Hesablama Palatası Qubada pozuntular aşkarlayıb

Hesablama Palatası

Qubada yolların çəkilişi zamanı pozuntulara yol verildiyi bildirilir. Tikinti işlərinin qrafik üzrə icra edilmədiyi, texniki təminat müddətləri nəzərə alınmadan ödənişlər həyata keçirildiyi qeyd edilir.

Bunların Hesablama Palatasının dövlət büdcəsindən Quba Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin auditi zamanı üzə çıxdığı deyilir. Audit 2014-2015-ci illərdə ayrılmış 19 milyon 710 min manat vəsaiti əhatə edib. Hesabat yanvarın 27-si açıqlanıb.

Buna da bax:​ Goranboy icra hakimiyyətində nöqsanlar

Həmin vəsaitlər rayonun Afurca, Qımılqışlaq kənd məktəblərinin, 4 istiqamətdə yolların tikintisində istifadə olunmalı idi.

Auditin hesabatında qeyd edilib ki, məktəb tikintiləri zamanı nöqsanlara yol verilib, qüvvədə olan qaydalara əməl edilməyib. 220 yerlik Qımılqışlaq, 120 yerlik Afurca kənd orta məktəbinin tikintisində akt zalının, laboratoriyaların, kitabxananın, idman zallarının sahəsi normativlərə uyğun olmayıb. Sahələr əslində təsdiq olunan normalardan az layihələndirilib.

Rayonda 4 istiqamətdə yolların salınması zamanı da nöqsanların olduğu açıqlanıb.

Buna da bax: Naxçıvanda 1 manat qazanıb, 5 manat xərcləyirlər

Hesabatda bildirilir ki, yolların istismara qəbulu təmin edilməyib, dəmir-beton siqnal dirəkləri quraşdırılmayıb. Yolların müəyyən hissələrində bərkidilmə işləri də yerinə yetirilməyib.

Kapital qoyuluşuna yönəldilən vəsaitlərin isə ümumiyyətlə uçotunun aparılmadığı vurğulanır.

Hesablama Palatası auditin nəticələrini müzakirə etdikdən sonra yol verilmiş nöqsanların qısa müddətdə aradan qaldırılmasını nəzərdə tutan qərar qəbul edib.

Buna da bax:​ Hesablama Palatasına yeni səlahiyyət verilir

Xatırlatma

Azərbaycanda Hesablama Palatası 2001-ci il iyunun 12-də yaradılıb. Palata həmin il dekabrın 7-dən rəsmən fəaliyyət göstərir.

Palata büdcə vəsaitlərindən istifadənin auditini aparır. Auditlərin nəticələri barədə ictimaiyyətə bilgi verilir.

Quba rayon İcra Hakimiyyəti qurumun sonuncu açıqlamasını şərh etməyib.