Sadə sual: Cərmədil dağındakı boruları kim satır?

Arxiv fotosu.

“Ağına-bozuna baxmadan qarşılarına çıxan boruları doğrayıb satırlar. İndi xəbər tutmuşam ki, mərhum atamın əmlakı olmuş borular da oğurlanıb satılıb. Əmlakımızı oğurlayıb satanlar bəlli olsa da, cəzalandırılmır”.

Rusiya Federasiyasının Nijni Novqorod şəhərində yaşayan Mehman Quliyev AzadlıqRadiosu-na danışıb ki, Göyçayda – Cərmədil dağında keçmiş kolxozun ərazisində olan və mərhum atasına məxsus 300 metr uzunluğunda boru oğurlanaraq satılıb. O, əvvəl elə düşünüb ki, borunu son vaxtlar kəndlərə darışmış oğrular “yoxa çıxarıb”. Ancaq sonradan məlum olub ki, əmlakı əmanət etdiyi dövlətin məmurları “oğurlayıb”:

Buna da bax:​ 7 il əvvəlki daşqının bugünkü fəsadları...

“Təklif etdi ki, bu işdən əl çək, başçı sənə...”

“Evimizdə, həyətimizdə oğurluq olanda, dövlət qurumlarına müraciət edirik, təhlükəsizliyimizin qorunmasını, oğruların tapılıb cəzalandırılmasını istəyirik. İndi hər şey tərsinə olub. Əlindən qoyduğun yoxa çıxanda, ya hansısa məmurdan, ya da bələdiyyədən tapılır. Mərhum atam sovet vaxtı kolxozda işləyib. Kolxoz dağılandan sonra - əmlakı bölüşdürüləndə, atamın payına 300 metr boru düşüb. Təxminən 6 min manat dəyərində 300 metr boru idi. Bizim əmlakımız olmasına dair sənədimiz də var. Qaraməryəm bələdiyyəsi bizimlə razılaşdırmadan, halallığını almadan borunu çıxarıb Nazim və Elsevər adlı şəxslərə satıb”.

Martın 6-da Göyçay Rayon İcra Hakimiyyətinin nümayəndəsi Mehman Quliyevin evinə gələrək onunla söhbət edib. Mehman Quliyevin sözlərinə görə, həmin nümayəndə ona şikayətini geri götürməsini təklif edib: “Mənim rayonda bir sahəm var, təklif etdi ki, bu işdən əl çək, başçı sənə həmin sahəndə obyekt tikintisinə icazə versin. Razılaşmadım”.

Buna da bax: Örüş yerlərinin şumlanması yüzlərlə fermeri ayağa qaldırdı

Mehman Quliyev Göyçay Rayon Polisinə və Daxili İşlər Nazirliyinə ərizə və teleqramla müraciət edib. Dediyinə görə, ərizəsi araşdırılmır, əksinə, şikayətini geri götürməsi üçün ona təsir göstərilir.

“İzahatı alınıb”

Göyçay Rayon Polisindən “Qaynar xətt”ə bildirilib ki, Mehman Quliyev şöbəyə 300 metr uzunluğunda borunun bir qrup şəxs tərəfindən oğurlanması ilə bağlı ərizəylə müraciət edib. O, ərizənin araşdırılması üçün şöbəyə dəvət olunub və izahatı alınıb.

Bələdiyyə sədri: “Bunu kimlər edir, bilirəm”

Buna da bax:​ Vaqon yanıb, gənc ailə küçədə yaşayır

Qaraməryəm bələdiyyəsinin sədri Fəqan Şamilov AzadlıqRadiosu-na bildirib ki, sahələrdən su borularının kəsilib satılması ilə heç bir əlaqəsi yoxdur: “Bunu kimlər edir, bilirəm. Lazım olan yerə də məlumat verəcəyəm”.

Qaraməryəm kəndinin sakinləri daha əvvəllər də AzadlıqRadiosu-na əkin sahələrindən keçən su borularının qazılaraq çıxarıldığını və satıldığını bildirmişdilər. Onlar da bu işdə bələdiyyəni günahlandırmış, ancaq bələdiyyə sədri həmin məsələylə heç bir əlaqəsi olmadığını söyləmişdi.