Cocuq Mərcanlı minalardan təmizlənəcək

Minadan təmizləmə.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində minalardan təmizlənmə işləri həyata keçirəcək.

Bu haqda ANAMA-nın əməliyyatlar üzrə baş mütəxəssisi Adil Aslanov məlumat verib.

O, Trend-ə deyib ki, həmin kəndin ərazilərində çoxlu sayda döyüş sursatlarının və minaların olması ehtimalı var:

Buna da bax:​ Qarabağ və Naxçıvanda təhlükəli silahlar var

“Həmin ərazilərdə təmizləmə işlərinin aparılması planlaşdırılır. İlkin olaraq kəşfiyyat işləri həyata keçirmək nəzərdə tutulur. Ərazinin 3 milyon kvadrat metr olacağı qənaətindəyik”, deyən A.Aslanov növbəti həftə kəndə səfər edəcəklərini bildirib.

Xatırlatma

Ölkə başçısı bir gün əvvəl, yanvarın 24-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, bərpa işlərinə 4 milyon manat ayrılıb.

Kənddə birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi planlaşdırılır.

Buna da bax:​ Elmar Məmmədyarov Lavrovla görüşüb

1993-cü ildə Ermənistan silahlı birlikləri bu kəndi işğal edib. Bir il sonra kənd işğaldan azad edilib.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib. Cəbrayıl rayon mərkəzi də hazırda işğal altındadır.