Putin-lə Trump-ın telefon söhbəti təşkil edilir

D.Trump və V.Putin

Rusiya prezidenti Vladimir Putin-lə ABŞ prezidenti Donald Trump-ın telefon söhbətinin tarixi tezliklə razılaşdırılacaq. Bunu V.Putin-in sözçüsü Dmitry Peskov deyib. O, prezidentlərin görüşəcəyi tarixlə bağlı, hələ ki, məlumatı olmadığını, ancaq Xarici İşlər Nazirliyinin telefon söhbəti məsələsinə baxdığını deyib.

D.Peskov həm də prezidentlərin əməkdaşlığının detalları haqda danışmağın tez olduğunu bildirib.

D.Trump fəaliyyətə başlayandan sonra Rusiyayla münasibətləri yoluna qoyacağına söz verib. Ağ ev isə radikal islamçı qruplarla mübarizənin ABŞ-ın xarici siyasətinin prioriteti olacağını, lazım gəlsə, bundan ötrü ABŞ-ın birgə hərbi əməliyyatlar keçirəcəyini bildirib.

Rusiyanın xarici işlər naziri Sergei Lavrov deyib ki, Birləşmiş Ştatlarla Rusiyanın maraqları üst-üstə düşür və Moskva D.Trump administrasiyasının təkliflərini müzakirə etməyə hazırdır.