Bayram Məmmədova bəraət istənilir

Sizin brauzer HTML5-i dəstəkləmir

Gənclər bir günün içində necə "narkoman" oldu?

Dekabrın 22-si həbsdə olan gənc fəal Bayram Məmmədov barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən apellyasiya şikayəti verilib.

Vəkilləri gənc fəala bəraət verilməsini tələb edirlər.

Şikayətdə apellyasiya icraatının qismən məhkəmə istintaqı ilə aparılması istənilir. Vəkilləri hesab edir ki, istintaqda və işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılarkən B.Məmmədovun Avropa Konvensiya ilə təsbit olunan bəzi hüquqları pozulub. Bura 3-cü (İşgəncələrin qadağan olunması), 5-ci (Azadlıq və toxunulmazlıq hüququ), 6-cı (Ədalətli məhkəmə araşdırması hüququ) və 8-ci (Şəxsi həyata və ailə həyatına hörmət hüququ) daxildir.

Vəkillər gənc fəalın Konvensiyanın 10-cu (İfadə azadlığı hüququ), 13-cü (Səmərəli hüquqi müdafiə vasitələri hüququ) və 18-ci (Hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddələri üzrə də hüquqlarının pozulduğunu düşünürlər.

Apellyasiya Məhkəməsindən həmin hüquqların pozuntusunun tanınması və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün ləğv edilərək, Bayram Məmmədova bəraət verilməsi tələb olunur.

Bayram Məmmədov və digər gənc Qiyas İbrahimov mayın 10-da saxlanıblar. Onların ikisinə də narkotiklərlə bağlı ittihamlar irəli sürülərək, hərəsinə 10 il həbs cəzası verilib.

Gənclər məhkəmədə ittihamı qəbul etməyərək, keçmiş prezident Heydər Əliyevin heykəlinə «Qul bayramınız mübarək» şüarı yazdıqlarına görə həbs olunduqlarını bəyan ediblər.