Ötən il noyabrın 26-da Nardaranda keçirilmiş əməliyyatdan sonra həbs olunanlardan biri Şamil Abduləliyevin anası dünyasını dəyişib. Onun yas mərasimində iştirakına icazə verilməsi üçün vəkili Zibeydə Sadıqova dekabrın 19-da Penitensiar Xidmətin rəhbərliyinə müraciət edəcək. Bu barədə AzadlıqRadiosuna Ş. Abduləliyevin yaxınları məlumat verib.
Onların sözlərinə görə, Şamilin həbsindən sonra anası xəstəliyə tutulub. Bir neçə ay müalicə olunsa da, nəticə verməyib.
Həbsindən bir az əvvəl Dövlət Gömrük Komitəsində işləmiş Şamil Abduləliyevə 20-dən artıq maddə ilə, o cümlədən qəsdən adam öldürmə, dövlət çevrilişinə cəhd, silah saxlama və s. ittihamlar irəli sürülüb. İş materiallarında iddia olunur ki, saxlanılarkən onun üzərindən qumbara olub.
Lakin Ş. Abduləliyev Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verərkən bildirib ki, ittihamların hamısı yalandır, onlar Nardaranda Əbülfəz Bünyadovun evində Məhərrəm ayı ilə əlaqədar keçirilən ehsan məclisinə toplaşıblar. Ş. Abduləliyevin dediyinə görə, onların heç birində silah-sursat olmayıb, polislər atəş aça-aça içəri giriblər.
Nardaran əməliyyatı zamanı yaralanan Şamil Abduləliyev deyir ki, polislər yaraladıqları adamları hadisə yerində atıb gediblər. Onları kənd camaatı əvvəlcə qəsəbədəki tibb məntəqəsinə, oradan da Sabunçudakı 3 saylı şəhər xəstəxanasına çatdırıb. Dediyinə görə, reanimasiyada olarkən polislər gəlib və ona həmin vəziyyətdə bir neçə sənədə imza atdırıblar. Hadisədən bir ildən artıq keçməsinə baxmayaraq, ona dəymiş üç güllə hələ də bədənindən çıxarılmayıb. O, yalnız əl ağaclarının köməyi ilə hərəkət edə bilir, məhkəməyə də bu cür gətirilib-aparılır.
2015-ci il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyatda, ikisi polis olmaqla, 6 şəxs həlak olub. Rəsmi bilgilərə görə, 70-dən çox adam həbs edilib (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 87 göstərilir). Daha yüngül maddələrlə ittiham edilənlərin məhkəməsi başa çatıb. Həmin şəxslər 1 il 6 aydan 6 il 6 ayadək həbs cəzası alıblar.
Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırov və daha 17 nəfərin, o cümlədən Şamil Abduləliyevin mühakiməsi isə davam edir. Təqsirləndirilənlər ittihamları rədd edir, onlardan ifadələrin işgəncə altında alındığını bildirirlər.
DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları isə «Nardaran işi»ndə həbs olunanlara işgəncə verilməsi ilə bağlı deyilənləri təkzib ediblər.