Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin bir qrup sabiq işçisinin məhkəməyə qədər həbs müddəti artırılıb.
APA-nın xəbərinə görə, bunlar idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, digər sabiq vəzifəli şəxslər Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev və Elşad Əzizovdur.
Adları çəkilən sabiq MTN-çilər, ən az, 2017-ci il fevralın 17-dək həbsdə qalacaqlar.
Həmin şəxslərin cinayət işi üzrə ibtidai istintaq artıq tamamlanıb. Cinayət işi Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun icraatına verilib.
İş üzrə məhkəmə prosesi gələn il yanvarın 19-da başlayacaq. Proses Yasamal Rayon Məhkəməsində keçiriləcək.
Adları qeyd olunan sabiq vəzifələrlə yanaşı, MTN generalı Natəvan Mirvətova da mühakimə ediləcək. Onun barəsində istintaq dövründə həbs- qətimkan tədbiri seçilməyib.
Onlar mənimsəmə, vəzifə səlahiyyətlərini aşma, qanunsuz azadlıqdan məhrum etmə və başqa cinayətlərdə ittiham edilirlər.
XATIRLATMA
Ötən ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. Ardınca nazirliyin 20-yə yaxın yüksəkrütbəli əməkdaşı həbs olunub. Daha 2 ay sonra həmin nazirlik ləğv edilib, onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.
Baş Prokurorluğun o vaxt yaydığı məlumatda ləğv edilən MTN-in 21 keçmiş əməkdaşının cinayət məsuliyyətinə cəlb edildiyi bildirilirdi. Artıq 19 nəfər həbsdədir. Onlardan Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin keçmiş rəisi Akif Çovdarov və daha 3 nəfərin hazırda məhkəməsi gedir.
A.Çovdarova və onunla birgə mühakimə olunanlara Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israf etmə), 145-ci (qanunsuz azadlıqdan məhrumetmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311-ci (rüşvətalma ) və daha bir neçə ağır maddələri ilə ittiham irəli sürülüb.