Bloqqer 'qəpik aksiyası'nı başa vurdu

Mehman Hüseynov

İnzibati qaydada 200 manat cərimə olunan bloqqer Mehman Hüseynov həmin vəsaiti toplamaqdan ötrü başlatdığı «qəpik aksiyası»nı başa çatdırıb. Artıq 200 manat dəyərində qəpiklər hazırdır.

Aksiyaya qoşulan hər kəsə təşəkkür edən bloqqer bildirib ki, peşkəş edilən hər qəpik ondan ötrü əzizdir.

M.Hüseynov deyib ki, hökumət onu heç nədən 200 manat dəyərində cəzalandırıb. «Sizin 200 manat pula ehtiyacınız var idi? Buyurun, pullar hazır», - bloqqer qeyd edib.

O, cəriməni gələn həftə ödəyəcəyini də bildirib.

Bloqqer ironiya ilə ölkədəki iqtisadi duruma da toxunub. «Xəbərim var ki hökumətimiz bir çox vətəndaşa maaşlarını verə bilmir, yaşlı vətəndaşlarımız pensiyalarını, sosial müavinətlərini ala bilmir. Bunun bütün səbəbi mənəm. Çünki dövlət büdcəsi boşalıb, yuxarıdakılar isə mənim yolumu gözləyirlər ki, bir təhər büdcəni doldursunlar», - bloqqer vurğulayıb.

Sizin brauzer HTML5-i dəstəkləmir

Mehman Hüseynov: "Rəisin yanında ürəyim getdi"

XATIRLATMA

Mehman Hüseynov yanvarın 9-u axşam saatlarına saxlanıb. Polisin qanuni əmrinə tabe olmamaqda günahlandırılan bloqqer bir gün sonra 200 manat cərimə edilməklə sərbəst buraxılıb.

M.Hüseynov azad edildikdən sonra jurnalistlərə deyib ki, saxlanılarkən və sonra polislər ona işgəncə verib.

Nəsimi Rayon Məhkəməsinin qərarında bloqqerin 200 manat cərimə edilməsi ilə yanaşı, onun şikayətinin prokurorluqda araşdırılması da öz əksini tapıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov M.Hüseynovun işgəncə ilə bağlı dediklərini yalan adlandırmışdı.