Xəzərdə 'Zərifə Əliyeva' gəmisində yanğın [yenilənib]

'Zərifə Əliyeva' gəmisi

Yanvarın 12-si günorta saatlarında Xəzər dənizində “Akademik Zərifə Əliyeva” adına gəmidə yanğın baş verib. Gəminin Xərə Zirə adası yaxınlığında olduğu bildirilir.

Yanğın gəminin maşın bölməsində başladığı bildirilir.

Hadisə yerinə bir neçə yanğınsöndürən gəmilər cəlb olunub. Onların arasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin “Vixr-7” gəmisi də var.

Buna da bax:​ 3 gəmi istismara verilib

Yanğının söndürülməsinə havadan FHN-in aviasiya dəstəsinin helikopteri dəstək verir.

“Akademik Zərifə Əliyeva” gəmisi yük gəmisidir.

* * *

Gəmidə yanğın yox, tüstülənmə baş verdiyi deyilir

“Akademik Zərifə Əliyeva” adına gəmidə baş verən hadisənin, artıq nəzarət altına alındığı bildirilir.

Bu haqda gəmin məxsus olduğu Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi idarəsinin məlumatında qeyd edilir.

İdarə bildirir ki, gəmidə “tüstülənmə” baş verib.

“Saat 14:45 radələrində Xəzər dənizində Xərə Zirə adası yaxınlığında “Akademik Zərifə Əliyeva” adına gəmi-bərənin baş mühərrik bölməsində elektrik naqillərində tüstüləmə müşahidə edilib. Gəmi heyətinin operativ müdaxiləsi nəticəsində tüstülənmənin qarşısı alınıb. Gəmidə təhlükəli yük olmayıb”, idarə bildirir.

Məlumatda artıq gəmi-bərədə təhlükənin olmadığı, “İrgiz” yedək gəmisi ilə sahilə gətirildiyi qeyd olunur.

“Gəmi heyəti özünü yaxşı hiss edir. Hazırda gəminin baş mühərrik bölməsində elektrik naqillərinin hansı səbəbdən tüstüləndiyi araşdırılır. Gəmiçiliyin sədri Rauf Vəliyev və texniki direktor Nurməhəmməd Talıbov da hazırda gəmi-bərənin göyərtəsindədir”, Xəzər Dəniz Gəmiçiliyinin məlumatında bildirilir.