Məhkəmə Nardaran məhbusunun işgəncə iddiasını rədd etdi

"Nardaran işi" məhkəmə prosesi.

Bu gün fevralın 21-i Bakı Apellyasiya Məhkəməsi “Nardaran işi” üzrə həbs olunmuş Şamil Abduləliyevin şikayətini rədd edib. Məhkəmə onun işgəncəyə məruz qalması barədə iddialarını qəbul etməyib.

Apellyasiya şikayətinə Həsən Əhmədovun sədrlik etdiyi məhkəmə heyəti baxıb.

Ş.Abduləliyevin vəkillərindən Elçin Sadıqov proses zamanı deyib ki, Nardaran olaylarında müdafiə etdiyi şəxs 3 güllə yarası alıb. Hazırkı hüquqi situasiyayadək bu olay detallı araşdırılmayıb.

Buna da bax:​ 'Nardaran işi-3': 'Şeyxin gəlməsini gözləyirdik...'

Vəkilin sözlərinə görə, bundan əlavə, Ş.Abduləliyev ağır yaralar alsa da, onun müalicə almasından ötrü gərəkli addımlar atılmayıb.

O, qeyd edib ki, Ş.Abduləliyevin Avropa Konvensiyasının 3-cü maddəsində (İşgəncələrin qadağan olunması) nəzərdə tutulan hüquqları pozulub. Vəkil şikayəti üzrə aşağı məhkəmənin qərarının ləğv edilməsini tələb edib.

Məhkəmə heyəti tələbi rədd edib.

Ş.Abduləliyev “Müsəlman Birliyi” Hərəkatının rəhbəri Taleh Bağırovla mühakimə olunub və 14 il 6 ay azadlıqdan məhrum edilib. Bundan əvvəl onunla mühakimə olunan və 19 il həbs cəzası alan C.Cabbarovun da işgəncə şikayəti təmin edilməmişdi.

Buna da bax:​ Nardaran məhbusu: ‘İlham Əliyevin iki dəfə vəkili olmuşam...’

XATIRLATMA

2015-ci il noyabrın 26-da güc orqanları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçiriblər. Əməliyyatda ikisi polis olmaqla, 6 nəfər həlak olub. Həmin gün «Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov və onun bir qrup tərəfdarı həbs edilib. Sonradan güc strukturları ümumilikdə 70 nəfərin həbs edildiyini bildirib. Ancaq hüquq müdafiəçilərinin siyahılarında bu rəqəm 87 göstərilir.

Onların bir qisminə silah saxlama ittihamı ilə 1 il 6 aydan 6 il 6 aya kimi həbs cəzası kəsilib.

40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

Buna da bax:​ Nardaran məhbusunun işgəncə şikayəti təmin edilmədi

Onların işi üç qrupa ayrılıb və Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

«Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. Onlara 20 ildən 10 ilə kimi həbs cəzaları verilib.

Hər biri 12 nəfərdən ibarət daha iki qrupun məhkəməsi isə davam edir. Təqsirləndirilən şəxslər ittihamları qəbul etmir, Nardaran əməliyyatındakı iki polisi elə öz həmkarlarının qətlə yetirdiyini bildirirlər. Onlar tutulanda və istintaq müddətində işgəncələrə məruz qaldıqlarını bəyan ediblər.

Buna da bax: Leyla Yunus: ''Nardaran işi'' ilə bağlı hesabat hazırlanacaq'

Daxili İşlər Nazirliyi (DİN) isə onların dediklərini təkzib edib. Üstəlik, məhkəmədə ifadə verən DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları dindarlara tutulanda və ondan sonra işgəncə verilməsi ilə bağlı deyilənləri də yalanlayıblar.