdudsuz olan insan fantaziyası özünün poetik variasiyalarında insanlara zövq verməyə davam edəcək.
(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)