«Deputat Astan Şahverdiyevin etiraza səbəb olan sözləri həqiqətən onun tərəfindən deyilib-deyilməməsi, hələ ki, dəqiqləşdirilməyib».
Bunu APA-ya açıqlamasında Milli Məclisin İntizam komissiyasının sədri Ağacan Abıyev deyib. O bildirib ki, bu barədə eşidib, amma, hələ əmin deyil: «Əgər təsdiqini tapsa ki, təhqir edib, əlbəttə, tədbir görüləcək. Hələ ki, Milli Məclis rəhbərliyindən bununla bağlı komissiyanın iclasının çağrılması barədə mənə bir söz deyilməyib. Dekabrın 30-da plenar iclas olacaq və yəqin ki, o iclasda bu məsələ ilə bağlı qərar veriləcək. Amma indiki halda hansısa tədbirin görülməsi ilə bağlı bir qərar yoxdur».
A.Abıyevin deməsinə görə, A.Şahverdiyev həqiqətən təhqirə yol veribsə, bu, deputatdan ötrü ciddi səhvdir.
Dekabrın 22-si Cəbrayıl rayonundan olan köçkünlərin məskunlaşdığı qəsəbələrdə elektrik enerjisinin kəsilməsinə etiraz olaraq aksiya keçirilib. Bu zaman polislə aksiya iştirakçıları arasında toqquşma baş verib.
Həmin qəsəbə sakinlərinin rəsmilərlə görüşündən qayıdan deputat AzadlıqRadiosuna müsahibəsində onların ünvanına ağır ifadələr işlədib. Aksiyanı içkili, nəşəli, azğın insanların əməli kimi dəyərləndirən deputat Rusiyaya işləməyə gedənləri də «cəmiyyətin tör-töküntüsü» adlandırıb.
O, sonradan moderin.az saytına müsahibəsində deyib ki, ehtiyatsızlıq üzündən işlətdiyi ifadəyə görə insanları incitməsindən təəssüflənir: «Mən çox təəssüf edirəm ki, ehtiyatsız deyilmiş söz insanları bu qədər incidib. Mən bilməzdim ki, bu ifadə cəmiyyətdə bu qədər rezonans yaradacaq».