Ülvi Babasoy: "Yaqutlu başmaqlar auksionunda” - Salman Rushdie-ni anlamaq

Ülvi Babasoy

“Tabularsız yaşamaq cəsarəti” silsiləsindən birinci esse

Başmaqsız da keçinərik

Neoqotik günahlar

(esse)

Yüzlərlə insan var sərgidə. Tablolar rənglidi. Ürəkaçandı. Bozluğu göz aparan tablodan savayı. Baş gicəlləndirir, ürək bulandırır ağ və qaranın bozluğu. Alman general rəssama yaxınlaşır. Bir əlin Pikassonun çiyninə dayayır, o birini uzadır “Guernica” tablosuna sarı.

Bunu siz çəkmisiz?

Xeyr, siz çəkmisiz!

1937-ci il. İspaniyada Fransisco Franco dövrü. Guernica qəsəbəsinin əhalisi rejimə qarşıdır. Franco Almaniyanın yeni savaş təyyarələrini Guernicaya dəvət edir. Almanlar Guernica səmasında sınaq uçuşları keçirir. Ölənlər saysız. Sağ qalanlar iflic. Pikasso dəhşətli faciəni ağ və qara rəngin boz çalarlarına batırır. “Guernica”. Müharibədə qalib tərəfin olmadığını göstərən bozluq. Axı necə oa bilər. Ki, insan məhvi qələbə olsun.

İspan rəssamı Pablo Picasso-nun məşhur "Guernica" tablosu.

Salman Rushdie “Şərq, Qərb” hekayələrində savaş və barışı bircə vergüllə ayırır. “Çünki mənə elə gəlir ki, mən o vergüləm, ya da o vergüldə yaşayıram”. Burda arzu və ehtiras savaşı yaşanır. Balaca vergül həssas fərqləri göstərir. Qalanı zamanın və tarixin təkrarıdı. Arxetiplərin xortlayıb dövrümüzə gəlməsi. Tabularsız yaşamaq cəsarəti Rüşdinin yeganə hekayə kitabı “Şərq, Qərb”dən son romanı “İki il, 8 ay, 28 gecə”yəcən davam edir. Hər şey, hər nəsnə, hər varlıq xortlayıb dünyaya qayıdır min birinci gecədə. İki il, 8 ay, 28 gecə min birinci günün yekunudu. Əcinnələr, şəyatinlər, kabuslar və “xərçəng addımlar ilə yeriyən soyuq müharibə və mediatik populizm”. Hansı daha qorxunc və təhlükəlidi? Arxetiplər bu qədərmi qəddar olar? Min bir gecəli müasir Nyu York nağılında nə desən var, kimi axtarsan taparsan. Artıq Şərq və Qərbin hekayəsindən sonra Nyu Yorka dönmək şərtdi. Söz verirəm. Arada baş çəkəcəm. Polifonik söz karnavalının tərkib hissəsidir “Şərq, Qərb”.Gerçəkliklə sehriç-içə girir. East, West. East, West. Özgə və doğma. Özgə və doğma. Hara özgə, hara doğmadır? “Yaqutlu başmaqlar auksionunda” hekayəsi həm “Şərq, Qərb”in, həm də Rushdie estetikasının mayasıdır.

“Yaqutlu başmaqlar auksionunda” Salman Rushdie estetik idealını anlamaq üçün kilid-açardır. Hekayənin birinci hissəsində bir auksionda baş verən hadisələr nəql edilir. Rushdie kirlənən dünya üçün ən uyğun metaforu tapır: Hərracxana. Hekayədə hər şey satılır: Tacmahal, Sfinkslər, insanlar, ruhlar, dövlət sirləri, ərlər, arvadlar... Auksionun ən qiymətli əşyası isə yaqutlu başmaqlardır. Başmaqları xatırladız? 1900-cu il Amerikası. Lyman Frank Baum “Oz ölkəsinin qəribə sehrbazı” hekayəsini qələm alır həmin il. Baumun əsərində başmaqlar gümüşdür. 1939-cu ildə Victor Fleming tərəfindən çəkilən eyni adlı filmdə başmaqlar yaqutlu daş-qaşla bəzənib. Kino sənətinin uşaq kraliçası Judy Garlandın (Dorothy) geyindiyi sehrli yaqut başmaqları kim unudar ki. Rushdie “Oz ölkəsinin qəribə sehrbazı” hekayəsinə göndərmə edir. Hekayədə şiddətli qasırğa nəticəsində sevimli iti Toto ilə birlikdə burulğana ilişən Dorothy cadügərlər, çırtdan adamlar və daha başqa məxluqların yaşadığı Oz diyarına düşür. Oz məmləkətindən Kansasa qayıtmaq üçün Dorothy ağır sınaqlardan keçməlidir. Rushdie də insanları hərracxanaya yığmaqla onları öz ilkinliyinə, saflığa səsləyir. Evlərindən, dəyərlərindən itkin düşənlər üçün hərracxanada günah çıxarma kabinələri də var. Rüşdiyə xas qara yumor yenə də işə düşür. Günah və savab anlayışı nisbi deyilmi? Günah və savabın arasındakı seçimlə əlləşən insan öz həyatını yaşaya bilirmi? Əslində Dorothy Ozda sehrli başmaqları geyindiyi andan

"Oz ölkəsinin sehirbazı" əsərinin ilk ekranlaşdırması, 1939-cu il.

Kansasa qayıda bilərdi. Özünə güvənmədiyi üçün Oz sehrbazının fırıldaq əməllərinə alət olur. Öz təbiətincə yaşayanlar azad və günahsızdır.

Buna da bax: Salman Rushdie: “Kitablarımı yandıranların çoxu peşmandır”

Slikon dodaqlar

Hərracxananın cazibədar kolleksionu slikon dodaqlı xanımdır. O, sehrli yaqut başmaqları görər-görməz heyran olur. Xanımın dodaqları sehrli başmaqların ətrafına çəkilən hasara toxunan kimi həyatla vidalaşır. Çünki başmaqlar yüz min votluq elektrik cərəyanı ilə qorunur. Başmaqlara hərisliklə yanaşan dolğun dodaqlar simvoldur. Dodaq metaforuna fərqli bir kinayə ekzotikası. Rushdie yumoru dodaqların süniliyinə də ilişir. Əgər dodaqlar o qədər şişkin və ətli olmasaydı xanım da o dünyalıq olmayacaqdı. Slikonlar süni, saxta həyatlara işarədir. Yeri səhv düşən həyatların bir toxunuşda, bir baxışda, bir öpüşdə heçliklə nəticələnməsi. Sabun köpüyütək əriyib yoxa çıxan arzular, şəhvət və ehtiraslar. Bəs başmaqlar? Başmaqlar isə arzuların əlçatmazlığıdır. Rüşdinin acı gülüşlə çəkdiyi karikatur. Necə də kədərlidir. Rushdie zamanlar və məkanlar arasında estetik rabitə yaradır. Kinonun effektiv, vizual atmosferi “Yaqutlu başmaqlar auksionunda” yazı sənətinə köçürülür. Hekayənin elastik, sərhədləri aşan əyləncə gücü postmodern kinayənin dozasını artırır.

“2001: Space Odyssey” filmi qadın dodağındakı slikona güzgü olur. Arthur Clarkein “Sentinel” hekayəsi əsasında çəkilən “2001: Space Odyssey” (1968) filmi səhrada yaşayan meymun-insan qəbilələrini göstərən kiçik bir kadrla başlayır. Meymun-insanlar su hövzəsi uğrunda mübarizə aparırlar. Əvvəlcə bitkilərlə qidalanır və yanlarında otlayan qabanlara dəyib-dolaşmırlar. Ta ki, meymun-insanlardan biri ölmüş heyvan sümüyündən kəsici alət düzəldənəcən. Alətin kəşfi qaban sürülərinin kütləvi qırğınına səbəb olur. Daha sonra su hövzəsi uğrunda mübarizədə meymun-insan digər qəbilənin liderini öldürür. Əlindəki alətlə düşmənlərini hədələyən meymun ilk dəfə iki ayağıüstə durmağı da kəşf edir. O, əlindəki kəsici dəyənəyi göyə üzünə fırladır və dəyənək kosmik gəmiyə çevrilir. Dəyənəkdən kosmik gəmiyə qədər olan inkişaf insan zəkasının sərhədsizliyini göstərə bilər. Ancaq hərislik, eqoistlik və kin duyğuları zəka və intellekti üstələdi. Doyumsuz şəhvətin nəticəsi ölümdür. Elə həmin doyumsuzluq kişiləri, qadınları, şəxsiyyətləri və digər dəyərləri hərraca çıxarır. Həmin doyumsuzluq qeyri-sağlam rəqabət və sosial bərabərsizlik yaradır. Rüşdinin başqa mətnlər və sənətlərlə ünsiyyəti gerçəkliyin postmodern izahına xidmət edir. Qabil və Habil arxetipi hər gün yenidən xortlamırmı? Qısa və mənalı ömür sürən şairin şeiri də slikon dodaqlara toxunur:

“Yarıçılpaq

Qədim insan

Düşməninə bir daş atdı...”

“Yaqutlu başmaqlar auksionunda” sıravi vətəndaşlar, dindarlar, rahiblər, qaçqınlar, siyasi mühacirlər və qanqsterlər də var. Rushdie hər bir sosial statusun karikaturun çəkir. Auksiondakıları birləşdirən intiusiaydır. İnsan mayasıdır. Şərq və Qərbin vergül sərhəddi də silinir. Auksionda azad düşüncə və hərəkət qadağandır. Çünki içəridə iştirakçıların başının üstünü kəsdirən qolu zorlu məmurlar, çöldə hazır vəziyyətdə dayanan xüsusi təyinatlı qoşun var. Şərqin də, Qərbin də halı Oz diyarına səyahət edən Dorothy sayaqdı. “Oz ölkəsinin qəribə sehrbazı” filmində Dorothy pis və yaxşı cadügərlərin arasında qalır. Dorothy üçün seçim şansı verilir. Qızcığaz gözəlliyi təmsil edən yaxşılıq cadügərinə sığınır. Auksionundakıların seçim şansı yoxdur. Rushdie despotizmə estetik mesaj göndərir. Demokratiyasız mühitdə yaşamaq mümkün deyil. Sənin hər bir hərəkətin izlənir və söz demə haqqın belə yoxdur. Necə ki, auksionda siyasi mühacirlər hər dəfə öz fikirlərini bildirmək istəyəndə hökümət nümayəndələri tərəfindən qapazlanır. Rushdie bu səhnələri zahirən çox komik planda təsvir edir. Sözü ağzında qalan mühacilərin keçirdiyi hisslər tragikomikdir. Romanlarında hadisələri sehrli realizm elementləri ilə uzadan, geniş ədəbi şərhlər verən Rushdie hekayədə statik fraqmentlərin cəmindən şok effekti yaradır. Mühacirin sözü ürəyində qalan an, həmin yerdən ucaboylu, incəbelli bir gözəlçə keçir. Gözəlçənin kürəyində Pikassonun “Guernica” tablosunun təsviri var. İndi bildiz? Naz-qəmzə satan gözəlçə və “Guernica” tablosu?

Buna da bax: Ədəbiyyatın zamanı ram etmək dərdi

Evinə gəl, evinə

Hekayənin kəşfi sevgi qıtlığıdır. Sevgisiz dünyada hər şey mümükündür. Sevgisiz mühitdə hər şey satışa çıxarıla bilər. Məxfi dövlət sirrindən tutmuş qadın alt paltarına qədər. “Oz ölkəsinin qəribə sehrbazı”ında Dorothiyə kömək edən tənəkə adamın ürəyi yoxdu. O, Dorothiyə qoşulub Oz ölkəsinə ona görə gedir ki, sehrbaz ona ürək versin. Tənəkə adam Dorothini xilas edərkən ürəyinin varlığını hiss edir. Dorothinin digər dostları qorxaq aslan və yelbeyin Bədheybətdir. Rushdie beyin, cəsarət və ürəyin qıtlığını son hesab edir. Hər şeyin sonu. Cəsarətini itirən insan təpə-qapaz olur, ürəksiz qalanda hissizləşir, ağlı başından çıxanda isə başqalarının oyuncağına çevrilir.

Hekayənin ikinci hissəsində dünya bir otaqlı, darısqal mənzillə əvəzlənir. Birinci hissədə birinci şəxsin cəmi dünyanı təmsil edir: İkinci hissədə iki sevgilinin çarpayısına yığılır bütün həqiqətlər. Sən demə təhkiyəçi-qəhrəman auksiona yaqutlu başmaqları almaq üçün gəlibmiş. Sevgilisi Gale ona xəyanət etdiyi üçün ayırlıblar. Sehrli başmaqlar sevgililərin barışdıra bilər. Ancaq o, gec də olsa anlayır. Ki, Gale onu sevirsə başmaqsız da keçinərlər. Əgər ona xəyanət edən qadını bağışlamaq gücünü özündə hiss edirsə bu, bəsdir. Rushdiegözlənilməz və yumoristik bir vida karikaturası çəkir. Dini, irqi, siyasi qarşıdurmların hamısını əli ilə itələyir. Hər kəsi xoşbəxt və anlayışlı yataq otağına dəvət edir. Evlərindən didərgin düşmüş auksion iştirakçıları ona görə bədbəxtdirlər ki, qadın bədənin estetik aurasından məhrumdurlar. Gale sevgilisinin qulağına pıçıldayır. “Gəl, gəl, əzizim. Evinə gəl!”. Ta onu da mən deməyim. Ayıbdı. Bildiz də ev haradı. Rüşdiyə görə insanlardakı depressiv ab-hava, aqressiyanı dəf etmək üçün tək formul var. O da... Qadın və kişi bədəninin birləşməsindən azad və xoşbəxt məkan - ev yaranır.

Salman Rushdie Almaniyada öz kitabı "Joseph Anton"u satır, 2012.

Salman Rushdie “Yaqutlu başmaqlar auksionunda” həyatı bəzən bir filmə, bəzən bir romana, bəzən də bir tabloya bənzədir. Film, tablo və roman olan dünyada sevginin heç bir qara qüvvə tərəfindən məhv edilməyəcəyinə inanır. Bizim də inanmağımızı istəyir. Evə dönməyin tək yolu budur. Evə dönsək, yarıçılpaq, yarıvəhşi insan atan daş alov və zəhər olmayacaq. Sevgiyə dönəcək. Bir cüt quşun sığınacağını yuva edən sevgi deyilmi? Bir cüt insanın sevgisi də evdir. Kirayə qalan cütlüklər üzülməsin artıq. Ev hər iki bədəni birləşdirən sevgi ruhudur. Eybi yox, kirayədə dəkeçinmək olar. Galegil kimi. “Gəlin, gəlin, evinizə gəlin! Bildiz də hara. Bilmədizsə bir boşqaq bozbaş yeyin...

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)