2 gün öncə toyu olan inanclı Fikrət Məmmədovun martın 6-da Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (“Bondotdel”) aparıldığı bildirilir.
Bu haqda hüquq müdafiəçisi Oktay Gülaliyev məlumat yayıb.
Hüquq müdafiəçisinin sözlərinə görə, əvvəlcə F.Məmmədovun atası və qardaşı polisə aparılıb.
“Sonra isə onları buraxıb Fikrət Məmmədovu aparıblar. Az öncə aldığım məlumata görə isə “Müsəlman Birliyi” Hərəkatının üzvü Əhsən Nuruzadə və digər bir dindar - “İmamzaman” məscidinin axundu Hacı Habil də “Bandotdel”ə aparılıb”, hüquq müdafiəçisi deyib.
Buna da bax: 'Nardaran işi-2': 'Mənə dedilər 'bandotdel'i polis bölməsi ilə səhv salma'
Onun deməsinə görə, inanclı insanların polisə aparılması iki gün əvvəl F.Məmmədovun dini qaydalara uyğun keçirilmiş toy mərasimi ilə bağlıdır.
“Aldığım məlumata görə “Bandotdel”in əməkdaşları toyun video diskini əldə ediblər və toyda iştirak edənlərin şəxsiyyətini müəyyənləşdirmək istəyirlər. Polisi qəzəbləndirən “Müsəlman Birliyi” Hərəkatının həbsdə olan rəhbəri Taleh Bağırovun toya, konkret olaraq yeni ailə quran Fikrət Məmmədova təbrik göndərməsi olub. Toyda təbriki Əhsən Nuruzadə çatdırıb. Bəyə “Müsəlman Birliyi” Hərəkatının loqosunu hədiyyə edib”, hüquq müdafiəçisi bildirib.
Daxili İşlər Nazirliyindən bu deyilənlərlə bağlı, hələlik, münasibət almaq mümkün olmayıb.
Buna da bax: 'Nardaran işi-2': 'Dedilər imzalamasan arvadını tutub, silahı onun adına yazacağıq'
“Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırov Nardaran olayları zamanı saxlanaraq 20 il azadlıqdan məhrum edilib.
Xatırlatma
2015-ci il noyabrın 26-da güc orqanları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçiriblər. Əməliyyatda ikisi polis olmaqla, 6 nəfər həlak olub. Həmin gün «Müsəlman Birliyi Hərəkatı»nın sədri Taleh Bağırov və onun bir qrup tərəfdarı həbs edilib. Sonradan güc strukturları ümumilikdə 70 nəfərin həbs edildiyini bildirib. Ancaq hüquq müdafiəçilərinin siyahılarında bu rəqəm daha çox göstərilir.
Onların bir qisminə silah saxlama ittihamı ilə 1 il 6 aydan 6 il 6 aya kimi həbs cəzası kəsilib.
40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.
Buna da bax: Sabir Həsənli: 'Heydər məscidində biz vəhdət namazına nail olmuşuq'
Onların işi üç qrupa ayrılıb və Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
“Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. Tale Bağırova 20 il, Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Fuad Qəhrəmanlıya 10 il, digərlərinə 10 ildən 20 ilədək həbs cəzası verilib.
Hər biri 12 nəfərdən ibarət daha iki qrupun məhkəməsi isə davam edir. Təqsirləndirilən şəxslər ittihamları qəbul etmir, Nardaran əməliyyatındakı iki polisi elə öz həmkarlarının qətlə yetirdiyini bildirirlər.
Buna da bax: 'Nardaran işi-2': 'Biz insan kimi yaşamaq istəyirik...'
Daxili İşlər Nazirliyi (DİN) isə onların dediklərini təkzib edib. Üstəlik, məhkəmədə ifadə verən DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları dindarlara tutulanda və ondan sonra işgəncə verilməsi ilə bağlı deyilənləri də yalanlayıblar.