Səfirlik işçiləri Cocuq Mərcanlıda

Xarici jurnalistlər Cocuq Mərcanlıda.

Fevralın 15-də xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndələrinin və beynəlxalq təşkilatların rəhbərlərinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfəri təşkil olunub.

Səfəri Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi təşkil edib.

APA-nın xəbərinə görə, komitənin sədri, baş nazirin müavini Əli Həsənov 55 nəfərlik nümayəndə heyətinə kənd haqda məlumat verib.

Baş nazirin müavini deyib ki, Cocuq Mərcanlı Ermənistanın işğalında qaldığı 5 ay ərzində xarabalığa çevrilib. Komitə sədri ermənilərin uzun illər Lələtəpə yüksəkliyindən kəndi atəş altında saxladığını bildirib.

Ötən ilin aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad edilməsi ilə kəndə təhlükə aradan qalxıb.

Komitə sədri deyib ki, ölkə prezidentinin fərmanına əsasən, kənddə salınacaq yeni yaşayış massivindən ötrü nəzərdə tutulan 10 hektar ərazinin 60 faizində minadan təmizlənmə işləri aparılır.

Ə.Həsənov bu zaman su quyusundan 5 ədəd partlamamış minaatan mərmisinin aşkarlandığını da diqqətə çatdırıb.

Prezident yanvarın 24-də bu kəndin bərpası ilə bağlı sərəncam verib. Sənəddə ilkin olaraq Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinə 4 milyon manat pul ayrılıb. Kənddə birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi planlaşdırılır. Bundan başqa, dövlət başçısı kəndin yol çəkilişindən ötrü də 4.3 milyon manat ayırıb.

XATIRLATMA

Cocuq Mərcanlı kəndi 1993-cü ildə işğal olunub, 1994-cü ildə Horadiz və ətraf qəsəbələrlə birlikdə azad edilib.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

2016-cı ildə, əvvəlki illərlə müqayisədə, cəbhədə atəşkəs halları daha çox pozulub. Həmin il aprelin 2-dən 5-nə kimi hətta cəbhədə iri silahların işə düşməsi nəticəsində hər iki tərəf itkilər verib. Aprelin 5-də Moskvada qərargah rəislərinin görüşündə hərbi əməliyyatların dayandırılması ilə bağlı razılıq əldə edilib. Lələtəpə yüksəkliyi də həmin vaxt azad edilib.