Qiymətlər qalxır, maaşlar, pensiyalar yox

Bulvar

Azərbaycanda sabitlik, hökumətin verdiyi vədlərin analizi, tam üzən məzənnə sistemi və bunun mümkün nəticələri bu gün medianın aparıcı mövzusudur…

SABİLTİK ÖLKƏSİ

«Azərbaycan» qəzetində «Sabitliyin uğurlu təminatının Azərbaycan modeli» sərlövhəli məqalə dərc edilib.

Müəllif girişdə diqqəti Türkiyədə, Avropa ölkələrində tez-tez baş verən terror aktlarına çəkir. Bunu beynəlxalq terrorun qarşısının vaxtında alınmaması, terrordan əziyyət çəkən ölkələrə biganə yanaşmanın nəticəsi kimi dəyərləndirir: «Bu gün baş verən hadisələr isə terroru hansı qruplaşmanın törətməsindən asılı olmayaraq, onun bəşəriyyət üçün bəlaya çevrildiyini bir daha sübuta yetirdi».

Məqalədə vurğulanır ki, artıq terror qruplaşmaları islam və xristian dini arxasında pərdələnərək fəaliyyətlərini genişləndirməkdədirlər.

Müəllif dinin terrorla eyniləşdirilməsini əsassız sayır və dövlət başçısı İlham Əliyevin çıxışlarını xatırladır: «Prezident İlham Əliyev islam dininin terrorla əlaqələndirilməsinin yolverilməz olduğunu dəfələrlə vurğulayıb, terrorçunun dini olmadığını bildirib. Dövlət başçısı hesab edir ki, heç bir din terror aktlarına, zorakılığa haqq qazandırmadığı halda terrorçuların fəaliyyətinin bu rakursda şərh olunması da yanlış və qərəzlidir».

Müəllifə görə, ölkə diplomatiyası regional əməkdaşlıq, enerji təhlükəsizliyi və beynəlxalq qurumlarda təmsilçilik kimi məsələlərdə milli maraqların prioritetliyini maksimum səviyyədə təmin edir.

Məqalədə Azərbaycanda yürüdülən bu siyasət sabitliyin uğurlu təminatının Azərbaycan modeli kimi təqdim edilir: «Təcrübə göstərir ki, qlobal məkanda cərəyan edən proseslərə çevik və adekvat reaksiyası ilə seçilən, çoxqütblü əməkdaşlığa üstünlük verən ölkələr tez bir zamanda qarşıya qoduqları bütün məqsədlərə yetişə bilirlər».

Büdcə. Karikatura

YALANIN NƏTİCƏLƏRİ…

Azadliq.info-da «Hökumətin qiymət yalanı» sərlövhəli məqalə oxumaq olar.

Müəllif yazır ki, hakimiyyət, bir qayda olaraq, xalqa olmayan inkişafdan danışıb, insanların kasıblığını onun fərasətsizliyi ilə izah edir: «Yəni, sən pis yaşayırsansa, günah özündədir. Utanmadan sübut etməyə çalışıblar ki, yoxsulluq səviyyəsi 5 faizə düşüb, milyonlarla iş yeri açılıb, xalqın həyat şəraiti yaxşılaşıb».

Məqalədə qeyd edilir ki, hakimiyyətin Azərbaycana hansı zərbələr vurduğunu, ölkənin diş çöpü belə istehsal etmək imkanında olmamasını neftin qiymətinin kəskin ucuzlaşması üzə çıxarıb. Yalnız bu gerçəklik neft pullarının bir qrup adamı milyarderə çevirdiyini aşkar edib. Müəllifə görə, hakimiyyət dövlət marağı naminə heç bir iş görməyib. «Allahın bəxş etdiyi sərvəti öz təbliğatına sərf edib»,-deyə o vurğulayır.

Yazıda deyilir ki, indi bu yarıtmaz siyasətin ifşasından sonra da hakimiyyətin yenə inkişafdan, uzaqgörənlikdən danışması təəccüb doğurur: «Xüsusən birinci devalvasiyadan sonra xalqa vəd verildi ki, qiymətlər qalxmayacaq, kredit borcu olanlara güzəşt ediləcək, qiymət artıranlar cəzalandırılacaq. Hətta ölkə başçısı bildirdi ki, qiymət artıranlar natəmiz, möhtəkir adamlardır və bu məsələni şəxsən nəzarətə götürəcək».

Yazıda vurğulanır ki, ölkədə 2015-ci il fevralın 21-də baş vermiş birinci devalvasiyadan bu günə qədər ən azı 50 faizlik qiymət artımı müşahidə olunub. Hətta elə məhsullar var ki, onlarda qiyməti 100 faiz qaldırıblar.

Müəllifə görə, Tarif Şurası enerjidaşıyıcıların qiymətini artırdığından, yeni ildən daha kəskin bahalaşma baş verəcək: «Qiymətlər qalxdı, amma qiymət artımına paralel maaşlarda, pensiyalarda, tələbə təqaüdlərində artım olmadı. Bu isə xalqı məqsədli şəkildə uçuruma yuvarlamaqdır. Minimum əməkhaqqının 136 manat olduğu ölkədə məhsulun qiymətinin 100 faiz qalxması, milli valyutanın 110 faiz dəyər itirməsi vətəndaşın ölümü deməkdir».

Əkrəm Həsənli

MANATIN ACI TALEYİ

«Exo» qəzetində dərc edilən «Manatın taleyi: Azərbaycan banklarının əl-qolu 2017-ci ildə açılacaq» sərlövhəli məqalədə milli valyutanın yaxın gələcəyi ekspert Əkrəm Həsənli ilə dəyərləndirilir.

Müəllif xatırladır ki, ötən il Azərbaycanda iki dəfə devalvasiya baş verib. Manat dollara nisbətən iki dəfə dəyər itirib.

Yazıda qeyd edilir ki, il ərzində Mərkəzi Bank mümkün olan bütün üsullarla manatın məzənnəsini sabit saxlamağa çalışıb. Ancaq manat ucuzlaşmaqda davam edib. «2017-ci ildə Azərbaycan manat tam üzən məzənnə sisteminə keçəcək. Bu o deməkdir ki, banklara hər hansı məhdudiyyət qoyulmayacaq, onlar məzənnəni özləri müəyyən edəcəklər. Bu isə manatın kəskin devalvasiyasına səbəb olacaq»,- Əkrəm Həsənli qəzetə bildirib.

Ə.Həsənli deyib ki, üzən məzənnə rejimində Mərkəzi Bank da dollar satmayacaq: «Ötən il ərzində gördük ki, Azərbaycanda bu sistemin heç biri işləmədi. Mərkəzi Bank banklara marja təyin etdi, amma buna baxmayaraq, tələb edilən qədər valyuta satmadı. Banklar isə tam üzən məzənnə kursu olmadığı üçün valyutanı 4 faizlik marjadan yuxarı sata bilmədilər. Məhz bu səbəb görə, ölkədə valyuta alveri edən «qara bazar» ortaya çıxdı».

Ekspert bildirib ki, əgər ölkədə tam üzən məzənnə sisteminə keçilsə, onda «qara bazar»lar sıradan çıxacaq. Çünki, kommersiya bankları dollar satışından imtina etməyəcəklər. Amma Ə.Həsənli burada da müəyyən problemlər gördüyünü nəzərə çatdırır: «Amma dollarla götürülmüş kreditlər məsələsi yaxın illərdə də aktual olaraq qalacaq. Xarici valyutada olan kreditlərin xüsusi çəkisi günbəgün artır, gələn il bu həcm daha da artacaq».

Rövşən Ağayev

ÜÇÜNCÜ DEVALVASİYA QAÇILMAZDIR

«Novoye Vremya» qəzetində isə «Dollar bahalaşmaqda davam edir, Nazirlər Kabineti hələ də fəaliyyətsizidir» sərlövhəli məqalə diqqət çəkir.

Müəllif yazır ki, ölkədə «qara bazar»la real mübarizə aparılmır.

Yazıda vurğulanır ki, ölkədə dollar qıtlığı davam edəcəksə, «qara bazar»lar da olacaq.

Hər hərracda da dollar bahalaşmaqda davam edir: «ABŞ valyutasının bahalaşması ilə birgə inflyasiyanın növbəti dalğasını da gözləmək olar. Onsuz da inflyasiya 12 faiz həddindədir. Yeri gəlmişkən, manatın məzənnəsi, inflyasiya, vətəndaşların sosial durumu bir-birinə bağlıdır. Odur ki, hökumət manatın kəskin dəyərdən düşməsini və inflyasiya sıçrayışını önləməlidir».

Müəllif yazır ki, tam üzən məzənnə sisteminə üçüncü devalvasiyaya baş vermədən necə keçiləcəyini heç kim dərk etmir.

Məqalədə tam üzən məzənnəyə keçidin manatı sabitləşdirə biləcəyinə şübhə ilə yanaşılır. İqtisadçı - ekspert Rövşən Ağayev qəzetə bunları deyib: «İqtisadi geriləmə ilə manatın real kursunun özünü «üzən» rejimdə necə göstərəcəyini proqnozlaşdırmaq özü çətindir. Amma bir məsələni əminliklə demək olar ki, bir təhər ayaq üstə duran iqtisadiyyata həlledici zərbə olacaq».

R.Ağayev hesab edir ki, indiki halda manat üzən məzənnə kursuna keçsə, üçüncü devalvasiya qaçılmaz olacaq.

Müəllifə görə, sabitliyin, maliyyə dayanıqlığının təminatı real islahatlardır. Amma hələ ki, hökumət bu istiqamətdə fəaliyyətsizdir.