Neft Fondunun büdcəsi yenə gecikir

Artur Rasi-zadə

Neft Fondunun büdcəsi prezidentə hələ indi təqdim edilir.

Dövlət Neft Fondunun (DNF-nin) 2017-ci il büdcə layihəsi qurumun Müşahidə Şurasında müzakirə olunub. Fonddan verilən məlumata görə, Müşahidə Şurası büdcə layihəsini məqbul hesab edib. Layihə Azərbaycan prezidentinə təqdim edilib.

Fondun Müşahidə Şurasının sədri baş nazir Artur Rasi-zadədir.

Buna da bax:​ İlham Əliyevin Neft Fonduna aid yeni fərmanı

Əslində Fondun büdcəsi indiyə kimi təsdiq edilməli idi. Fondun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi, icrası Qaydalarının 4.4 bəndində deyilir: “Neft Fondunun büdcəsi hər il 1 dekabr tarixindən gec olmayaraq təsdiq edilir”.

Qanunvericiliyin bu tələbi DNF yaranandan bu günədək yerinə yetirilməyib. Bir çox hallarda fondun büdcəsinin təsdiq olunmasına dair prezident fərmanı növbəti ilin 3-cü ayına kimi (4 ay) uzadılıb.

Fondun 2017-ci illə bağlı büdcəsinin gəlirləri 8 milyard 370.6 milyon manat nəzərdə tutulur. Bu 2016-cı illə müqayisədə 4 milyard 889.1 milyon manat və ya 2.4 dəfə çoxdur. Fondun 2017-ci il büdcəsinin xərcləri 6 milyard 951.3 milyon manat planlaşdırılır. Bu da 2016-cı illə müqayisədə 3 milyard 685.0 milyon manat və ya 34.6 faiz azdır.

Buna da bax: Neftlə, qazla zəngin ölkədə aşağı əməkhaqqı

Neft Fondu 2001-ci ildə fəaliyyətə başlayıb.

O vaxtdan fonda 120 milyard dollardan çox vəsait daxil olub.

Ondan, hazırda Neft Fondunun 35.8 milyard dollar ehtiyatının qaldığı bildirilir.