Dövlət Neft Fondu (DNF) dekabrda valyuta hərraclarında satdığı vəsaitin məbləğini açıqlayıb.
Fonddan verilən məlumata görə, ilin son ayında valyuta hərraclarında 246 milyon ABŞ dolları satılıb.
Valyuta hərraclarını Azərbaycan Mərkəzi Bankı (AMB) keçirir. Bu ilin fevralından AMB hərraclara valyuta çıxarmağı dayandırıb. Hərraca yalnız Neft Fondu dollar çıxarır.
Builki hərraclarda bəzən tələbin 600-700 milyondan çox olduğu bildirilir.
İqtisadçıların fikrincə, belə çıxır ki, DNF bankların valyuta tələbatını ödəyə bilməyib. Xüsusilə də, ilin sonuna yaxın bankların dollar tələbi artır. Baş bank son bir neçə ayda hərracda tələb-təklifin nə qədər olduğunu açıqlamır. Ay ərzində adətən 8 hərrac keçirilir.
Hazırda ölkənin əksər kommersiya bankları dollar satışından imtina edib. Yalnız bir neçə bank limitlə dollar satır.
Neft Fondu 2001-ci ildə fəaliyyətə başlayıb.
O vaxtdan fonda 120 milyard dollardan çox vəsait daxil olub.
Hazırda Neft Fondunun 35.8 milyard dollar ehtiyatının qaldığı bildirilir.