Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Stefan Schennach və Cezar Florin Preda yanvarın 13-də Baş Prokurorluqda olublar.
Onları baş prokurorun müavini Namiq Əsgərov qəbul edib. Bu haqda prokurorluğun mətbuat xidməti xəbər verir.
Xəbərdə bildirilir ki, N.Əsgərov həmməruzəçilərə həyata keçirilən hüquqi islahatlar, qanunvericiliyin təkmilləşdirilməsi, vətəndaş cəmiyyətinin inkişafı istiqamətində görülən işlərdən danışıb.
Buna da bax: Azərbaycanın AŞPA-da səsvermə hüququnun dayandırılması istənilir
Görüşdə qarşılıqlı əməkdaşlığın perspektivlərinin müzakirə olunduğu, tərəfləri maraqlandıran suallara aydınlıq gətirildiyi bildirilir.
Müxalifətlə görüş
AŞPA həmməruzəçiləri yanvarın 13-də müxalifət təmsilçiləri ilə də görüşüblər.
Həmin görüşdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli, ReAl hərəkatının İdarə Heyətinin üzvü Natiq Cəfərli və Müsavat partiyası başqanı Arif Hacılı iştirak edib.
Buna da bax: Deputat: 'Bu, Azərbaycana ləkə gətirməkdir'
Görüşdə ölkədəki ictimai - siyasi vəziyyət əsas müzakirə mövzusu olub.
2016-cı ildə Azərbaycanda Konstitusiya dəyişikliyi ilə bağlı keçirilən referendum, onun nəticələri, siyasi məhbus sayılan şəxslərin məsələsi, ifadə azadlığı və Dağlıq Qarabağ məsələsinin də müzakirə olunduğu bildirilir.
Həmməruzəçilər yanvarın 12-də isə prezident İlham Əliyev, Parlamentin vitse - spikeri Bahar Muradova və Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri ilə görüşmüşdülər.
Buna da bax: Nazirlik sözçüsü: 'Luca Volonte adda adam bizə məsləhət verməyib'
Stefan Schennach və Cezar Florin Preda-nın səfərində məqsəd Azərbaycanın bu qurum qarşısında götürdüyü öhdəlikləri dəyərləndirməkdir.