Sumqayıtda dəyəri 1 mlrd. avro olan zavod tikiləcək

Polad zavodu

Dekabrın 20-si Sumqayıt şəhərində yeni metallurgiya kompleksinin inşasına dair saziş imzalanıb.

APA-nın xəbərinə görə, sazişi «Baku Steel Company» şirkətinin Müşahidə Şurasının sədri Rasim Məmmədov və İtaliyanın «Daniele» şirkətinin rəhbəri Gianpietro Benedetti imzalayıblar.

İmzalanma mərasimindən öncə iqtisadiyyat naziri Şahin Mustafayev layihənin əhəmiyyətindən danışıb: «Dəyəri 1.225 mlrd. avro olan kompleks dəmir konsentratı, hazır dəmir istehsalını nəzərdə tutan 5 zavodu əhatə edəcək. Kompleks növbəti 3 il ərzində inşa olunaraq istifadəyə veriləcək».

Ş.Mustafayev qeyd edib ki, bu zavodun fəaliyyətə başlaması ilə ölkəyə valyuta daxil olacaq: «Tikinti dövründə 4000 nəfər işlə təmin olunacaq. Tikintidən sonra orada 1200 yeni iş yeri yaranacaq. İxracın genişləndirilməsi baxımından Azərbaycan hökuməti bu layihəyə dəstək verəcək. Bu layihə Azərbaycan iqtisadiyyatına ciddi töhfə verəcək».

«Daniele» şirkətinin rəhbəri Gianpietro Benedetti bildirib ki, bu layihənin hazırlanması 6 aya başa gəlib: «Kompleks tamamilə rəqəmsal bir istehsal olacaq. Məhsullar öz keyfiyyəti ilə seçiləcək və beynəlxalq standartlara cavab verəcək».