ABŞ prezidenti Donald Trump baş prokuror vəzifəsini icra edən Sally Yates-i cəzalandırıb. Onu başqasıyla—Virciniya təmsilçisi Dana Boente ilə əvəzləyib. Səbəb S.Yates-in prezidentin müsəlmanlarla bağlı qadağasına qarşı çıxmasıdır. Xanım S.Yates bu qadağanın qanuniliyinə şübhə etdiyini, məhkəmədə prezidentin qərarını müdafiə etməyəcəyini söyləyib.
D.Trump S.Yates-i xəyanətdə günahlandırıb, onun qanunsuz miqrasiya məsələsində zəif olduğunu deyib.
S.Yates-i baş prokurorun müavini vəzifəsinə keçmiş prezident Barack Obama təyin etmişdi. Yenisi təyin olunana qədər nazir vəzifəsini onun icra edəcəyi gözlənirdi.
D.Trump-ın qərarına etiraz edən təkcə S.Yates deyil. Vaşinqton ştatı, müsəlmanların və vətəndaşların haqlarının müdafiəsiylə məşğul olan qruplar məhkəməyə müraciət ediblər.
D.Trump-ın yanvarın 27-də imzaladığı sərəncama əsasən, bəzi müsəlman ölkələri vətəndaşlarının Birləşmiş Ştatlara səfərlərinə 90 günlük qadağa qoyulub.
Amerikada baş prokuror ədliyyə nazirliyinin rəhbərinə deyilir. Baş prokuror hüquq-mühafizə orqanlarının fəaliyyətinə nəzarət edir.