İdxal 7, ixrac 28 faiz azalıb

Foto illüstrasiya

2016-cı ildə Azərbaycanın xarici ticarətinin həcmi 17 milyard 675 milyon 447.51 min ABŞ dolları olub.

Dövlət Gömrük Komitəsinin bildirməsinə görə, bu, 2015-ci ilin analoji dövrünə nisbətdən 19.46 faiz azdır. Komitənin açıqlamasına görə, idxalın həcmi 8 milyard 532 milyon ABŞ dolları olub. Bu da 7.42 faiz azalma anlamına gəlir.

MÜSBƏT SALDO

İxrac isə 9 milyard 143 milyon ABŞ dollarına (28.17 faiz azalma) bərabər olub. Nəticədə illik əsasda 610 milyon dollardan çox müsbət saldo əmələ gəlib. Aylıq əsasda, dekabrda da müsbət saldo olsa da, noyabra nisbətən bu azdır. Noyabrda 197 milyon 647 min, dekabrda isə 18 milyon 994 min dollar müsbət saldo yaranıb.

İXRACDA ƏSAS NEFTDİR

İxracda əsas yeri xam neft tutur – 71.14 faiz. Bundan başqa, Azərbaycandan kənara satılan mallar arasında təbii qaz – 10.62, neft məhsulları 4.48, meyvə-tərəvəz isə 4.08 faiz yer tutub.

Azərbaycanın aldığı məhsullarda - idxalda isə əsas yeri maşınlar, elektrik aparatları və avadanlıqları tutur - 23.60 faiz. Yeyinti məhsulları idxalda 15.49, qara metallar və onlardan hazırlanan məmulatlar 13.11 faiz təşkil edib.

Xarici ticarətdə müsbət saldo manatın məzənnəsini qorumaqdan ötrü vacib göstəricidir. Yəni, bu o anala gəlir ki, ölkəyə daxil olan valyuta çıxandan çoxdur.