Fevralın 11-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun sədrliyi ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpasına qatılacaq tikinti şirkətlərinin iştirakı ilə müşavirə keçirilib. Bu barədə komitədən fevralın 13-də xəbər yayılıb.
Məlumatda qeyd edilir ki, bu günlər prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, həmin ərazidə 50 fərdi yaşayış evinin, 96 şagirdlik məktəb binasının və müvafiq infrastrukturun tikintisinə başlanacaq.
Layihəyə uyğun, ərazidə 20 ədəd 2-otaqlı, 25 ədəd 3-otaqlı, 5 ədəd 4-otaqlı mənzillər inşa ediləcək. Yol-küçə şəbəkəsinin tikintisi, abadlıq və yaşıllaşdırma işləri də həyata keçiriləcək. Yaşayış kompleksi elektrik enerjisi, qaz, su ilə tam təchiz olunacaq.
Diqqətə çatdırılıb ki, növbəti mərhələdə bu ərazidə 200 ailəlik qəsəbənin tikintisi planlaşdırılır.
Prezident İlham Əliyev bu il Cocuq Mərcanlının bərpası ilə bağlı sərəncam verib. Sərəncama əsasən, ilkin olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 4 milyon manat vəsait ayrılıb. Prezidentin başqa bir sərəncamı ilə də qəsəbəyə yol çəkilişinə 4.3 milyon manat ayrılması nəzərdə tutulur.
Cocuq Mərcanlı kəndi 1993-cü ildə işğal edilib. 1994-cü ildə isə azad edilib. Ancaq ətraf yüksəkliklər Ermənistan silahlı qüvvələrinin nəzarətində olduğundan orada yaşamaq təhlükəli olub. 2016-cı ilin aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad olunması ilə bu təhlükə aradan qalxıb.
Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.
2016-cı ildə, əvvəlki illərlə müqayisədə, cəbhədə atəşkəs halları daha çox pozulub. Həmin il aprelin 2-dən 5-nə kimi hətta cəbhədə iri silahların işə düşməsi nəticəsində hər iki tərəf itkilər verib. Aprelin 5-də Moskvada qərargah rəislərinin görüşündə hərbi əməliyyatların dayandırılması ilə bağlı razılıq əldə edilib. Ancaq, hələ də, tərəflər bir-birini atəşkəs pozuntusunda günahlandırır.